Media
Xəbərlər

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib
Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Təbriz Həsənzadə layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Jalə Muradova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. "DADDI" Sosial Sahibkarlıq Müəssisəsinin rəhbəri Məhbubə Əliyeva və peşəkar kouç Fərqanə Məmmədova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2025-ci il üzrə məlumat dinlənilib
26 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2025-ci il üzrə məlumatla çıxış edib. Məlumat “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib: 1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri; 2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı; 3. 2025-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı Təqdimat Bahar Muradovanın çıxışı

Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 22 may 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, İsmayıllı rayonunun Cülyan, Qəbələ rayonunun Uludaş, Ağdam rayonunun Birinci Quzanlı, Goranboy rayonunun Xanqərvənd, Hacıqabul rayonunun Navahı, Saatlı rayonunun Məmmədabad, Sabirabad rayonunun Quruzma, Zaqatala rayonunun Yuxarı Tala, Göygöl rayonunun Sarısu kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, boşanma, ailədaxili məsələlərin tənzimlənməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə 76 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

“Ailəm könüllüləri” proqramı çərçivəsində maarifləndirici təlimlər keçirilib
2026-cı ilin fevral–may ayları ərzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailəm könüllüləri” proqramı çərçivəsindəkönüllülər və istehsalat təcrübəsi keçən tələbələr üçün silsilə maarifləndirici görüşlər təşkil edilib. Təlimlər gənclərin peşəkar bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərin aşılanması və sosial məsuliyyət hissinin gücləndirilməsi məqsədilə aşağıdakı mövzuları əhatə edib. Təlimlər çərçivəsində Komitənin əməkdaşları Rafiq Mahmudov iş axtarışı metodları və əmək bazarının təhlili, Hüquq təminatı şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı və gender əsaslı zorakılıq”, gender məsələlərinə həsr olunan sessiyalarda isə Gendere və Qadın Məsələləri şöbsinin əməkdşı Xumar İlqar qızı erkən nikahlarla mübarizə və iş mühitində gender həssaslığı mövzularında könüllüləri məlumatlandırıblar. Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev isə “Narkomaniyanın reallığı” mövzusunda çıxış edib. Təlimlər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi ilə bağlı mövzulara da yer verilib. Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli “Ailə. Dəyərlər və ənənələr” mövzusunda ailə institutunun qorunması və sağlam ailədaxili münasibətlərin əhəmiyyətindən, Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli isə “Keys menecment – keyslərin idarə edilməsi” mövzusunda müraciətlərlə iş və məxfiliyin qorunması mexanizmlərindən bəhs edib. Bununla yanaşı, iştirakçılar dövlət qulluğu və media sahəsində maarifləndirilib. Daxili nəzarət sektorunun əməkdaşı Roza Şamıyeva dövlət qulluğuna qəbul qaydaları, müsabiqə mərhələləri və etik davranış qaydaları barədə könüllülərlə görüş keçirib. Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva isə media məkanında ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasının hüquqi və etik prinsipləri barədə məlumat verib. Qeyd olunub ki, keçirilən bu cür maarifləndirici təlim və görüşlər gənclərin bilik və bacarıqlarının artırılması, şəxsi inkişafı və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Bu məqsədlə “Ailəm könüllüləri” proqramı çərçivəsində tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib
Mayın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib. Tədbirin açılışında qonaqları salamlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov regionlarda yaşayan qadınların və gənc qızların fərdi inkişafına yönəlmiş sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qadınların cəmiyyətdə fəal iştirakını təşviq edən mühüm platforma olduğunu qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdir müavini Gülnarə Həmidova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Görüş fərqli sahələrdə uğur qazanan qadınların – “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman səfiri, Təhsil eksperti Vəfa Musayevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilir.

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-22 may 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” mövzusunda interaktiv, maarifləndirici seminar, təlimlər keçirilib. Tədbirlərdə Mərkəzlərin əməkdaşları tərəfindən uşaqlara “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”,ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları barədə ətraflı məlumat verilib. Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və hüquq” adlı maarifləndirici vəsait əsasında uşaqların iştirakı ilə qrup işi, maraqlı oyunlar və müzakirələr təşkil edilib. Qrup işi zamanı uşaqlar müxtəlif situasiyalar üzrə uşaq hüquqları haqqında öz fikirlərini ifadə edib, biliklərini bölüşüblər. Yekunda uşaqların sualları cavablandırılıb.

Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 may 2026-cı il tarixdə Göygöl rayonunda Naftalan və Gəncə Şəhər İcra Hakimiyyətləri, Daşkəsən, Goranboy, Samux və Göygöl Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib. Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi müstəvidə görülməli olan tədbirlərlə, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”na edilən düzəlişlərlə bağlı məlumatlandırmaqdır. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Kəmalə İbrahimova tədbir iştirakçılarını salamlayaraq Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman qanunvericiliyi rəhbər tutması, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə bağlı işin aparılması, həmçinin məişət zorakılığına məruz qalma ehtimalı olan və risk qrupuna aid olan ailələrin aşkar edilməsi, bu sahədə sistemli fəaliyyət, xüsusilə də bələdiyyələrin rolunun vacibliyini bildirib. Həmçinin münaqişəli ailələrdə, risk qrupuna aid olan ailələrdə zorakılıq mühitində böyüyən uşaqlarla işin aparılması, bu uşaqların aşkar olunması və reabilitasiyaya cəlb olunmasında təhsil müəssisələrinin rolunu qeyd edib. Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili təqdim edilib, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı izahat işi aparılıb. Hüquqi-təminat şöbəsinin əməkdaşıİradə Məmmədova tərəfindən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər” mövzusunda təqdimat edilib. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib. Təlimlərin davamlı olaraq Qusar, İmişli Rayon İcra Hakimiyyətlərində, Şəki Şəhər İcra Hakimiyyətində keçirilməsi nəzərdə tutulub.

Bahar Muradova “Müxtəliflik içində olan bütün qadın və qızlar üçün adekvat mənzil təminatı” mövzusunda dəyirmi masada çıxış edib
22 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində “Müxtəliflik içində olan bütün qadın və qızlar üçün adekvat mənzil təminatı” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bugünkü sessiyanın əsas əhəmiyyəti mənzil məsələsinə yalnız urban inkişaf və sosial təminat prizmasından deyil, həm də gender bərabərliyi, insan hüquqları və inklüziv inkişafın strateji elementi kimi yanaşılmasını təşviq etməsindədir. Komitə sədri qeyd edib ki, adekvat mənzil hüququ sağlamlığın, təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından biridir. Bununla belə, qlobal miqyasda sistemli çatışmazlıqlar milyonlarla insanı bu hüquqdan tam şəkildə yararlanmaq imkanından məhrum edir. Bu problem xüsusilə qlobal mənzil və iqlim böhranlarının dərinləşdiyi indiki mərhələdə daha qabarıq şəkildə özünü göstərir və qadınlar, qızlar adekvat mənzilə çıxış zamanı əlavə və çoxşaxəli maneələrlə üzləşirlər. Onun sözlərinə görə, bu maneələr iqtisadi bərabərsizliklər, patriarxal stereotiplər, sosial müdafiə mexanizmlərinin qeyri-kafiliyi, torpaq və mülkiyyət hüquqlarına qeyri-bərabər çıxış, eləcə də gender həssas olmayan siyasət və institusional yanaşmalarla bağlıdır. Komitə sədri vurğulayıb ki, gender əsaslı zorakılıq hallarında adekvat və təhlükəsiz mənzilin olmaması qadınları son dərəcə ağır seçim qarşısında qoyur — ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski ilə üzləşmək. Gender-transformativ mənzil siyasətlərinin urban inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilməsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayan B. Muradova diqqətə çatdırıb ki, formal olaraq gender neytral görünən siyasətlər praktikada hər zaman bərabər nəticələr yaratmır və bu baxımdan qadınların müxtəlif ehtiyac və təcrübələrinin nəzərə alınması vacibdir. Bahar Muradova qeyd edib ki, milli, regional və yerli səviyyədə hüquqi və institusional mexanizmlər qadınların torpaq və mənzil hüquqlarına təhlükəsiz və bərabər çıxışını daha effektiv təmin etməlidir. Bu yanaşma yalnız qanunvericilik səviyyəsində deyil, həmçinin kredit resurslarına çıxış, sosial mənzil proqramları, maliyyə inklüzivliyi və sosial müdafiə mexanizmlərində də öz əksini tapmalıdır. Komitə sədri əlavə edib ki, Dövlət Komitəsi son 6 ildə bu sahədə siyasət və fəaliyyətləri əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanı kimi Parlament qarşısında gender bərabərliyinin vəziyyətinə dair illik məlumatla çıxış edir. Eyni zamanda, gender bərabərliyi üzrə yeni Milli Fəaliyyət Planının qəbul edilməsi siyasətin daha sistemli və nəticəyönümlü şəkildə həyata keçirilməsinə xidmət edir. O, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi yenidənqurma və məskunlaşma siyasətində məhz bu prinsiplərə xüsusi diqqət yetirildiyini vurğulayaraq, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində hər kəs üçün təhlükəsizlik prinsipləri ilə yanaşı, inklüziv yaşayış mühitinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. B. Muradova dövlət institutları, beynəlxalq təşkilatlar, yerli hakimiyyət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gender həssas və dayanıqlı mənzil sistemlərinin formalaşdırılması üçün mühüm platforma yaratdığını qeyd edib. “Mənzil sistemlərinin effektivliyi insanların müxtəlif ehtiyaclarına cavab verməsi, xüsusilə qadınların təhlükəsizliyi, iqtisadi iştirakı və sosial dayanıqlılığı üçün nə dərəcədə əlverişli olması ilə ölçülür. Qadınların ehtiyac və təcrübələrini nəzərə alan mənzil sistemləri daha dayanıqlı şəhərlərin, daha güclü icmaların və daha inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verə bilər” - deyə o bildirib. Komitə sədri çıxışının yekununda qeyd edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və çoxtərəfli siyasət dialoqunun gücləndirilməsinə bundan sonra da dəstək verməyə hazırdır. BMT-nin Meksikadakı Rezident Koordinatoru Allegra Maria del Pilar Baiocchinin moderatorluğu ilə keçirilən tədbirdə BMT Baş katibinin müavini və BMT Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın açılış nitqləri də dinlənilib. Mənzil məsələlərinin dayanıqlı inkişaf, inklüziv şəhərsalma və beynəlxalq əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, WUF13 çərçivəsində qadınların təhlükəsiz mənzillərlə təmin olunması, gender bərabərliyinin nəzərə alınması barədə sənədlərin qəbul olunması planlaşdırılır. Açılış mərhələsinin ardından təşkil olunan panel sessiyada qadın və qızlar üçün adekvat mənzil hüququnun təmin edilməsi istiqamətində hüquqi və institusional mexanizmlər, bu sahədə innovativ yanaşmalar və beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra UN-Habitat Juma Assiago tərəfindən hamı üçün Adekvat Mənzil üzrə Açıq Hökumətlərarası Ekspert İşçi Qrupu haqqında məlumat təqdim edilib. Tədbir müzakirələrlə davam edib.

“Çempion ailələr” layihəsi bölgələrdə uğurla davam edir
19-21 may tarixlərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Qusar rayonunda və Şirvan şəhərində ailələr arasında “Fibonaççi” intellektual yarışı təşkil olunub. Əhali arasında ailə dəyərlərinin, ənənələrinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, ailədaxili ünsiyyətin və birgə fəaliyyətin təşviq məqsədi ilə keçirilən tədbirlərdə ümumilikdə 20 ailə iştirak edib. Tədbirlərin sonunda iştirakçı ailələrə sertifikatlar təqdim olunub, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Yekun nəticələrə əsasən, Qusar rayonunda Qurbanovlar, Şirvan şəhərində isə Alıyevlər ailəsi qalib olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi