Təhsildə milli-mənəvi və ailə dəyərlərinin təbliği mövzusu müzakirə olundu

15 may 2025 20:19

Paylaş:

15 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib. Tədbir 15 May – Beynəlxalq Ailə Gününə həsr olunub və “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində baş tutub.

Konfransı açan BDU-nun rektoru Elçin Babayev sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verib. Komitə sədri çıxışı zamanı bildirib ki, bu gün bütün dünyada 15 may tarixi Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

B. Muradova ailə institutunun cəmiyyətin dayanıqlığında və gənc nəslin formalaşmasında əvəzolunmaz rolundan söz açıb, ailə dəyərlərinin təhsil prosesi vasitəsilə gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, qlobal çağırışlara uyğun olaraq ailə institutunun möhkəmləndirilməsi və milli dəyərlərimizin yaşadılması istiqamətində ciddi işlərin həyata keçirildiyini vurğulayaraq, hazırda Ailə Konsepsiyasının hazırlandığını bildirib. Komitə sədri bu sənədin yalnız yol xəritəsi deyil, həm də gələcək nəsillərin sağlam və milli dəyərlərə əsaslanan şəkildə formalaşmasını təmin edəcək siyasətin və fəaliyyətin istiqamətlərini müəyyənləşdirəcəyini qeyd edib.

B.Muradova bildirib ki, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələr, eyni zamanda onun ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin milli ruhda tərbiyəsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün əsas istiqamətverici amillərdir.

Ailə institutunun dayaqlarını sarsıdan təsirlərdən danışan sədr, xüsusilə televiziyada yayımlanan bəzi verilişlərdə ailə institutuna zidd halların təqdim olunmasının cəmiyyətdə narahatlıq doğurduğunu və bu məsələnin gündəlik müzakirə mövzusuna çevrildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının ictimai fəaliyyəti çərçivəsində aparılan təbliğat və maarifləndirmə işləri xüsusi əhəmiyyət daşıyır: “Bu sahədə müvafiq dövlət qurumları və QHT-lər arasında əməkdaşlıq genişləndirilir, ailə dəyərlərinin qorunması məqsədilə müxtəlif layihələr icra olunur”.

Komitə sədri bildirib ki, məktəbəqədər müəssisələrdə təlim və tərbiyə prosesinin uğurlu aparılması üçün ailənin rolu həlledicidir və bu məsələdə valideynlərin maarifləndirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.

Bahar Muradova xarici dildə təhsil verən məktəblərdə ana dili, milli tarix və mədəniyyətə dair dərsliklərin mövcudluğunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O əlavə edib ki, təhsil siyasətində rəqəmsal transformasiya və mənəvi sağlamlığın strateji hədəf kimi qəbul edilməsi, bu dəyərlərə əsaslanan maariflənməni ön plana çıxarır.

Çıxış edən BDU-nun rektoru Elçin Babayev qloballaşma dövründə, yeni reallığa qədəm qoymuş ölkəmizdə yeniyetmə və gənclərin layiqli şəxsiyyət və vətəndaş kimi formalaşmasında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması, geniş tədqiq və təbliğ olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Rektor təhsilin innovativ texnologiyalar tətbiq edilməklə müasir tələblərə uyğunlaşmalı və yeni metodlarla zənginləşdirilməli olduğunu qeyd edib və bütün bunların milli-mənəvi dəyərlər bazası üzərində qurulmalı, elmi biliklər, geniş dünyagörüşü mənəvi dəyərlərimizə söykənməli, onların davamlı inkişafını təmin etməli olduğunu əlavə edib. O, BDU-da tələbələr arasında milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrıldığını, təhsilalanlara bu dəyərlərin təbliği istiqamətində müntəzəm tədbirlərin keçirildiyini, ailə dəyərləri, adət-ənənələrimizin aşılanması istiqamətində səmərəli iş aparıldığını söyləyib.

Açılış nitqləri dinlənildikdən sonra dövlət rəsmiləri və elm xadimləri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı, İnsan Hüquqları Komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc, ailə institutunun sosial siyasətdəki yerini təhlil edib və milli dəyərlərin qorunmasında təhsilin mühüm roluna toxunub.

Milli Məclisin deputatı Mehriban Vəliyeva, çıxışında ailə modelinin təməlində dayanan dəyərlərin təhsil mühitində təbliğinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan ailəsi öz uzunömürlülüyü, sabitliyi, milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir və bu model cəmiyyətin inkişafında mühüm rol oynayır: “Ailə qlobal təhdidlərə qarşı ən güclü istehkam, ictimai strukturumuzun təməlidir. Ailə bizi qoruyan mənəvi bir səngərdir”.

Ailənin həm ictimai institut, həm də milli kimliyin daşıyıcısı kimi dövlətin daim diqqətində olduğunu qeyd edən deputat, ailə münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi üçün mühüm addımların atıldığını deyib.

M.Vəliyeva vurğulayıb ki, dövlət ailə institutunun qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir: ”Dövlətimiz hər zaman ailəni himayə edib və bu sahədə həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri sağlam və güclü ailə modelinin qorunması və inkişaf etdirilməsidir”.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, postmodernizm dövründə sürətli inkişafın nəticəsi olaraq yeni dəyər anlayışının yarandığını qeyd edib. O, mənəvi dəyərlərin cəmiyyətdə, xüsusilə də gənc nəsil arasında möhkəmləndirilməsi üçün onların düşüncə tərzinə uyğun layihələrin əhəmiyyətini vurğulayıb. Ənənəvi dəyərlərin dini və mədəni kontekstdə qorunmasının zəruriliyindən danışıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ənənəvi dəyərlərin və ailə institutunun qorunmasının Elm və Təhsil Nazirliyi və onun tabeli qurumlarında da prioritet mövzulardan biri olduğunu qeyd edib və fondun bu sahədəki fəaliyyətindən, eləcə də Komitə ilə birgə reallaşdırılan “Qızların təhsilinə dəstək” proqramı çərçivəsində bir sıra layihələrdən danışıb. O, təhsil prosesinin təkcə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmadığını deyib, onu həm də vətəndaşın dünyagörüşünün, əxlaqi və milli kimliyinin bərqərar olduğu mühit kimi qiymətləndirib: “Bu baxımdan ailə və təhsil sistemləri bir-birini tamamlayan iki böyük sütundur”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov texnologiya və rəqəmsallaşma dövründə ailə dəyərləri və ailədaxili münasibətlərin qorunmasının əhəmiyyətinə toxunub.

Konfransın yekununda rektor Elçin Babayevin moderatorluğu ilə keçirilən müzakirələrdə ailə və milli dəyərlərin qorunması, eləcə də təhsil sistemində bu istiqamətdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.