Media
Xəbərlər

“Ailə saatı”nda sağlamlıq imkanları məhdud uşaqlara internetin təhlükələrindən danışılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Ailə saatı” layihəsi çərçivəsində eşitmə və nitq qabiliyyəti məhdud uşaqların iştirakı ilə növbəti görüş keçirilib. Tədbirin məqsədi uşaqların asudə vaxtının maraqlı və faydalı təşkili, onların müxtəlif mövzularda maarifləndirilməsi ilə yanaşı, səmimi ünsiyyət və birgə fəaliyyət vasitəsilə uşaqlara xoş emosiyalar bəxş etmək, onlar üçün mehriban və dəstəkləyici mühit yaratmaq olub. ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov uşaqlara internetdən təhlükəsiz və məsuliyyətli istifadə, şəxsi məlumatların qorunması, rəqəmsal mühitdə yarana biləcək risklərin tanınması və belə hallarda düzgün davranış qaydaları barədə məlumat verib. Mövzu surdotərcümə edilərək, uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, sadə və praktik nümunələr əsasında təqdim edilib, onların sualları cavablandırılıb. Görüşün davamında Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyətinin təqdim etdiyi bədii proqram sayəsində qurulan canlı ünsiyyət tədbirə xüsusi rəng qatıb. Uşaqların proqramda fəal iştirakı üçün şərait yaradılıb, birlikdə əyləncəli və yaddaqalan anlar yaşanıb.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tarixi Zəfərimizdən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramlarını bildirib, əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.

Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət edib. Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əməkdaşlarının iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusuna həsr edilən görüş keçirilib. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planına əsasən keçirilən görüşdə mövzu ilə bağlı vacib olan məsələlərə diqqət çəkilib. Çıxışlarda insan alveri cinayətləri, məcburi əmək cinayətləri, aidiyəti qurumların bu sahədə mübarizə tədbirləri haqqında məlumat verilib. Müvafiq sahədə həyata keçirilən işlərin səmərəliliyinin artırılması, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Görüş çərşivəsində, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər və birgə təşəbbüslər müzakirə olunub.
Sədaqət Qəhrəmanova Türk Hüquqşünas Qadınlar Dərnəyinin sədri Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
21 sentyabr 2026-cı il tarixində baş tutan görüşdə Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Dövlət Komitəsinin müvafiq struktur bölmə rəhbər və əməkdaşları, eləcə də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri və Türk Hüquqşünas Qadınlar Dərnəyinin nümayəndələri iştirak ediblər. Görüşdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq, iki qardaş ölkə arasında bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq əlaqələrinin hüquq müstəvisində də dərinləşməsindən mühüm məmnunluq duyduğunu bildirib. O, qadın hüquqlarının müdafiəsi, qadınların hüquqi maarifləndirilməsi və hüquqşünas qadınların peşəkar fəaliyyətinin dəstəklənməsi istiqamətində birgə təcrübə mübadiləsinin önəmini vurğulayıb. Ölkəmizdə hüquqşünas qadınların sayının artdığını vurğulayan sədr müavini qadınların hüquq sahəsində fəallığının cəmiyyətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. S.Qəhrəmanova qeyd edib ki, bu cür görüşlər iki ölkənin qadın hüquqşünasları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlığın beynəlxalq platformalarda genişləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Zübeydə Aksay Azərbaycanda olmaqdan qürur duyduqlarını ifadə edib. O, qadın hüquqşünasların beynəlxalq müstəvidə həmrəyliyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Zübeydə Aksay vurğulayıb ki, Azərbaycan və Türkiyə qadın hüquqşünasları arasında qurulan bu sıx əməkdaşlıq hər iki ölkədə qadın hüquqlarının müdafiəsi standartlarının daha da yüksəldilməsinə, birgə regional hüquqi təşəbbüslərin dəstəklənməsinə xidmət edəcəkdir. Görüş zamanı Azərbaycan və Türkiyə qadın hüquqşünasları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq müstəvidə əlaqələrin inkişaf etdirilməsi məqsədilə yeni imkanların dəyərləndirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Türk Hüquqşünas Qadınlar Dərnəyinin sədri Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının dəvəti ilə ölkəmizə səfər ediblər.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Denver II” qiymətləndirmə testi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, İsmayıllı, Qəbələ, Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 sentyabr 2026-cı il tarixlərində məktəbəqədər təhsil müəssisələrində “Denver II” qiymətləndirmə testi keçirilib. Testin keçirilməsində əsas məqsəd uşaqların yaşlarına uyğun inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, xüsusilə şəxsi-sosial, nitq, kiçik və böyük motor bacarıqlarının qiymətləndirilməsi olub. Qiymətləndirmə zamanı Mərkəzlərin əməkdaşları uşaqlar və onların valideynləri ilə fərdi şəkildə görüş keçirib, uşaqların diqqət, anlama, ünsiyyət və motor bacarıqları müşahidə olunub. Sonda uşaqların inkişaf göstəriciləri üzrə ümumi qiymətləndirmə aparılıb, valideynlərə və tərbiyəçi-müəllimlərə müvafiq tövsiyələr verilib.

Bahar Muradova Kəlbəcərdə məktəb kollektivi və şagirdlərlə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kəlbəcər rayonuna səfəri çərçivəsində Bəhmən Cəfərov adına 1 saylı tam orta məktəbdə olub, məktəb kollektivi və şagirdlərlə görüşüb. Görüş zamanı məktəbin fəaliyyəti, tədris prosesi və şagirdlərin təhsil imkanları ilə maraqlanan Komitə sədri uşaqların fikir və təkliflərini dinləyib, onların təhsilə, gələcək planlarına və qarşılaşdıqları məsələlərə dair düşüncələri ilə tanış olub. Məktəbdə təhsil alan, Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin iki üzvü ilə də görüşən Bahar Muradova onların təhsildəki nailiyyətləri, ictimai fəallığı və Məclisin fəaliyyəti çərçivəsində gördükləri işlərlə maraqlanıb. Uşaqların təşəbbüslərinin dəstəklənməsinə onların ictimai həyatda fəal iştirakının və potensialının inkişaf etdirilməsi üçün imkanların yaradılmasına, hüquqlarının qorunmasına, sağlam və təhlükəsiz mühitdə böyüməsinə yönələn dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Həmçinin yenidən qurulan Kəlbəcərdə, doğma yurda qayıdan ailələrin, xüsusilə uşaqların təhsili və inkişafı üçün hər cür şəraitin yaradılmasından razılığını bildirən soydaşlarımızın istəkləri ilə maraqlanıb

Kəlbəcərdə vətəndaş qəbulu keçirilib
18 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib. Qəbul zamanı edilən müraciətlər arasında psixoloq xidmətinin təşkili, uşaqlar üçün qayğı mərkəzlərinin fəaliyyəti, məşğulluq və işlə təmin olunma, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, eləcə də qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü 25 sentyabr 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq, sosial işçi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı və Sabirabad rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcək. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin. Ünvan və əlaqə nömrələri
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi