Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində “Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ölkələri üzrə qadınların gücləndirilməsi” mövzusunda tədbir keçirilib
Paylaş:
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin dəstəyi ilə yan tədbir təşkil olunub.
BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində “Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ölkələri üzrə qadınların gücləndirilməsi” mövzusunda keçirilən tədbirin məqsədi AQEM regionunda qadınların səlahiyyətlərinin artırılması, onların qərarqəbuletmə proseslərində iştirakının genişləndirilməsi və bu sahədə dövlətlər arasında daha sistemli və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələlərini müzakirə etmək olub.
Panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qadınların idarəetmə və qərarqəbuletmə proseslərində geniş təmsil olunması regional sabitlik və davamlı inkişaf üçün vacibdir. Qadınların siyasi, iqtisadi və sosial həyatda fəal iştirakı yalnız gender bərabərliyi deyil, həm də inkişaf və təhlükəsizlik məsələsidir.
Komitə sədri qızların təhsil hüququnun qorunması, erkən evlilik hallarının qarşısının alınması, qadınların hüquqi maarifləndirilməsi və iqtisadi imkanlara çıxışının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
B.Muradova onu da bildirib ki, Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində Qadınlar Şurası yaradılıb və onun ilk iclasının 14 aprel 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılır.
Panel müzakirəsində AQEM baş katibinin müavini Zhang Ling, Türkiyə Böyük Millət Məclisinin deputatı və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan, Qırğızıstanın BMT yanında daimi nümayəndəsi Aida Kasymalieva və BMT Qadınlar Təşkilatının Sülh və Təhlükəsizlik bölməsinin rəhbəri Paivi Kannisto da çıxış ediblər.
Çıxışçılar qadınların gücləndirilməsi mövzusunda belə mühüm müzakirə platformasının təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək, bu təşəbbüsün AQEM məkanında əməkdaşlığın genişlənməsinə və qadınların qərarqəbuletmə proseslərində iştirakının artırılmasına töhfə verəcəyini vurğulayıblar.
Qeyd edək ki, tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırovanın moderatorluğu ilə baş tutub və iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi