Media
Xəbərlər

Bahar Muradova BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşüb
2026-cı il oktyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bahar Muradova Dövlət Komitəsi yarandığı gündən BMT qurumları ilə çoxsaylı birgə layihələrin həyata keçirildiyini və hazırda bu əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. O, dünyada gedən mürəkkəb hadisələr fonunda Azərbaycanın beynəlxalq ictimai-siyasi proseslərin məsuliyyətli üzvü kimi fəal iştirak etdiyini vurğulayıb. B.Muradova, eyni zamanda Dövlət Komitəsinin ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində vacib roluna diqqət çəkib. Dmitro Şlapaçenko çıxışında qadın və uşaq hüquqlarının müdafiəsinin, xüsusilə də gender bərabərliyinin təmin edilməsinin təşkilatın fəaliyyətində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Azərbaycanda növbəti illərdə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra təkliflərini səsləndirib, birgə həyata keçirilə biləcək layihələr barədə danışıb. Görüşdə həmçinin BMT-nin müvafiq qurumları ilə Dövlət Komitəsi arasında əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub. Tərəflər ailələrin rifahının yüksəldilməsi, qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan və Serbiya arasında ailə və uşaq siyasəti sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin dövlət katibi Lazar Petroviçlə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ailə və uşaq siyasəti sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquq və mənafelərinin müdafiəsi, ailələrin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və tətbiq olunan dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, hər iki ölkənin aidiyyəti qurumları və mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi, birgə təşəbbüslərin təşviqi və institusional əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə, eyni zamanda Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin nümayəndəsi Yasmina Yokiç Zoriç və Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova iştirak ediblər. Görüşün yekununda hər iki ölkənin aidiyyəti qurumlarının ailə məsələləri üzrə işçi qrupunun fəaliyyət planının ilkin layihəsi müzakirə olunub.

Dövlət Komitəsi Serbiyada keçirilən IV Milli Ailə Konfransında təmsil olunub
Serbiyanın paytaxtı Belqrad şəhərində “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda IV Milli Ailə Konfransı keçirilib. Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, həmçinin Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə iştirak edib. Konfransın açılışında Serbiyanın ailə qayğısı və demoqrafiya naziri Jelena Zariç Kovaçeviç çıxış edərək ailələrin dəstəklənməsi və demoqrafik inkişaf istiqamətində davamlı siyasətlərin əhəmiyyətini vurğulayıb. İki panel müzakirəsindən ibarət konfransın “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən birinci panelində demoqrafik dəyişikliklər, ailələrin dəstəklənməsində dövlət və yerli idarəetmə qurumlarının rolu, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Paneldə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və mövcud dəstək mexanizmləri barədə məlumat verib. O, ailə siyasətinin strateji prioritetlərinə, bu sahədə dövlət qurumları və yerli icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsinə, eləcə də ailələrin dəyişən ehtiyaclarına uyğun dəstək mexanizmlərinin inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Konfransın ikinci panelində valideynliyin dəstəklənməsi, erkən uşaqlıq inkişafına investisiyalar, uşaqların sağlamlığı və hərtərəfli inkişafı üçün əlverişli mühitin yaradılması, eləcə də keyfiyyətli xidmətlərə bərabər çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb. Konfrans çərçivəsində müxtəlif ölkələrin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri ailə və demoqrafiya siyasəti sahəsində təcrübələrini bölüşüb, mövcud çağırışların həllində beynəlxalq dialoqun və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Əmək münasibətlərində gender bərabərliyi qanunvericiliklə təmin olunur
Azərbaycanın əmək qanunvericiliyi qadın və kişilərin əmək münasibətlərində bərabər hüquq və imkanlara malik olmasını təmin edir. Əmək Məcəlləsinə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Bu prinsip işə qəbul, əmək şəraitinin müəyyən edilməsi, peşə hazırlığı və əlavə təhsil, vəzifədə irəli çəkilmə, əməyin qiymətləndirilməsi və əmək müqaviləsinə xitam verilməsi kimi əsas əmək münasibətlərinə şamil olunur. İşəgötürən qadın və kişilərə eyni iş şəraitini yaratmalı, eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı ödəməlidir. Qanunvericilikdə qadınlar üçün nəzərdə tutulan xüsusi güzəştlər və əlavə təminatlar isə ayrı-seçkilik hesab edilmir; əksinə, bu təminatlar əmək münasibətlərində faktiki bərabərliyin və ailə ilə əmək həyatının uzlaşdırılmasının dəstəklənməsinə xidmət edir. Bərabərlik prinsipi yalnız əməkhaqqı ilə məhdudlaşmır. İşə qəbul elanlarında kişi və qadınlara fərqli tələblərin irəli sürülməsi, müəyyən cinsə üstünlük verilməsi və işaxtaran şəxsdən ailə vəziyyəti və şəxsi həyatı barədə məlumat tələb edilməsi də qanunvericiliklə məhdudlaşdırılır. Eyni zamanda, işəgötürən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir. Ayrı-seçkiliyə məruz qaldığını düşünən işçi isə qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqlarının müdafiəsini tələb edə bilər.

Ağdamda vətəndaş qəbulu keçirilib
15 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam şəhəri Muğam Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, aliment ödənişi, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, əlilliyin bərpası, eləcə də qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici posterlər “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus sərnişin qatarlarının monitorlarında nümayiş etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq məsələlərinə dair hazırlanmış 12 maarifləndirici poster “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində sərnişin qatarlarının monitorlarında nümayiş etdirilir. Posterlərdə uşaq hüquqlarının müdafiəsi, uşaq əməyinin və zorakılığın qarşısının alınması, kibertəhlükəsizlik, erkən evlilik, narkomaniya ilə mübarizə, sağlam həyat tərzi və digər mühüm mövzular əhatə olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən dördgünlük təlim başa çatıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən dördgünlük təlim başa çatıb. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər tərəfindən 6-9 oktyabr tarixlərində keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər. Təlimin əsas məqsədlərindən biri müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, xidmətlərin göstərilməsində fərdi yanaşmanın təşviqi və beynəlxalq təcrübənin yerli praktikada tətbiqi imkanlarının genişləndirilməsi olub. Dördgünlük proqram çərçivəsində erkən uşaqlıq dövründə inkişafın dəstəklənməsi, erkən müdaxilə mexanizmləri, fərdi ehtiyacların qiymətləndirilməsi, fərdi dəstək planlarının hazırlanması, sosial xidmətlərin təşkili, inklüziv təhsil, müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsi və ailələrlə əməkdaşlıq kimi mühüm istiqamətlər əhatə olunub. Təlim müddətində Türkiyənin müvafiq sahədə təcrübəsi iştirakçılarla bölüşülüb, nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər, qrup işləri və konkret hallar əsasında müzakirələr aparılıb. İştirakçılar EKO xəritənin hazırlanması, rutin əsaslı müsahibə və fərdi ehtiyacların müəyyənləşdirilməsi kimi praktik yanaşmalarla tanış olublar. Yekunda mövzular üzrə fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib.

Hakimlər üçün məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinə dair təlim keçirilib
09 oktyabr 2026-cı il tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi” mövzusunda təlim keçirilib. Təlimin məqsədi məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi zamanı mövcud boşluqların aradan qaldırılması, uzunmüddətli mühafizə orderlərinin verilməsi, məişət zorakılığı hallarının araşdırılması zamanı hakimlər tərəfindən görülməli olan tədbirlər, eləcə də Avropa Məhkəməsinin müvafiq sahədə presedent qərarlarının ölkəmizdə tətbiqi təcrübəsinin formalaşdırılması olub. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, son illərdə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, qanunvericiliyin icra mexanizmləri və müvafiq məlumat bankı barədə ətraflı məlumat verib. Daha sonra təlim Vəkillər Kollegiyasının üzvü, Gender və İnkişaf üzrə Dünya Bankının eksperti Xalisə Şahverdiyeva tərəfindən davam etdirilib. O, məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin rolundan bəhs edib. Təlim çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna dair qərarları təhlil edilib, iştirakçılar tərəfindən həmin qərarlar əsasında qrup işləri aparılıb. Təlimdə məişət zorakılığı ilə bağlı işlərə baxılarkən zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, risklərin qiymətləndirilməsi, habelə uzunmüddətli mühafizə orderlərinin verilməsi və tətbiqinin praktiki aspektləri müzakirə edilib.

Ağdamda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 15 oktyabr 2026-cı il tarixində, saat 12:00-da Ağdam Muğam Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi