Media
Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə psixososial işin aparılması davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə geri qayıdan əhali ilə psixososial işin aparılması davam etdirilir. Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial pedaqoqları tərəfindən 2026-cı ilin 6-7 oktyabr tarixlərində Füzuli, 8 oktyabr tarixində Cəbrayıl, 7-9 oktyabr tarixlərində isə Kəlbəcərdə valideyn və uşaqlarla interaktiv təlimlər, valideyn və müəllimlərin iştirakı ilə pedaqoji-psixoloji məsləhətləşmələr, məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün Denver II qiymətləndirmə testi keçirilib. Açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vəsilə Cəfərova, Dövlət Komitəsinin tabeliyində olan Füzuli Ailə Mərkəzinin direktoru Gülər Səlimli işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən, bu sahədə həyata keçirilən layihələrdən bəhs ediblər. Tədbirlərdə Mərkəz əməkdaşları valideyn bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. Psixoloqlar tərəfindən keçirilən “Şəxsiyyət yüksəlişi” mövzusunda psixoloji təlimlərə 6-17 yaşlı uşaqlar cəlb olunublar. Təlimlərdə uşaqlarda özünəinam, özünüqiymətləndirmənin yüksəldilməsi, emosiya və hisslərin düzgün ifadə olunması, sosial ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi yönümündə psixoloji oyunlar keçirilib, tapşırıqlar yerinə yetirilib. Həmçinin əməkdaşlar müəllim-şagird münasibətlərinin xarakteri, müəllimlərlə ünsiyyət prosesində yaranan çətinliklər və onların aradan qaldırılması, davranış çətinlikləri olan şagirdlərə kompleks yanaşmalar və digər mövzularda müəllimlərə geniş məlumat veriblər. Psixoloqlar məktəblərdə uşaqlar, yeniyetmələr və ailələr üçün psixoloji konsultasiyalar da keçiriblər. Konsultasiyalar zamanı müraciət edən şəxslərin emosional vəziyyəti və davranış xüsusiyyətləri qiymətləndirilib, müvafiq psixoloji dəstək göstərilib. Denver II qiymətləndirmə testi zamanı uşaqların şəxsi-sosial, nitq, kiçik və böyük motor bacarıqları qiymətləndirilib, valideynlərə zəruri tövsiyələr verilib. Qeyd edək ki, ümumilikdə 444 nəfər psixososial işdən faydalanıb.
“Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib
9 oktyabr 2026-cı il tarixində Bakı şəhəri 117 nömrəli tam orta məktəbin VIII–X sinif şagirdləri üçün “Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin ilk hissəsində ekspert qismində çıxış edən Ruhəngiz Hüseynova korrupsiyanın mahiyyəti, yaranma səbəbləri, cəmiyyətə mənfi təsirləri və korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edərək təhsildə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın təmin olunması və bu sahədə normativ-hüquqi aktların tələblərinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb. İnteraktiv müzakirə formatında keçirilən təlim zamanı maarifləndirici videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib. Qeyd edək ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi, şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə təşkil olunub.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-9 oktyabr 2026-cı il tarixlərində 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlanlar və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, valideynlərin, xüsusilə ataların dəstəkləyici rolunun artırılmasına yönəltməkdir. Tədbirlərdə Mərkəzlərin, yerli idarə və müəssisələrin əməkdaşları, ekspertlər, valideynlər və uşaqlar iştirak ediblər. Çıxış edənlər atalar və qızlar arasında sağlam münasibətlərin formalaşmasının uşaqların mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, ailədə qarşılıqlı hörmət, etimad, sevgi və dəstəyə əsaslanan münasibətlər qızların özünəinamının formalaşmasına, onların gələcək həyatında düzgün seçimlər etməsinə və cəmiyyətin fəal üzvünə çevrilməsinə mühüm təsir göstərir. Eyni zamanda qızların təhsil alması, onların hüquq və azadlıqlarının təmin olunması, potensiallarının üzə çıxarılması və gələcək inkişafları üçün əlverişli mühitin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

“Avaza” Milli Turizm Zonasında “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadın Dialoqu keçirilib
Türkmənistanın Türkmənbaşı şəhərinin “Avaza” Milli Turizm Zonasında “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadın Dialoqu keçirilib. Qadınların sülhün və təhlükəsizliyin təmin edilməsində, dövlət və ictimai həyatda, eləcə də davamlı inkişaf məqsədlərinə nail olunmasında iştirakının genişləndirilməsinə həsr olunan tədbir parlament və hökumət nümayəndələrini, BMT qurumlarının, digər beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin təmsilçilərini bir araya gətirib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, deputat Tənzilə Rüstəmxanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak ediblər. Türkmənistan Məclisinin sədri Dünyagözəl Gulmanovanın moderatorluğu ilə keçirilən açılış və plenar iclasda qadınların hüquq və imkanlarının genişləndirilməsi, qərar qəbuletmə proseslərində təmsilçiliyi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolu diqqət mərkəzində olub. Forum çərçivəsində “Qadınların rifahının təmin edilməsi cəmiyyətdə sülhün möhkəmləndirilməsinin və davamlı inkişafın mühüm şərti kimi”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların hüquq və qanuni maraqlarının təmin edilməsi” və “Sülhün möhkəmləndirilməsində və davamlı inkişafda beynəlxalq hüququn əhəmiyyəti və qadınların rolu” mövzularında üç tematik sessiya keçirilib. Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Sülhün möhkəmləndirilməsində və davamlı inkişafda beynəlxalq hüququn əhəmiyyəti və qadınların rolu” mövzusunda sessiyada çıxış edib. BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi Syaotszyun Qreys Vanın moderatorluğu ilə keçirilən sessiyada qadınların hüquqlarının müdafiəsində beynəlxalq hüquqi mexanizmlərin əhəmiyyəti, sülh quruculuğunda və qərarların qəbulunda iştirakının genişləndirilməsi, eləcə də bu istiqamətlərdə təcrübə mübadiləsi müzakirə olunub. Ceyran Rəhmətullayeva çıxışında qadınların sülh quruculuğunda və qərar qəbuletmə proseslərində fəal iştirakının davamlı inkişafın, sosial sabitliyin və ailələrin rifahının mühüm şərti olduğunu vurğulayıb. Davamlı sülhün beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanmalı olduğunu qeyd edib. Azərbaycanın təcrübəsindən danışan aparat rəhbəri “Böyük Qayıdış” çərçivəsində qadınların və ailələrin sosial uyğunlaşması, iqtisadi imkanlarının bərpası, eləcə də Dövlət Komitəsinin həyata keçirdiyi psixososial dəstək və maarifləndirmə tədbirləri barədə məlumat verib. Həmçinin 2026–2028-ci illər üçün “Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı”na toxunaraq qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, rəqəmsal və yaşıl iqtisadiyyatda iştirakının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Çıxışın yekununda qadınların sülh quruculuğunda iştirakına dair təcrübə mübadiləsinin genişləndirilməsi, münaqişədən təsirlənmiş qadınlar və ailələrə dəstək, qadın sahibkarlar üçün mentorluq və yeni bacarıqların inkişafı sahələrində birgə təşəbbüslərin təşviqi təklif olunub. Tədbirin sonunda yekun sənəd qəbul edilib.

Dövlət Komitəsinin sədr müavini Serbiyada beynəlxalq konfransda çıxış edib
7 oktyabr 2026-cı il tarixində Serbiyanın Belqrad şəhərində “Gələcək nəsillər üçün tərəfdaşlıqların qurulması” mövzusunda Qadınların Siyasi və İqtisadi Səlahiyyətləndirilməsi üzrə 2-ci Beynəlxalq Nazirlər Konfransı keçirilib. Konfransda ölkəmizi təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edib. O bildirib ki, müasir dünya dərin və sürətli transformasiya proseslərindən keçir, rəqəmsallaşma, süni intellektin inkişafı və dayanıqlı inkişaf modelinə keçid yeni iqtisadi və sosial reallıqlar formalaşdırır. Mövcud şəraitdə dayanıqlı inkişafın təmin edilməsi hər bir insanin bilik, bacarıq, istedad və potensialından səmərəli şəkildə istifadə olunmasını zəruri edir. S. Qəhrəmanova qeyd edib ki, mövcud problemlərin öyrənilməsi və hərtərəfli təhlili ehtiyacların düzgün müəyyənləşdirilməsinə və effektiv siyasətlərin formalaşdırılmasına imkan verir. Aparılan sistemli işlərin nəticəsi olaraq 2025-ci ildə Azərbaycan Respublikasında 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı qəbul edilib. Çıxışda gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması istiqamətində formalaşdırılmış institusional mexanizmlərə də diqqət çəkilib. Bildirilib ki, regionlarda uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir, bələdiyyələrdə “Ailə və dayanıqlı inkişaf” komissiyaları yaradılıb, yerli icra hakimiyyəti orqanları yanında isə “Məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupları” fəaliyyət göstərir. Məişət zorakılığına qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayan S. Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu sahədə xüsusi mexanizmin formalaşdırıldığını vurğulayıb. Sədr müavini qadınların dövlət idarəçiliyində və hüquq-mühafizə orqanlarında təmsilçiliyində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib. Bildirib ki, daxili işlər orqanlarında xidmət keçən əməkdaşların 12 faizini qadınlar təşkil edir ki, bu da 4 134 nəfərdir. Qadın vəkillərin ümumi sayda payı isə 26,6 faiz təşkil edir. O, qadınların rəqəmsal və innovativ sahələrdə iştirakının genişləndiyini də diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan qadınları texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrə getdikcə daha çox daxil olur, rəqəmsal bacarıqlarını inkişaf etdirirlər. Çıxışda qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının roluna da toxunulub. Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqinə toxunan Sədaqət Qəhrəmanova 2020-ci ildə kənd təsərrüfatı sektorunda elektron məlumat sisteminin istifadəyə verildiyini bildirib. Qeyd edib ki, bu sistem dövlət və fermerlər arasında yeni münasibətlərin rəqəmsal təməlinə çevrilib. Monitorinq sistemi qadın fermerləri bitki xəstəlikləri və zərərvericilərin yayılması riski barədə 72 saat əvvəlcədən xəbərdar etməyə, həmçinin dəyişən iqlim şəraiti ilə bağlı məlumat verməyə imkan yaradır. Sədaqət Qəhrəmanova çıxışında nəsillərarası əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, gələcək nəsillərin potensialının reallaşdırılması üçün müxtəlif nəsillərin təcrübə, bilik, enerji və innovativ yanaşmalarının bir araya gətirilməsi vacibdir. O, bu kimi beynəlxalq tədbirlərin dialoq və yeni tərəfdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi ilə görüşüb
7 oktyabr 2026-cı il tarixində keçirilən görüşdə qadınların hüquq və imkanlarının genişləndirilməsi, rəqəmsal mühitdə qadınların təhlükəsizliyinin təmin edilməsi, gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə olunub. Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin qurumları və onların region üzrə nümayəndəlikləri ilə əməkdaşlığın davamlı məsləhətləşmələrlə müşayiət olunduğunu qeyd edib. B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təşviqi istiqamətində UN Women ilə bir sıra mühüm layihələr həyata keçirilib. O, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə birgə reallaşdırılan təşəbbüslərin müvafiq mexanizmlərin formalaşdırılmasına, eləcə də qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb. 2026–2028-ci illər üçün “Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın icrasının aidiyyəti qurumlarla birgə icra etdirildiyini vurğulayan Bahar Muradova, həmçinin rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlarla yanaşı, qadınlar üçün meydana çıxan yeni çağırış və təhlükələrə diqqət çəkib. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini bildirən sədr qadınların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərdən qorunması və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Kaori İşikava Azərbaycanla UN Women arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirərək bu sahədə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib. Kaori İşikava rəqəmsal zorakılığın, o cümlədən süni intellektdən istifadə ilə bağlı yarana biləcək risklərin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. Bu istiqamətdə 16 günlük fəallıq kampaniyası çərçivəsində birgə tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb. Görüşdə, həmçinin regional və qlobal tədbirlərdə iştirak və təmaslardan maksimum yararlanmağın əhəmiyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün dördgünlük təlimə başlanılıb
6 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, eləcə də onlara göstərilən sosial xidmətlərin və inklüziv təhsil imkanlarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə dördgünlük təlimə başlanılıb. Təlimin əsas məqsədi əlilliyi olan şəxslərlə çalışan mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi, müasir yanaşmalar və qabaqcıl təcrübə əsasında göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş iki mütəxəssis tərəfindən keçirilən təlimdə TƏBİB-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edirlər. Təlimin ilk günündə erkən uşaqlıq dövründə inkişaf və müdaxilə yanaşmaları, əlilliyi olan şəxslərin ehtiyaclarının ilkin qiymətləndirilməsi, fərdi yanaşmanın əhəmiyyəti, ailə ilə əməkdaşlıq və xidmətlərin planlaşdırılması mövzularında təqdimatlar və müzakirələr keçirilib. İştirakçılara nəzəri məlumatlarla yanaşı, praktiki yanaşmalar və Türkiyə təcrübəsi təqdim olunub, konkret hallar üzərindən fikir mübadiləsi aparılıb. Dörd gün davam edəcək təlim çərçivəsində erkən uşaqlıq müdaxiləsi, inklüziv təhsil, fərdi xidmət planlarının hazırlanması, müstəqil həyat bacarıqlarının dəstəklənməsi, ailələrlə effektiv əməkdaşlıq, həmçinin konkret halların təhlili üzrə mövzuların əhatə olunması nəzərdə tutulur.

Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib
5 oktyabr 2026-cı il tarixində “Rabitəbank” ASC-nin Baş ofisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçirilib. Görüşdə cari il ərzində ali məktəblərə qəbul olmuş şəhid xanımları və şəhid anaları iştirak ediblər. Tədbir proqram haqqında hazırlanmış filmin nümayişi ilə başlayıb. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib və belə mühüm təşəbbüsün irəli sürülməsinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. ABA prezidenti qadınların və gənc qızların təhsili və inkişafına yönəlmiş müxtəlif layihələrdə iştirak etdiklərini qeyd edərək, şəhid xanımlarının təhsilinə dəstək məqsədi daşıyan bu təşəbbüsün xüsusi mənəvi və sosial əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Banklar Assosiasiyası və bank sektorunun üzvləri şəhidlərə, qazilərə və onların ailələrinə həssas münasibət nümayiş etdirən bu kimi təşəbbüsləri bundan sonra da dəstəkləməyə hazırdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin artıq altıncı dəfə həyata keçirildiyini qeyd edib. O, proqram çərçivəsində məzunların yetişməsini, iştirakçıların qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətinə töhfə verməsini mühüm amil kimi qiymətləndirib. Komitə sədri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının əsas vəzifələrdən biri olduğunu bildirib. O, şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsinin, potensiallarının reallaşdırılmasının və ictimai həyatda fəal iştirakının dəstəklənməsinin vacibliyini vurğulayıb. Bahar Muradova diqqətə çatdırıb ki, şəhid ailələrinə göstərilən dəstək yalnız maddi və mənəvi yardımla məhdudlaşmamalı, onların özünəinamının və gələcəyə inamının gücləndirilməsini, cəmiyyətə fəal töhfə vermələri üçün imkanların yaradılmasını da əhatə etməlidir. Komitə sədri növbəti mərhələdə şəhid xanımlarının məzunlar şəbəkəsinin yaradılması, Liderlik Məktəbinin təsis edilməsi, İKT və rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də “Vətənpərvərlik səfirləri” proqramının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müxtəlif sahələrdə təhsil alan və çalışan şəhid xanımlarının gələcəkdə mentor kimi fəaliyyət göstərərək təcrübələrini digər iştirakçılarla bölüşməsi də layihənin əsas istiqamətlərindən olacaq. Bahar Muradova bildirib ki, hazırkı layihə çərçivəsində 19 şəhid xanımı və 2 şəhid anası olmaqla, ümumilikdə 21 nəfər ali təhsil almaq imkanı əldə edib. O, iştirakçıları təhsil hüquqlarını yenidən reallaşdırmaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. “Zəfər” təşkilatının rəhbəri Sevinc Alızadə şəhid ailələrinin bir araya gətirilməsi və onların ictimai həyatda fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq qadınların yanında olmağa davam edəcəklərini bildirən Sevinc Alızadə, xüsusilə təhsili uğurla başa vuran qadınların işlə təmin olunmasının vacibliyini vurğulayıb. Daha sonra proqram iştirakçıları çıxış edərək təəssüratlarını bölüşüblər. Onlar təhsil almağın və bilik-bacarıqlarını inkişaf etdirməyin həm şəxsi inkişafları, həm də övladlarının gələcəyi baxımından əhəmiyyətini qeyd ediblər. Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından, şəhidlərimizin əmanət qoyduğu övladların dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından və onların gələcəyinin əmin əllərdə olmasından danışılıb. Şəhid xanımları həyat yoldaşlarının Vətən və xalq qarşısında keçdikləri şərəfli yolu layiqincə davam etdirməyi mənəvi məsuliyyət hesab etdiklərini bildiriblər. Qeyd ediblər ki, övladlarını böyüdərkən, həm ana, həm də cəmiyyətin fəal üzvü kimi üzərlərinə düşən vəzifələri yerinə yetirərkən həyat yoldaşlarının xatirəsindən və onların qoyub getdikləri mənəvi irsdən güc alırlar. İştirakçılar proqramın onlar üçün yeni təhsil və inkişaf imkanları yaratdığını, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərinə mühüm töhfə verəcəyini vurğulayıblar. Bildiriblər ki, yaradılan imkanlar onların öz gələcəkləri ilə yanaşı, övladlarının təhsil və inkişafına da müsbət təsir göstərəcək. Sonda “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində ali məktəblərə qəbul olmuş şəhid xanımlarına və şəhid analarına sertifikat və hədiyyələr təqdim olunub.

Cəzaçəkmə müəssisələrindən azad olunmuş qadınlar üçün rəqəmsal bacarıqlar üzrə təlimlərə start verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,“Maestro School” və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş qadınlar üçün “Qadınların Rəqəmsal Bacarıqlarının İnkişafı ” adlı təlimlərə start verilib. Təlimlərin keçirilməsinin əsas məqsədi qadınların cəmiyyətə inteqrasiyası, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, İT sahəsində yeni biliklər əldə etməklə məşğulluq və müasir rəqəmsal alətlərdən istifadə imkanlarının artırılmasıdır. Qeyd edək ki, təlimlər 2 oktyabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində keçiriləcək. Təlimlərdə 15 nəfər qadın iştirak edir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi