Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Uşaq mütəxəssisləri üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üç gün davam edən təlimlər başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın 4.2.6-cı bəndinə müvafiq olaraq uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə, 29-30 sentyabr və 1 oktyabr 2026-cı il tarixlərində “Erkən uşaqlıq dövrünün inkişafı kordinasiyalı iş” mövzusunda Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında təlimlər keçirilib. Erkən uşaqlıq dövrünün inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, uşaqların, həmçinin əlilliyi və sağlamlıq imkanları məhdud kateqoriyaya aid olan 0-8 yaşlı şəxslərin sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsinə, onların gələcək rifahına və insan kapitalının formalaşmasına xidmət edir. Gəncə və Naftalan şəhərləri ilə yanaşı, Daşkəsən, Goranboy, Samux, Göygöl, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən təlim proqramı çərçivəsində ilk olaraq 29 sentyabr 2026-cı il tarixində “Leyla Medical Centeri”n baş həkimi, həkim-pulmonoloq Lalə Rəhimova tərəfindən “Erkən uşaqlıq dövründə sağlamlıq, qidalanma və erkən müdaxilə” mövzusunda keçirilən təlimə sahə üzrə tibb işçiləri cəlb edilib. 30 sentyabr 2026-cı il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova tərəfindən “Erkən uşaqlıq dövründə inkişaf və keyfiyyətli erkən təhsil” mövzusuna həsr olunmuş təlim çərçivəsində təhsil müəssisələrində azyaşlı uşaqlarla çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində təlim təşkil olunub. Uşaqların emosional və sosial rifahını təmin etmək məqsədilə 1 oktyabr 2026-cı il tarixində təşkil edilmiş Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov tərəfindən “Erkən uşaqlıq dövründə psixoloji inkişaf və sağlam mühitin formalaşdırılması” mövzusunda keçirilən son təlimdə isə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında fəaliyyət göstərən psixoloqlar və sosial işçilər iştirak edib. Həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq və digər uşaq mütəxəssislərinin iştirak etdiyi təlimlərə ümumilikdə 180 nəfər cəlb olunub, təlim proqramını uğurla başa vuran iştirakçılara isə müvafiq sertifikatlar təqdim olunub.

Ətraflı
Bahar Muradova “Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı olub

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin növbəti görüşü baş tutub. Görüşün qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub. Bakı Slavyan Universitetində keçirilən görüşdə Bahar Muradova “Dövlət idarəçiliyində və cəmiyyətdə insan kapitalı: qanunvericilik, siyasət və fərdi məsuliyyət” mövzusunda çıxış edib. Görüş zamanı dövlət idarəçiliyində insan kapitalının rolu, təhsilin insanın şəxsi və peşəkar inkişafındakı əhəmiyyəti, ailə dəyərləri və müasir ailə modeli barədə fikirlər səsləndirilib. Bahar Muradova öz təhsil və karyera yolundan danışaraq qazandığı təcrübələri, peşəkar fəaliyyəti ilə bağlı bilik və bacarıqları iştirakçılarla bölüşüb. Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafı yalnız qanunvericilik və dövlət siyasəti ilə deyil, eyni zamanda hər bir fərdin öz məsuliyyətini dərk etməsi, bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməsi ilə mümkündür. Görüş zamanı qadınların və qızların təhsil almasının, onların ictimai həyatda və peşəkar fəaliyyətində fəal iştirakının əhəmiyyətinə də toxunulub. Fikir mübadiləsi formatında keçirilən görüş çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Ətraflı
“Sağlam ailə dövlətin gücüdür” mövzusunda görüş təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, eləcə də “Ailəm könüllüləri"nin və Nərimanov rayon fəallarının iştirakı ilə “Sağlam ailə dövlətin gücüdür” mövzusunda görüş keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətdə ailə institutunun mühüm roluna diqqət çəkmək, milli-mənəvi dəyərlərin qorunmasını, sağlam ailə münasibətlərini təşviq etmək və gəncləri bu istiqamətdə maarifləndirməkdir. Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və Nərimanov Rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov iştirak ediblər. Görüş zamanı ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, gənclərin ailə həyatına hazırlanması, eləcə də sağlam ailənin dövlətin və cəmiyyətin inkişafındakı rolu barədə geniş fikir mübadiləsi aparılıb. Sonunda iştirakçı gənclər sertifikatla təltif olunublar.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Dəyərlərimizi ötürək” mövzusunda maarifləndirici görüşlər keçirilib, tənha ahıl şəxslərin evlərinə ailə səfərləri təşkil edilib. Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, ahıl şəxslər, gənclər, gənc ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə ailə dəyərlərinin cəmiyyətin əsas mənəvi dayaqlarından biri olduğu, böyüklərə hörmət, qayğı və diqqətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, ahıl nəslin zəngin həyat təcrübəsi və mənəvi irsi gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Tədbirlər zamanı nəsillərarası əlaqələrin möhkəmləndirilməsinin, ailə daxilində qarşılıqlı hörmət və ünsiyyətin qorunmasının vacibliyi diqqətə çatdırılıb, gənc nəslin milli-mənəvi dəyərlər, nümunəvi ailə modeli və həyat təcrübəsi ilə tanış olmasında yaşlı nəslin rolundan bəhs edilib. Görüşlər iştirakçılar arasında fikir mübadiləsi və səmimi müzakirələrlə davam edib.

Ətraflı
Sədaqət Qəhrəmanova AQEM Media Forumunda çıxış edib

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova forum çərçivəsində təşkil edilən “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq, nəticələr” mövzusunda paneldə çıxış edib. O, qadınların rəqəmsal imkanlarının genişləndirilməsi, onların rəqəmsal təhlükəsizliyinin təmin olunması və AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərlə bağlı sualları cavablandırıb. S.Qəhrəmanova qeyd edib ki, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və süni intellekt qadınlar və qızlar üçün təhsil, məşğulluq, sahibkarlıq, bacarıqların inkişafı və ictimai iştirak baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal çıxış və bacarıqlar sahəsində mövcud fərqlərin aradan qaldırılmasının, eləcə də qadın və qızların onlayn mühitdə gender əsaslı zorakılıq, ayrı-seçkilik və digər risklərdən qorunmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin sədr müavini Azərbaycanın AQEM-ə sədrliyi dövründə qadınların davamlı inkişafda və ictimai həyatda rolunun gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Bu çərçivədə 14 aprel 2026-cı ildə Bakıda keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın qadınların davamlı inkişafda, iqtisadi və ictimai həyatda, eləcə də innovasiya və rəqəmsal sahələrdə rolunun müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. S.Qəhrəmanova, həmçinin Azərbaycanın AQEM sədrliyi dövründə qadın məsələləri üzrə institusional dialoqun gücləndirilməsi və AQEM Qadınlar Şurasının fəaliyyətə başlamasını mühüm nəticələrdən biri kimi diqqətə çatdırıb. O, Şuranın ilk iclasında qadın sahibkarlar üçün regional platformanın yaradılması, biznes əlaqələrinin və tərəfdaşlıqların genişləndirilməsi, bazarlara və investisiya imkanlarına çıxışın artırılması, eləcə də qadın ekspertlərin iştirakı ilə regional ekspert şəbəkəsinin formalaşdırılması ilə bağlı təkliflərin irəli sürüldüyünü deyib. S.Qəhrəmanova AQEM Qadınlar Şurasının tematik tədbirlərin, ekspert müzakirələrinin, qadın liderlər və sahibkarlar arasında regional şəbəkələşmənin, təcrübə mübadiləsi platformalarının və birgə təşəbbüslərin təşviqinə töhfə verə biləcəyini bildirib.  Sonda S.Qəhrəmanova, Özbəkistan telekanallarına müsahibə verib. 

Ətraflı
“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib

30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib. Təlim zamanı korrupsiyaya qarşı mübarizə sahəsində əsas anlayışlar, qanunvericiliyin tələbləri, korrupsiya risklərinin qarşısının alınması və dövlət qulluqçularının bu istiqamətdə vəzifələri barədə məlumat verilib. Bununla yanaşı, dövlət qulluğunda etik davranışın əsas prinsipləri, etik normalara riayət olunmasının əhəmiyyəti və xidməti fəaliyyət zamanı qarşıya çıxa biləcək etik dilemmaların həlli yolları da diqqətə çatdırılıb. Təlim çərçivəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabbarov tərəfindən korrupsiyaya qarşı mübarizənin hüquqi çərçivəsi, dövlət qulluqçularının davranış standartları, etik prinsiplər və onların praktiki tətbiqi ilə bağlı ətraflı təqdimat edilib. Həmçinin korrupsiya ilə mübarizə və etik davranış qaydalarına dair müddəaların gündəlik iş fəaliyyətində tətbiqi məsələləri izah olunub. Təlim interaktiv müzakirələr şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında müxtəlif iş situasiyaları nəzərdən keçirilib. Dövlət qulluqçularının qarşılaşa biləcəkləri halların qanunvericiliyin tələbləri və etik prinsiplər çərçivəsində qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ətraflı
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25 sentyabr 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Xanagah, Goranboy rayonunun Nadirkənd, Göygöl rayonunun Çaykənd, Qəbələ rayonunun Vəndam, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Naharlı, Sabirabad rayonunun Surra, Zaqatala rayonunun Maqov, Zərdab rayonunun Yarməmmədbağı kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, aliment, müalicə və sosial müavinətlər, əlilliyin müəyyən edilməsi, məktəbli ləvazimatları ilə təminat, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 53 nəfər vətəndaşın müraciəti dinlənilib.  Müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Layihənin növbəti qonağı Ağdam rayonundan olan Ağayevlər ailəsidir. Əlövsət Ağayev 8 mart 1962-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində müəllim ailəsində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat müəllimliyi ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 41 ildir pedaqoji fəaliyyətlə məşğul olan Ə.Ağayev təhsil sahəsindəki xidmətlərinə görə müxtəlif mükafatlarla təltif edilib. Həyat yoldaşı Adilə Ağayeva 30 sentyabr 1967-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman-ingilis dili ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində İngilis dili müəllimi kimi çalışır. 35 ildən çox evli olan Ağayevlər ailəsinin 3 övladı (2 qız, 1 oğlan) və 3 nəvəsi var. Hər üç övladı ali təhsil alıb. Ə.Ağayev: “İlk növbədə gənclərə tövsiyəm odur ki, ailə anlayışını dərk edib ailə qursunlar. Sağlam ailə sağlam gələcəyin təminatçısıdır və ailənin uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa, ortaq məxrəcə gələ bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir”. A.Ağayeva: “Gənclərə tövsiyəmiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birlərini yaxşı tanısınlar, xasiyyətlərini, həyata baxışlarını, məqsədlərini anlasınlar. Ailə qurmaq yalnız sevgi deyil, həm də məsuliyyətdir. İnsan bu məsuliyyətə hazır olmalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Ailədə hər şey arzulanan kimi getməyə bilər, amma əsas odur ki, tərəflər bir-birinə dayaq olsun. Münasibətlər düzgün qurularsa, ailə bu çətinliklərin öhdəsindən rahatlıqla gələ bilər. Ailə qarşılıqlı sevgi, hörmət və diqqət üzərində qurulmalıdır. Bu dəyərlər qorunduğu müddətdə ailə də möhkəm və uzunömürlü olur. Maddi çətinliklər müvəqqətidir, amma mənəvi bağlar möhkəm olduqda ailə daha güclü olur. Xoşbəxt ailə təsadüfən yaranmır o, hər gün göstərilən diqqət, qayğı və sevgi ilə qurulur və qorunur”.

Ətraflı
Dövlət Komitəsi tərəfindən əlilliyi olan qadınlar üçün onlayn təlimlərə start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Maestro School”-un əməkdaşlığı ilə 23 sentyabr 2026-cı il tarixindən etibarən  “Fundamental İT bilikləri və ilkin rəqəmsal bacarıqlar” mövzusunda onlayn təlimlərə start verilib. Təlimlərin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasının və məşğulluq imkanlarının artırılması, iştirakçıların fundamental İT və ilkin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal alətlərdən gündəlik və peşəkar fəaliyyətlərində daha səmərəli istifadə imkanlarının artırılması, həmçinin onların özünəinam və motivasiyasının gücləndirilməsidir. Qeyd edək ki, təlimlər 23 sentyabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində, onlayn formatda keçiriləcək. Təlimlərdə 15 nəfər əlilliyi olan qadın iştirak edib. 

Ətraflı