Beynəlxalq əlaqələr

Beynəlxalq tədbirlər və görüşlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova WUF13 çərçivəsində keçirilən “Uşaqlar və gənclər dəyirmi masası”nda çıxış edib

Bahar Muradova: “Gəlin birlikdə elə şəhərlər,elə ictimai məkanlar quraq ki, orada hər ev uşaqların səsləri ilə dolu, hər kəs üçün yaşanıla bilən və dinc  olsun!”  21 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində “Uşaqlar və gənclər dəyirmi masası” təşkil olunub.  “Evlərimiz, gələcəyimiz: uşaqlar və gənclər üçün yaşana bilən şəhər mühitinin birgə dizaynı” mövzusuna həsr olunan tədbirin məqsədi uşaqlar və gənclərin şəhər idarəçiliyi, yaşayış mühiti və urbanizasiya proseslərində qərarverici tərəf kimi iştirakının təşviqi, onların hüquq və ehtiyaclarının şəhər siyasətində nəzərə alınması olub. Dəyirmi masada açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclərin və uşaqların təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitində yaşamasının əhəmiyyətindən danışıb. O, dəyirmi masanı uşaqların və gənclərin təhlükəsiz, inklüziv və inkişafyönümlü şəhər mühitində yaşamaq hüquqlarının, qərarvermə proseslərində iştirakının təmin olunması istiqamətində mühüm müzakirə platforması kimi qiymətləndirib. Dövlət Komitəsinin sədri Azərbaycanda uşaqların müdafiəsinin, təhlükəsiz və inklüziv mühitdə inkişafının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunmuş strategiya və normativ-hüquqi mexanizmlərdə öz əksini tapdığını qeyd edib.  B.Muradova, uşaqlar üçün yaradılan əlverişli mühitin bütövlükdə cəmiyyətin rifahına xidmət etdiyini deyib və WUF13 çərçivəsində keçirilən müzakirələrin gələcək şəhər siyasətlərində uşaq hüquq və maraqlarının daha güclü nəzərə alınmasına töhfə verəcəyinə inamını ifadə edib. Çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycanın beynəlxalq əməkdaşlığa və multikultural dəyərlərə açıq ölkə kimi formalaşdığını vurğulayaraq, ölkədə keçirilən beynəlxalq tədbir və təşəbbüslərin gənclərin qlobal proseslərdə daha fəal iştirakına imkan yaratdığını qeyd edib. O, gənclərin təşəbbüslərinin dəstəklənməsinin, onların qərarvermə və ictimai proseslərdə aktiv iştirakının vacibliyini diqqətə çatdırıb. Tədbirdə həmçinin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışı, eləcə də BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyenin videomüraciəti dinlənilib. Çıxışlarda uşaqlar və gənclərin şəhər planlaşdırılması proseslərinə cəlb olunması, iqlim dəyişikliklərinin urban mühitə təsiri, sosial bərabərliyin təmin olunması, təhlükəsiz və əlçatan yaşayış məkanlarının yaradılmasının vacibliyi qeyd edilib. Dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün gənclərin və uşaqların qərarvermə proseslərində iştirakının, adekvat mənzil, təhlükəsiz yaşayış mühiti, keyfiyyətli təhsil, mobillik və sosial imkanların hər kəs üçün əlçatan olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə çıxış edən gənc lider Nərgiz Əhmədzadə və Banqladeş Milli Uşaq İşçi Qrupunun uşaq hüquqları müdafiəçisi İmtiaz Ahmed şəhərlərin və icmaların inkişafında uşaqların təhlükəsizliyi, təhsilə çıxışı və iştirakçılıq hüququnun vacibliyini vurğulayıblar.  Kənd yerlərində və həssas icmalarda yaşayan uşaqların qarşılaşdığı sosial çətinliklərdən, təhlükəsiz yaşayış və təhsil mühitinin hər bir uşaq üçün əlçatan olmasının əhəmiyyətindən bəhs ediblər.  Açılışdan sonra keçirilən panel sessiyada gənclər tərəfindən hazırlanmış məlumatların və yerli təcrübələrin bələdiyyə və milli siyasətlərin formalaşdırılmasında nəzərə alınmasının vacibliyi vurğulanıb. Uşaqlar və gənclərin prioritetlərini əks etdirən siyasət tövsiyələri təqdim olunub, şəhərsalma və yaşayış siyasətində gənclərin iştirakını gücləndirəcək institusional mexanizmlərin yaradılması ilə bağlı çağırışlar səsləndirilib.

Ətraflı
Bahar Muradova ƏL Valid Xeyriyyə Təşkilatının Baş katibi ilə görüşüb

XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində 18 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Əl Valid Xeyriyyə Təşkilatının Baş katibi, UN-Habitatın xoşməramlı səfiri Şəhzadə Lamia bint Məcid bin Səud bin Əbdüləziz Al Səud ilə görüş keçirib. Bahar Muradova qonaqları salamlayaraq bildirib ki, Azərbaycan beynəlxalq əhəmiyyətli və mötəbər tədbirlərə uğurla ev sahibliyi edən ölkələrdən biridir. WUF kimi platformalar dövlətlər arasında fikir mübadiləsinin aparılması, qarşılıqlı təcrübə paylaşımı və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Komitə sədri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, əməkdaşlığın hər iki ölkəni məmnun edən istiqamətdə davam etdiyini vurğulayıb. O qeyd edib ki, xüsusilə İslam və ərəb ölkələrində, eləcə də türk dövlətlərində fəal və təşəbbüskar qadınların olması qürurvericidir. Bahar Muradova təşkilatın fəaliyyəti ilə yaxından tanış olduğunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb. Bildirib ki, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı və sosial layihələrdə ön sıralarda yer alması mühüm əhəmiyyət daşıyır. Komitə sədri, həmçinin ailə, qadın və uşaq məsələləri, insan kapitalının inkişafı, gender bərabərliyi kimi istiqamətlərdə həyata keçirilən tədbirlərin miqyasının son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib və Azərbaycanda ailə, qadın və uşaq siyasəti istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, cəmiyyətdə zorakılıq halları baş verdikdə onların qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və preventiv tədbirlərin həyata keçirilməsi üçün müvafiq mexanizmlər tətbiq olunur. Bahar Muradova qadın sahibkarlığının dəstəklənməsi istiqamətində görülən işlər, eləcə də şəhid şəhid xanımlarına dövlət tərəfindən göstərilən sosial və təhsilə dəstək layihələri barədə məlumat verib. Lamia bint Majid bin Saud bin Abdulaziz Al Saud görüş təşəbbüsünü dəstəklədiyinə görə Bahar Muradovaya təşəkkürünü bildirib və rəhbərlik etdiyi fondun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, “Gələcəyə Baxış 2030” proqramı çərçivəsində Səudiyyə Ərəbistanında mühüm və köklü islahatlar həyata keçirilib. Xüsusilə qadın hüquqlarının müdafiəsi, onların səlahiyyətlərinin artırılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Fond rəhbəri qadınların rəqəmsal bacarıqlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gender inklüzivliyi layihələri istiqamətində də müxtəlif təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, təşkilat tərəfindən yalnız sosial layihələr deyil, eyni zamanda qadınlara psixoloji və tibbi dəstək tədbirləri də həyata keçirilir, onların iqtisadi cəhətdən gücləndirilməsi məqsədilə maliyyə dəstəyi və müxtəlif qrant proqramları təqdim olunur. Lamia bint Majid bin Saud bin Abdulaziz Al Saud rəqəmsal təşəbbüslərin dəstəkləndiyini, süni intellekt əsaslı layihələrin icrası istiqamətində araşdırmalar aparıldığını bildirib. Onun sözlərinə görə, tanınmış universitetlərin dəstəyi ilə həyata keçirilən tədqiqatlarda gələcəkdə süni intellektin daha çox tətbiq olunacağı peşə sahələri və əmək bazarına təsiri araşdırılır. Fond rəhbəri əlavə edib ki, həyata keçirilən tədqiqat layihələri çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdırlar. Sonda tərəflər qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və davamlı inkişaf sahəsində birgə təşəbbüslərin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Ətraflı
Böyük Britaniya səfiri Ferqus Ould ilə vida görüşü keçirilib

1 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova, fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə səfir F.Oulda təşəkkürünü bildirib. B.Muradova iki ölkə arasında əməkdaşlığın xüsusilə də regionlarda yaşayan qadınların gücləndirilməsi istiqamətində mühüm nəticələr verdiyini deyib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti icmaların daxili potensialının gücləndirilməsinə və qadınların ictimai-iqtisadi fəallığının artırılmasına yönəlib. Bu siyasət nəticəsində qadınların rəhbərlik etdiyi ailə və kəndli təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda sahibkar qadın assosiasiya və təşkilatları formalaşıb. Azərbaycan Respublikasının İqtisadiyyat, eləcə də Kənd Təsərrüfatı Nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri icmaların inkişafına mühüm töhfə verir. Bu çərçivədə qadınların rəhbərlik etdiyi təsərrüfatlar, xüsusilə özünüməşğulluq proqramları vasitəsilə təşviq olunur və onların iqtisadi dayanıqlığı gücləndirilir. Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan B.Muradova, BMT çərçivəsində keçirilən müzakirələrdə, o cümlədən Pekin Fəaliyyət Platformasının icrası ilə bağlı ortaya çıxan yeni çağırışların ailə institutuna, rəqəmsal mühitdə qadın və uşaqların təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. Bu çağırışlarla mübarizə məqsədilə qanunvericilik təşəbbüsləri və praktik həllərin hazırlanması istiqamətində iş aparıldığını deyən sədr, birgə səylərin vacibliyindən danışıb. Səfir Ferqus Ould, iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərini xüsusilə sosial siyasət, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Ölkəsi üçün qadınlarla bağlı siyasətin əsas istiqamətlərdən biri olduğuna diqqət çəkən səfir, qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.

Ətraflı
“Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib. Panelin moderatoru AQEM Katibliyinin humanitar meyar üzrə eksperti İsmət Cahan tədbir iştirakçılarını salamlayaraq, ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin olunmasında qadınların roluna diqqət çəkib. İ. Cahan icmanın gücləndirilməsində qadınların böyük rola malik olduğunu, onların iştirak və qərarvermə prosesindəki rolunun artırılmasının əhəmiyyətini qeyd edib. Bu kontekstdə cari tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan moderator, müzakirələrin birgə səylərlə mühüm nəticələrə və dəyərli töhfələrə gətirib çıxaracağına inamını ifadə edib. Monqolustan Respublikasının Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Munkhzul Lkhagvasurençıxışında iqlim dəyişikliklərinin və ekoloji problemlərin ölkəsi üçün ciddi çağırışlar yaratdığını bildirib. O qeyd edib ki, qadınlar bu təsirlərdən daha çox zərər görsələr də, eyni zamanda ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas qüvvələrdir. M. Lkhagvasuren bildirib ki, Monqolustanda gender bərabərliyi və qadınların liderliyinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir, bu məqsədlə onların qərarqəbuletmə proseslərində iştirakı, resurslara və imkanlara çıxışı genişləndirilir. Növbəti panelçi Kamboca Krallığının Qadın İşləri Nazirliyinin dövlət katibi Man Chinda çıxışında iqlim dəyişikliklərinin ölkəsi üçün ciddi sosial-iqtisadi çağırışlar yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, qadınlar ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas aktorlardır. Bildirilib ki, qadınların qərarqəbuletmə proseslərində iştirakının genişləndirilməsi, onların resurslara və imkanlara çıxışının artırılması, eləcə də genderəhəssas yanaşmaların gücləndirilməsi dayanıqlı və inklüziv inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini qeyd edib. Ətraf mühitin qorunmasında gender balansının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan U. Tağıyeva ekoloji təşəbbüslərdə qadınların və gənc qızların, xüsusilə IDEA İctimai Birliyi kimi platformalar vasitəsilə yaşıllaşdırma, biomüxtəlifliyin qorusunması, maarifləndirmə layihələrində qadınların aktiv iştirakının müşahidə olunduğunu bildirib. Eyni zamanda Heydər Əliyev Fondunun fəaliyyətinin də bu sahədə xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb.

Ətraflı
“Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir keçirilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbir keçirilib. Tədbirin məqsədi qadın sahibkarlığının təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi çərçivə barədə məlumatlılığın artırılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Tədbirin moderatoru Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakına diqqət çəkərək qeyd edib ki, ölkəmiz müasir çağırışlar və gələcək vəzifələri nəzərə almaqla bir çox layihələrin müəllifidir. Azərbaycanın AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdiyini bildirən H.Hüseynova bu baxımdan keçirilən tədbirlər və AQEM Qadınlar Şurasının ilk iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Deputat qeyd edib ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb, qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bərabər hüquqi imkanlar yaradılıb. Eyni zamanda, Milli Məclisdə ictimai dinləmələr keçirilir, sahibkar qadınların təklifləri nəzərə alınır və qanunvericilik təşəbbüsləri davam etdirilir. Hicran Hüseynova tədbir çərçivəsində aparılan müzakirələrin qadın sahibkarlığının inkişafı ilə bağlı konkret nəticələrin əldə olunmasına və gələcək fəaliyyət üçün yol xəritəsinin hazırlanmasına xidmət edəcəyinə inamını ifadə edib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların iqtisadi fəallığının artırılmasının, onların sahibkarlıq imkanlarının genişləndirilməsinin sosial inklüzivliyin təmin edilməsi və davamlı iqtisadi inkişafın mühüm hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, qadın sahibkarlığının inkişafı üçün əlverişli mühitin yaradılması, qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirilməsi və effektiv dövlət dəstəyi mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri qadınların maliyyə resurslarına çıxışın genişləndirilməsi, təlim və mentorluq imkanlarının artırılması, eləcə də startap təşəbbüslərinin təşviqi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bahar Muradova qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, qərarqəbuletmə proseslərində iştirakının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin parlament və hökumət səviyyəsində əməkdaşlığın gücləndirilməsinin, qanunvericilik təşəbbüslərinin praktik ehtiyaclara uyğunlaşdırılmasının və siyasətlərin icrasına effektiv nəzarət mexanizmlərinin qurulmasının əhəmiyyətini qeyd edib. Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri  Çiğdem ErdoğanTürkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin qadınların inkişafı və iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Qadınların iqtisadi, sosial və ictimai həyatın bütün sahələrində fəal iştirakının zəruri olduğunu diqqətə çatdıran Ç. Erdoğan bildirib ki, Türkiyədə qadınların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bu məqsədlə hüquqi maneələr aradan qaldırılıb, çevik əmək modelləri və sosial dəstək mexanizmləri tətbiq olunub. Çiğdem Erdoğan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, qadın sahibkarlar üçün ortaq mentorluq şəbəkələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, qadınların iqtisadi güclənməsi təkcə sosial rifah deyil, həm də regional sabitlik və təhlükəsizliyin əsas amillərindən biridir. Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi  Nurqül Tau Qazaxıstanda cəmiyyətdə qadınların rolunun artırılması, potensialının üzə çıxarılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. N.Tau qadın sahibkarlığının inkişafı və qadınların təhsil imkanlarının genişləndirilməsi, o cümlədən innovasiya sahəsində iştirakının dəstəklənməsi layihələrini qeyd edib. Eləcə də bu tədbirlərin ölkədə iqtisadiyyatın inkişafına təsirini vurğulayıb. Nurqül Tau, AQEM Qadın Şurasının yaradılmasının regionda qadınların inkişafına, öz potensiallarını reallaşdırmasına və sahibkarlıq imkanlarının genişləndirilməsinə şərait yaratdığını deyib. Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, son illərdə qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib ki, bu da ölkədə müsbət iqtisadi dinamikanın göstəricisidir. Çıxışda vurğulanıb ki, qadınların beynəlxalq ticarət və tədbirlərdə iştirakı genişlənir, onların fəaliyyətinə kadr hazırlığı, layihə və müsabiqələr vasitəsilə dəstək göstərilir. Eyni zamanda sənaye, səhiyyə və turizm sahələrində qadın sahibkarlığı üçün geniş perspektivlərin mövcud olduğu, rəqəmsal imkanların inkişafının isə bu sahədə prioritet istiqamət təşkil etdiyi diqqətə çatdırılıb. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova kənd qadınlarının ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O, qadınların sahibkar kimi formalaşması üçün elektron xidmətlərin inkişafı və maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas prioritetlərdən olduğunu qeyd edib. Gülbəniz Qənbərova əlavə edib ki, regionlarda kollektiv qadın biznes modelləri genişlənir, qadınlar birgə fəaliyyət göstərərək istehsal və gəlirlərini artırır, həmçinin digər qadınların məşğulluğuna töhfə verirlər. Qeyd edib ki, dövlət tərəfindən subsidiya, güzəştli kredit və təlim proqramları vasitəsilə qadın sahibkarlığına dəstək göstərilir, hüquqi mexanizmlərin sadələşdirilməsi isə bu sahəyə çıxışı asanlaşdırır. Tədbirdə, həmçinin qadınların biznes fəaliyyətinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə və qeyri-maliyyə dəstək mexanizmlərinin inkişafı, hüquqi və institusional çərçivənin daha da gücləndirilməsi, eləcə də gender bərabərliyini təşviq edən siyasətlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ətraflı
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi

14 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan tədbirdə qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan, daha güclü əməkdaşlıq, bağlantılılıq, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişaf mövzusu üzrə sədrliyimiz sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətimizin mühüm tərkib hissəsidir. Pekin Bəyannaməsinin qadınların cəmiyyətin bütün sahələrində tam və bərabər iştirakını inklüziv inkişafın əsas şərti kimi vurğuladığını qeyd edən B. Muradova bildirib ki, rəqəmsallaşma, iqlim dəyişikliyi və iqtisadi transformasiya kimi müasir çağırışlar yeni yanaşmalar tələb edir. Bugünkü müzakirələr də bu səbəbdən çox vacibdir. “Qadınların rəqəmsal inkişafda, o cümlədən süni intellekt və innovasiyada iştirakının genişləndirilməsi dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir” - deyən Komitə sədri diqqətə çatdırıb ki, qadınların ətraf mühitin qorunmasında və iqlim fəaliyyətində liderliyi yalnız ekoloji dayanıqlığa deyil, həm də sosial-iqtisadi davamlılığa da töhfə verir. O, tərəfdaşlarla həyata keçirilən maarifləndirmə proqramlarının qadınların ekoloji inkişafda və uyğunlaşma proseslərində iştirakını dəstəklədiyini vurğulayıb və bildirib ki, bu səylər icma səviyyəsində liderliyi gücləndirir və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir. B. Muradova gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı illik hesabatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunduğunu, eyni zamanda Süni İntellekt Strategiyası, Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı kimi mühüm sənədləri diqqətə çatdıraraq, bildirib ki, bu sənədlər dövlət siyasətinin daha da gücləndiyini və rəqəmsal təhlükəsizliklə yanaşı, qadınların innovasiya və sahibkarlıqda iştirakına diqqətin artırıldığını nümayiş etdirir. Regional və beynəlxalq platformalarda dialoq və təcrübə mübadiləsinin daha inklüziv siyasətlərin formalaşdırılmasına kömək etdiyini qeyd edən Komitə rəsmisi vurğulayıb ki, bu tədbirə ev sahibliyi etmək və təcrübəmizi bölüşmək imkanı bizim üçün yüksək qiymətləndirilir: “Qadınların gücləndirilməsi sahəsində real nəticələrin əldə olunması hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıqlar tələb edir. Bildirib ki,, Qadınlar Şurasının yaradılması əməkdaşlığın yeni mərhələsini göstərir. Bu gün keçirilən ilk görüşün ideyaların praktiki fəaliyyətə çevrilməsi baxımından vacibliyini qeyd edib: “Bu gün, biz aydın addımlar və praktik həllər üzərində razılığa gəlməliyik. İndi güclü fəaliyyət və praktik addımlar zamanıdır ki, müzakirələrimizi real nəticələrə çevirək” - deyə o çıxışını yekunlaşdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cəmiyyətdə əsas məsələlərin müzakirəsi, xüsusilə də qadın sahibkarlığının inkişafı baxımından belə tədbirlərin mühüm rol oynadığını qeyd edib. Azərbaycanda qadınların daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin bir hissəsi olduğunu söyləyən L.Əliyeva bildirib ki, bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar: “Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir” - deyə o əlavə edib. O diqqətə çatdırıb ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji layihələr, o cümlədən heyvanların mühafizəsi, ağacəkilməsi, hava çirkliliyi və tullantıların azaldılması istiqamətində müxtəlif kampaniyalar həyata keçirilir ki, bu proseslərə də minlərlə fəal qadının cəlb olunması onların təbiətə olan sevgisinin göstəricisi kimi dəyərləndirilir. L. Əliyeva qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərinin fəal şəkildə dəstəkləndiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb. Çıxış edən AQEM-in Baş katibi Kayrat Sarıbay, qadınların gücləndirilməsinin əməkdaşlıq çərçivəsində milli icra proseslərinin ayrılmaz hissəsi olduğunu deyib. Bildirib ki, bu istiqamətdə qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi, qəbul olunmuş qərar və deklarasiyaların icrası, eləcə də dialoqun inkişafı mühüm əhəmiyyət daşıyır. O, qadınların liderlik və qərarvermə proseslərində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayıb və Asiya regionunda qadınların səsinin iqtisadiyyat, siyasət və ictimai proseslərdə hələ də kifayət qədər tanınmadığını bildirib. S.Karıbay əlavə edib ki, region üzrə əmək bazarında gender fərqi təxminən 20% təşkil edir, Azərbaycanda isə bu göstərici 50%-dir və bu, müsbət təcrübə kimi qiymətləndirilir. S.Karıbay, innovativ idarəetmə, sahibkarlıq, rəqəmsal təhlükəsizlik və iqtisadi idarəetmə sahələrində qadınların iştirakının artırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, gender bərabərliyi, qızların və qadınların hüquqlarının qorunması AQEM-in əsas strateji istiqamətlərindəndir. AQEM sədri, qadınların yoxsulluğun azaldılması, su resurslarının qorunması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. S.Karıbay əlavə edib ki, qadın sahibkarlığının inkişafı və onların kiçik və orta biznesdə iştirakının artırılması iqtisadi gücləndirmənin əsas istiqamətlərindəndir. O, AQEM Qadınlar Şurasının yaradılmasını mühüm institusional təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, Azərbaycanın sədrliyi çərçivəsində irəli sürülən bu təşəbbüs koordinasiya və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək. BMT Baş katibinin müavini, BMT Qadınlar qurumunun İcraçı direktoru Sima Sami Bahous tərəfindən videomüraciət dinlənilib. Qeyd edilib ki, qadınların liderliyi və iqtisadi gücləndirilməsi regionun dayanıqlı inkişafı və sabitliyi üçün əsas amildir. Qadınlar iqtisadiyyata böyük töhfə versələr də, hələ də aşağı maaşlı işlər, qeyri-rəsmi sektor və imkanların məhdudluğu kimi problemlərlə üzləşirlər. Onlar biznes sahibi olmaqda və qərarverici mövqelərdə kifayət qədər təmsil olunmurlar. Qadınların iqtisadi gücləndirilməsi isə onlara imkan, resurs və hüquqlar verərək bu problemlərin həllinə kömək edir və daha ədalətli iqtisadi mühit yaradır. Daha sonra “Qadınların gücləndirilməsi: milli siyasətdən beynəlxalq təşəbbüslərə” adlı film nümayiş etdirilib. Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil edilir. Eyni zamanda AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq.  

Ətraflı
Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində “Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ölkələri üzrə qadınların gücləndirilməsi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin dəstəyi ilə yan tədbir təşkil olunub. BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində “Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ölkələri üzrə qadınların gücləndirilməsi” mövzusunda keçirilən tədbirin məqsədi AQEM regionunda qadınların səlahiyyətlərinin artırılması, onların qərarqəbuletmə proseslərində iştirakının genişləndirilməsi və bu sahədə dövlətlər arasında daha sistemli və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələlərini müzakirə etmək olub. Panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qadınların idarəetmə və qərarqəbuletmə proseslərində geniş təmsil olunması regional sabitlik və davamlı inkişaf üçün vacibdir. Qadınların siyasi, iqtisadi və sosial həyatda fəal iştirakı yalnız gender bərabərliyi deyil, həm də inkişaf və təhlükəsizlik məsələsidir. Komitə sədri qızların təhsil hüququnun qorunması, erkən evlilik hallarının qarşısının alınması, qadınların hüquqi maarifləndirilməsi və iqtisadi imkanlara çıxışının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb. B.Muradova onu da bildirib ki, Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində Qadınlar Şurası yaradılıb və onun ilk iclasının 14 aprel 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılır. Panel müzakirəsində AQEM baş katibinin müavini Zhang Ling, Türkiyə Böyük Millət Məclisinin deputatı və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan, Qırğızıstanın BMT yanında daimi nümayəndəsi Aida Kasymalieva və BMT Qadınlar Təşkilatının Sülh və Təhlükəsizlik bölməsinin rəhbəri Paivi Kannisto da çıxış ediblər. Çıxışçılar qadınların gücləndirilməsi mövzusunda belə mühüm müzakirə platformasının təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək, bu təşəbbüsün AQEM məkanında əməkdaşlığın genişlənməsinə və qadınların qərarqəbuletmə proseslərində iştirakının artırılmasına töhfə verəcəyini vurğulayıblar. Qeyd edək ki, tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırovanın moderatorluğu ilə baş tutub və iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.  

Ətraflı
“Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci Sessiyasında “Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib. Sessiya çərçivəsində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək, sosial siyasət, qadınların gücləndirilməsi və cəmiyyətdə ailə dəyərlərinin təşviqi istiqamətində Azərbaycanın təcrübələri barədə ətraflı məlumat verib. C.Rəhmətullayeva qeyd edib ki, sosial siyasətin əsas istiqamətlərindən biri qadınların gücləndirilməsi, gənc nəslə ailə dəyərlərinin aşılanması və yaşlı nəslə hörmətin təşviq olunmasıdır. Onun sözlərinə görə, bu prinsiplər sağlam və dayanıqlı cəmiyyətin formalaşmasının əsas prioritetlərindən biridir. Sonda vurğulanıb ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun dəstəklənməsi və nəsillərarası həmrəyliyin təşviqi sosial inkişafın və cəmiyyətin rifahının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Ətraflı
Nyu-Yorkda qadınların səlahiyyətləndirilməsi mövzusunda yan tədbir keçirilib

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Serbiyanın təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə “Qadınların əhəmiyyətli rolu: Gücləndirilmə üçün ittifaqlar” mövzusunda yan tədbir keçirilib. Tədbirdə qadınların səlahiyyətləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanda qadın hüquqlarının qorunması və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, həyata keçirilən dövlət proqramlarının qadınların liderlik bacarıqlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və qərarvermə proseslərində iştirakının artırılmasına töhfə verdiyini deyib, müsbət statistik göstəriciləri diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri çıxışının sonunda qadınların səlahiyyətləndirilməsinin ailənin güclənməsi, cəmiyyətin sabitliyi, eləcə də dövlətlərin dayanıqlı inkişafı üçün vacib olduğunu bildirərək, bir sıra təklifləri səsləndirib.

Ətraflı