Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsinin əməkdaşı Ankara şəhərində keçirilən panel müzakirəsində çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq Ankara şəhərində keçirilən “Könüllü səfirlərin himayədar ailə baxışı” seminarı çərçivəsində təşkil olunan panel müzakirəsində çıxış edib.  29-30 iyun 2026-cı il tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə Ankara şəhərində 30 iyun – Himayədar Ailə Günü münasibətilə “Könüllü səfirlərin himayədar ailə baxışı” seminarı keçirilib.  Seminarda Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş və digər rəsmilər iştirak ediblər.  Seminar çərçivəsində keçirilən “Himayədar ailə xidmətlərində ölkə təcrübələri: Müqayisəli yanaşmalar” adlı panel müzakirəsində Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq çıxış edib. O, Özbəkistan, Gürcüstan nümayəndələrinin, eləcə də UNİCEF-in Türkiyə üzrə təmsilçisinin də iştirak etdiyi müzakirələrdə himayədar ailə sahəsində mövcud sosial siyasət və yanaşmalarla bağlı təcrübələrdən bəhs edib. Z.Sadıq çıxış zamanı valideyn himayəsindən məhrum olan uşaqlar üçün yuva olan “Himayədar ailə” qayğı modelinin təşviq edilməsi, prosesin sürətli şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların elektron məlumat baza sisteminə çevik inteqrasiyasının vacibliyini vurğulayıb. Həmçinin “Himayədar ailə” olmaq istəyən şəxslərin valideynlik bacarıqlarının və motivasiyasının yüksəldilməsinin, uşaqların bu prosesə psixoloji hazırlığının diqqətdə saxlanılmasını qeyd edib. Panel müzakirəsinin yekununda “Himayədar ailə” qayğı modelini yeni tətbiq etməyə başlayan ölkələr üçün beynəlxalq təcrübənin öyrənilməsinin mühüm töhfə olacağı bildirilib. Seminarın ikinci günündə himayədar ailədə yaşayan uşaqların iştirakı ilə tamaşa nümayiş olunub, Türkiyə Respublikasında “Himayədar ailə” modelinin tətbiqi üzrə yüksək nəticə göstərən şəxslər mükafatlandırılıb. Daha sonra xatirə şəkli çəkilib.

Ətraflı
Sədaqət Qəhrəmanova Cenevrədə keçirilən qadın liderliyinə həsr olunmuş fotosərginin açılış mərasimində iştirak edib

30 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Cenevrə Bölməsində keçirilən “Qadın işi deyil?” – Ölkələrə, cəmiyyətlərə və icmalara rəhbərlik edən qadınlar” adlı fotosərginin açılış mərasimində iştirak edib. BMT-nin Cenevrədəki Ofisi, Qazaxıstan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və BMT Qadınlar Təşkilatının (UN Women) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi rəhbər mövqelərdə fəaliyyət göstərən qadınların nailiyyətlərinin təqdim olunması, qadın liderliyinin təşviqi, gender bərabərliyinin gücləndirilməsi və qadınların qərarqəbuletmə proseslərində iştirakının əhəmiyyətinin vurğulanması olub. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın liderliyinin cəmiyyətlərin davamlı inkişafının təmin edilməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, qadınlar elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə peşəkarlıqları və təşəbbüskarlığı ilə mühüm nəticələr əldə edir, sosial-iqtisadi inkişaf proseslərinə əhəmiyyətli töhfələr verirlər. Sədr müavini Azərbaycanın bu beynəlxalq platformada təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bunu ölkəmizdə qadınların tarixi nailiyyətlərinin və müasir dövrdə ictimai-siyasi həyatda fəal iştirakının beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirib. O, Azərbaycan qadınlarının hələ 1918-ci ildə seçmək və seçilmək hüququ əldə etdiyini xatırladaraq, onların milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və dövlət quruculuğu prosesində mühüm rol oynadıqlarını diqqətə çatdırıb. Çıxışının sonunda Sədaqət Qəhrəmanova sərginin qadınların imkanlarının genişləndirilməsi, qarşılıqlı hörmətin təşviqi və qərarqəbuletmə mexanizmlərində iştirakının daha da artırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, fotosərgidə qadın liderliyini təmsil edən şəxslər sırasında Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın da fotosu da yer alıb.  

Ətraflı
Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir. 29 iyun 2026-cı il tarixində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinə, oyun zallarına baxış keçirilib, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verilib, eyni zamanda “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub. 

Ətraflı
Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təşkil edilən təlimlər yekunlaşıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şəhər və rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları (MƏQ) üçün regionlarda təşkil etdiyi silsilə təlimlər 24 iyun 2026-cı il tarixində yekunlaşıb. İmişli rayonunda keçirilən son təlimdə İmişli, Beyləqan, Saatlı, Sabirabad, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Muradov rayonda məişət zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətində qanunvericiliyin rəhbər tutulmasının, münaqişəli və risk qrupuna daxil olan ailələrlə sistemli iş aparılmasının vacibliyindən danışıb. O, zorakılıq mühitində böyüyən uşaqların vaxtında müəyyən olunması və reabilitasiyaya cəlb edilməsində təhsil müəssisələrinin, eləcə də yerli özünüidarəetmə orqanlarının rolunu qeyd edib, məişət zorakılığı törədən şəxslərlə profilaktik və tərbiyəvi işlərin aparılmasının əhəmiyyətinə diqqət çəkib. Təlim çərçivəsində Dövlət Komitəsinin nümayəndələri Vəfa Ələkbərova və İradə Məmmədova çıxış edərək Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili əsasında mövcud nöqsanların aradan qaldırılması və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə iştirakçıları məlumatlandırıblar. Yekun Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, iştirakçılara məlumatlandırıcı bukletlər təqdim olunub. Qeyd edək ki, təlimlər daha öncə Göygöl rayonu (Naftalan, Gəncə Şəhər İcra Hakimiyyətləri,Daşkəsən, Goranboy,Samux və Göygöl Rayon İcra Hakimiyyətləri), Qusar rayonu (Qusar, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən) və Şəki şəhərində (Şəki şəhər, Qax, Oğuz, Balakən, Qəbələ, Zaqatala rayonu) keçirilib.    

Ətraflı
Azərbaycan Respublikasının təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib

26 iyun 2026-cı il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına (CEDAW) tərəf dövlətlərin 24-cü iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW Komitəsi) 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. 189 dövlətin iştirak etdiyi səsvermədə 133 səs toplayan Azərbaycan Respublikasının namizədi, beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov CEDAW Komitəsinin növbəti müddət üçün yenidən üzvü seçilib. Qeyd edək ki, Elgün Səfərov 2019–2026-cı illər üzrə CEDAW Komitəsinin üzvü olub. O, 2021-ci ildə Komitənin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib. Hazırda isə Komitənin Fərdi Müraciətlərlə bağlı İşçi Qrupunun sədr müavini vəzifəsində fəaliyyət göstərir. Elgün Səfərov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Həmin ali təhsil müəssisəsində “BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində fəaliyyəti” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. O, Raul Vallenberq İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun (2008), Azərbaycan Diplomatik Akademiyasının İnsan Hüquqları və Humanitar Hüquq proqramının (2009), Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunun (2010), Beynəlxalq İdarəetmə Mərkəzi və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin birgə proqramının (2012), ADA Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin (2014–2015), eləcə də ABŞ-nin EPAM şirkətinin rəhbərlər üçün nəzərdə tutulmuş proqramının (2025–2026) məzunudur. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2016-cı il tarixli Sərəncamı ilə ölkədə gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 24 ilə yaxın müddət ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, qadın və uşaq hüquqlarının təşviqi, beynəlxalq humanitar hüquq və digər sahələr üzrə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Azərbaycanı təmsil edib. E.Səfərov uzun illər Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi” üzrə Ekspert Şurasının, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin Təhlükəsiz İdman Komissiyasının üzvüdür. Ekspert Azərbaycan və xarici ölkələrin ali təhsil müəssisələrində beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar hüquq və digər fənlər üzrə tədris fəaliyyəti ilə məşğul olub. Azərbaycan, ingilis və rus dillərində 100-dən artıq elmi məqalə və tədqiqatın müəllifidir. Elgün Səfərovu bu nüfuzlu beynəlxalq quruma yenidən üzv seçilməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.  

Ətraflı
Regionlarda uğurla keçirilən “Çempion ailələr” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti intellektual yarışlar 22-24 iyun 2026-cı il tarixlərində Yardımlı, Beyləqan, Zəngilan rayonlarında keçirilib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan "Fibonacci" intellektual oyununun keçirilməsində əsas məqsəd iştirakçıların komanda işini və həmrəyliyi gücləndirməkdir. Bu yarışlar həmçinin ailələrin və gənclərin asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələrinə xidmət edir. Təşkil edilən yarışlarda ümumilikdə 30 ailə iştirak edib. Sonda, yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Yardımlı rayonunda Əhədovlar ailəsi, Beyləqan rayonunda Mirzəyevlər ailəsi, Zəngilan rayonunda isə Həmzəyevlər ailəsi qalib kimi diplom və hədiyyələrlə mükafatlandırılıb. Layihənin əsas məqsədi ailə dəyərlərinin və milli ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, eləcə də ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.

Ətraflı
“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 22-25 iyun 2026-cı il tarixlərində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə Mərkəzlərin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, ekspertlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər barədə əhalinin məlumatlandırılması, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, bu sahədə tövsiyələrin hazırlanmasıdır. Dinləmələrdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı barədə məlumat verilib, uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, onların sağlamlığa təsirləri, rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularında maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, mövcud problemlər və həlli yolları müzakirə olunub, suallar cavablandırılıb, uşaqların inkişafında ailə–məktəb–cəmiyyət əməkdaşlığının və aidiyyəti qurumlarla vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin gücləndirilməsi ilə bağlı bağlı təkliflər səsləndirilib.    

Ətraflı
“Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2026-cı il tarixində, saat 16:00-da Nərimanov rayonunda, “Antena” sahəsi adlanan ərazidə yerləşən parkda “Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək. Tədbirin məqsədi ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, ailələrin asudə vaxtının səmərəli təşkili və cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsidir. Proqram çərçivəsində mütəxəssislərin iştirakı ilə panel müzakirələr, ailələr üçün maraqlı və interaktiv fəaliyyətlər, uşaqlar üçün əyləncə proqramı, müxtəlif müsabiqə və oyunlar, konsert proqramı təşkil olunacaq. Sizi ailə üzvlərinizlə birlikdə bu gözəl tədbirdə iştirak etməyə dəvət edirik. Gəlin birlikdə xoş anlar yaşayaq və uşaqlarımıza yaddaqalan bir gün hədiyyə edək. Çünki ailə bizi birləşdirən, gücləndirən və gələcəyə aparan ən böyük dəyərdir!    

Ətraflı
“Qızların təhsilinə dəstək” layihəsinin II məzun günü qeyd olundu

24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının II məzun günü keçirilib. Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib. Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları, dövlət və özəl sektorun nümayəndələri və layihənin məzunları iştirak ediblər. Məzun günü layihəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra açılış nitqləri dinlənilib. Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, milli-mənəvi dəyərlər əsasında formalaşaraq müasirliyə açıq olan, mükəmməl təhsil alan və ictimai məsuliyyətini dərk edən hər bir qadının uğuru xalqın bu günü və sabahının təməlidir. Bahar Muradova tədbirdə iştirak edən xüsusi qonaq – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın layihəyə, bütövlükdə Azərbaycan qadınının təhsilinə və inkişafına göstərdiyi diqqətin, davamlı və səmimi dəstəyin mühüm əhəmiyyət daşıdığını bildirib. Leyla Əliyevanın uşaq və gənclərlə bağlı irəli sürdüyü təşəbbüslər qızlar üçün ilham mənbəyidir. O bildirib ki, bugünkü qadınlar uzaq və yaxın tarixdə önə çıxmış Hənifə xanım Zərdabi, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və Şəfiqə xanım Əfəndizadə kimi maarifçi qadınların irsinin davamçılarıdır.  “Qızların təhsilinə dəstək” layihəsi artıq müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib və layihənin icra olunduğu beş il ərzində ümumilikdə 593 gənc qadın bu imkanlardan yararlanıb. “Hənifə Məlikova-Zərdabi proqramı çərçivəsində son beş ildə 239 tələbə qıza dəstək göstərilib. Həmin tələbələr ölkənin 60-dan artıq şəhər və rayonunu, 31 ali təhsil müəssisəsini təmsil edirlər” - deyə o əlavə edib. Komitə rəsmisi qeyd edib ki, artıq “Qarabağda təhsil” ifadəsi leksikonumuza daxil olub. Dəstəklədiyimiz tələbələrdən 10 nəfəri hazırda Qarabağ Universitetində təhsilini davam etdirir. Bahar Muradova əlavə edib ki, “Arzumuz var” təqaüd proqramından indiyədək 22 nəfər yararlanıb. Bu gün layihənin müxtəlif proqramları üzrə 66 məzun ali təhsilini başa vurur. Ötənilki məzunlarla birlikdə artıq 125 gənc qadının bu layihələrin məzunu olduğunu və onlardan 20 nəfərin ali təhsilini fərqlənmə diplomu ilə başa vurduğunu qeyd edən Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, layihənin mənəvi baxımdan ən həssas və qürurverici istiqamətlərindən biri “Sən Tək Deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramıdır. Bu günə qədər 34 şəhid xanımı həmin layihəyə cəlb olunub. Vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əmanəti olan xanımların təhsil alaraq müxtəlif sahələr üzrə peşəkar kimi yetişməsinə, dövlət və ictimai həyata qatılmasına yönələn səylərin artırılması çox vacibdir. Bahar Muradova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas hədəfi insan kapitalının inkişafıdır. Dövlət Komitəsinin sədri, həmçinin Mehriban Əliyevanın təhsilə, mədəniyyətə, qadınlara və uşaqların mənafeyinə yönələn fəaliyyətini və sosial təşəbbüslərini xüsusi vurğulayıb. Dövlət Komitəsinin sədri qızların cəmiyyətə inteqrasiyasına və gələcəkdə məşğulluğuna dəstək verməyə hazır olan tərəfdaşlara təşəkkür edib. Sonda məzunlara müraciət edən Bahar Muradova onların fədakarlıq və çalışqanlıqla böyük uğur qazandıqlarını bildirib. O, məzunlara tarixə və milli irsə sahib çıxaraq əsl vətəndaş və peşəkar mütəxəssis kimi gələcək fəaliyyətlərində, peşəkar karyeralarında və şəxsi həyatlarında yeni zirvələr arzulayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qadınların təhsilli olması anaların təhsilli olmasıdır. Anaların təhsilli olması təhsilin keyfiyyətli olmasına əsaslı şəkildə təsir edir. Bu təqaüd proqramının nəticələri artıq görünür deyən nazir vurğulayıb ki, hər bir məzun Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə töhfəsini verəcək: “Biz çox sevinirik ki, belə tədbir və təqaüd proqramı yüzlərlə xanımı əhatə edir. Ən kiçik yaşlardan başlayaraq qadınların təhsilini diqqətdə saxlamalıyıq. Ən aşağı yaşlardan qızların istər təhsilini, istər sosial məsələlərinə diqqət yetirməliyik. Biz cəmiyyətin inkişafı üçün qızlarımızın təhsilə əlçatanlığını təmin etməliyik” - deyə o əlavə edib.  Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli təqdimatla çıxış edərək “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən təqaüd proqramları haqqında məlumat verib. O, müxtəlif istiqamətlər üzrə həyata keçirilən dəstək mexanizmləri, tələbələr üçün yaradılan imkanlar və qızların təhsilinin təşviqi istiqamətində görülən işlər haqqında iştirakçılara məlumat verib. Sədr, həmçinin layihənin nəticələri və iştirakçıların əldə etdiyi uğurlar barədə məlumat verib. Həyata keçirilən layihələrdə özəl sektorun roluna diqqət çəkən N. Məmmədli, onları daha geniş əməkdaşlığa dəvət edib. Daha sonra məzunlar, layihələrin onların həyatında oynadığı müsbət roldan danışıblar. “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının və Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunu Əminə Əhmədova qeyd edib ki, layihə yalnız maddi dəstək deyil, eyni zamanda gənc qızlara inam və motivasiya qazandırııb. Tədbirdə çıxış etməkdən qürur və minnətdarlıq hissi duyduğunu vurğulayan məzun vurğulayıb ki, dövlətimiz maarifçilik ənənələrini yaşadır, Hacı Zeynalabdin Tağıyev, Ulu Öndər Heydər Əliyev kimi dəyərli şəxsiyyətlərin təhsilə və xüsusilə qadınların təhsilinə verdiyi önəm bu gün də davam etdirilir. “Gələcəyə əmin addımlarla”  şəhid xanımlarının təhsilinə dəstək proqramının və Bakı Biznes Universitetinin məzunu Aytəkin Xəlilova bildirib ki, bu layihə bizə yalnız təhsil deyil, həm də özümüzə inam, gələcəyə ümid və daha güclü addımlamaq imkanı verdi. Şəhid ailələrinin gələcəyə inamla atdığı addımların dəyərləndirilməsi və dəstəklənməsi bizim üçün çox önəmlidir. Davamında məzunlar mükafatlandırılıb. Tədbir bədii hissə ilə yekunlaşıb.

Ətraflı