Media
Xəbərlər
Daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində daimi dövlət qulluğuna qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qulluğunun cəmiyyət və dövlət qarşısında yüksək məsuliyyəti olan ən şərəfli fəaliyyət sahələrindən biri olduğunu qeyd edərək, dövlət qulluğu sisteminin inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlardan bəhs edib. O, həyata keçirilən islahatların peşəkarlığın, şəffaflığın və səmərəliliyin artırılmasına xidmət etdiyini bildirib. B.Muradova, daimi dövlət qulluğuna qəbul olunan əməkdaşları dövlətçilik prinsiplərinə və andlarına sadiq qalmağa çağırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra daimi dövlət qulluğuna qəbul olunan Nurəddin Babazadə, Bahar Həsənli və Aysel Babayeva and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər. Sonda daimi dövlət qulluğuna qəbul olunmuş əməkdaşlara qəbulu təsdiq edən şəhadətnamələr təqdim edilib.

Bahar Muradova Autizm Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bahar Muradova Autizm Mərkəzinin fəaliyyəti ilə tanış olub Ziyarət çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri mərkəzdə autizmli uşaqlar üçün yaradılmış şərait, həyata keçirilən təhsil, reabilitasiya və inkişaf proqramları ilə yaxından tanış olub, uşaqların sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına yönəlmiş təlim prosesini izləyib. Mərkəzin rəhbəri Aytən Eynalova bildirib ki, Mərkəz Heydər Əliyev fondu tərəfindən tikilərək istifadəyə verilib. 10 ildir fəaliyyət göstərən Autizm Mərkəzinin yeni binası 2021-ci il dekabrın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Hazırda mərkəzlərdə 100-ə yaxın neyrofərqli şəxsə xidmət göstərilir, burada beynəlxalq təcrübəyə əsaslanan Tətbiqi Davranış Analizi (ABA Therapy) metodundan istifadə olunur. Eyni zamanda, yüzlərlə mütəxəssis və könüllü üçün təlimlər təşkil edilib, bir sıra yerli və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub. Səfər çərçivəsində autizmli gənclərin sosiallaşmasına və məşğulluğuna dəstək məqsədilə fəaliyyət göstərən “Kaşalata” kafesi də ziyarət olunub. Qeyd edilib ki, kafenin inklüziv iş mühitində autizmli gənclər peşə və gündəlik həyat bacarıqlarına yiyələnir, əmək fəaliyyətinə cəlb olunaraq cəmiyyətə daha fəal inteqrasiya edirlər. Bildirilib ki, Birliyin həyata keçirdiyi Dəstəkli Məşğulluq Modeli çərçivəsində indiyədək 19 neyrofərqli şəxs müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunub. Həmçinin, autizmli şəxslərin və ailə üzvlərinin iştirakı ilə fəaliyyət göstərən inklüziv atelyedə müxtəlif əl işləri və məhsullar hazırlanaraq satışa çıxarılır. Bahar Muradova autizmli şəxslərin cəmiyyətə tamhüquqlu inteqrasiyasına xidmət edən bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, onların dəstəklənməsinin vacibliyini qeyd edib.

Sumqayıtda vətəndaş qəbulu keçiriləcək
Sumqayıtda vətəndaş qəbulu keçiriləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 10 iyul 2026-cı il tarixində, saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin müraciətlərinə baxılacaq.

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə yenidən start verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 30 iyun-2 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Biləsuvar rayonuna növbəti səfər təşkil olunub. Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bəydili, Əsgərabad, Xırmandalı, Təzəkənd və Aşağı Cürəli kəndlərində 125 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Təlimlərin sonunda uşaqlara mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb, müxtəlif bədii kitablar hədiyyə edilib.
“Ailəm könüllüləri” sertifikatlar ilə təltif olunublar
Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər 30 iyun 2026-cı il tarixində sertifikatlarla təltif olunublar. 2026-cı ilin yanvar-iyun ayları ərzində “Ailəm könüllüləri” proqramına qoşulmaq məqsədilə Dövlət Komitəsinə ümumilikdə 142 gənc müraciət edib. Keçirilən çoxmərhələli seçim prosesinin nəticəsi olaraq, yüksək potensiala malik olan 36 gənc proqrama üzv seçilmiş, onlardan könüllülük fəaliyyətini uğurla yekunlaşdıran 34 nəfər sertifikata layiq görülüb. Altı ay ərzində könüllülərin fərdi və peşəkar inkişafının təmin edilməsi, habelə onların sosial aktivliyinin artırılması məqsədilə intensiv işlər görülüb. Belə ki, “Ailəm könüllüləri” 10 genişmiqyaslı təlimdə, həmçinin 34 müxtəlif dövlət tədbirində, sosial aksiyada, humanitar və beynəlxalq layihələrdə aktiv iştirak ediblər. Keçirilən tədbirlər çərçivəsində öz intellektual biliklərini və komanda ilə iş bacarıqlarını nümayiş etdirən könüllülər qatıldıqları bir çox yerli və beynəlxalq miqyaslı tədbirlərdə, intellektual və idman müsabiqələrində yüksək nəticələr göstərərək mühüm uğurlar qazanmışdır.

İşğaldan azad edilmiş ərazilərdə interaktiv təlimlər təşkil edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhali ilə psixososial işin aparılması istiqamətində tədbirlərin davamı olaraq valideyn və uşaqlara interaktiv təlimlər keçilib. Təlimlər Dövlət Komitəsinin tabeliyində olan Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları – psixoloqlar Günay Qarayeva və Aytac Əliyeva, sosial iş üzrə mütəxəssislər Hacıağa Nəbiyev və Mirkazım Mirzəyev tərəfindən 30 iyun-02 iyul tarixlərində keçirilib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə tam orta ümumtəhsil məktəbi, Xocavənd şəhər məktəbi, Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlər iştirakçıların yeni mühitə uyğunlaşmasına, ailədaxili ünsiyyətin gücləndirilməsinə və psixososial rifahın dəstəklənməsinə töhfə verib. Açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Aytən Bayramova və Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin direktor əvəzi Loğman Məmmədov təlimlərin əhəmiyyətindən danışıblar. Təlimlər iki istiqaməti əhatə edib. 8-16 yaş arası uşaqlarla keçirilən psixoloji treninqlərin məqsədi yeniyetmələrdə özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, sağlam ünsiyyət vərdişlərinin formalaşdırılması, fəal dinləmə qabiliyyətinin artırılmasına dəstək göstərilməsi olub. "Valideyn bacarıqlarının artırılması" mövzusunda təlim isə adaptasiya dövründə valideynlərin ailədaxili münasibətlərdə assertiv (özünəəmin) ünsiyyət modelinin inkişaf etdirilməsi, uşaqların görünməyən psixoloji və emosional ehtiyaclarının qarşılanması, fəal dinləmə qabiliyyətinin artırılması, eləcə də konfliktlərin konstruktiv şəkildə idarə olunmasına psixososial dəstək göstərilməsini hədəfləyib. Ümumilikdə 241 nəfərin iştirak etdiyi təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 1 iyul 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, Göygöl rayonu, İsmayıllı rayonunun Topçu, Qəbələ rayonunun Savalan, Ağdam rayonunun Ayaq Qərvənd, Goranboy rayonunun Yenikənd, Hacıqabul rayonunun Pirsaat, Saatlı rayonunun Çolpı, Sabirabad rayonunun Nizami, Zaqatala rayonunun Bazar, Zərdab rayonunun Pərvanlı kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə psixoloji konsultasiya, Mərkəzlərlə əməkdaşlıq, aliment, ailədaxili məsələlərin tənzimlənməsi, müalicə və sosial müavinətlər, əlilliyin müəyyən edilməsi, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə 77 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

“Ailəmiz – ən güclü dəyərimiz” şüarı altında festival keçirilib
30 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində panel sessiyası təşkil edilib. Sessiyada açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, müasir dövrdə ailələrin birlikdə keyfiyyətli vaxt keçirməsi və sağlam ünsiyyətin qorunmasının cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, sürətlə dəyişən dünya, informasiya texnologiyalarının inkişafı və artan informasiya axını ailədaxili münasibətlərə təsir göstərərək ünsiyyətin azalmasına səbəb olur. Ailədaxili münasibətlərin zəifləməsi və fərdiyyətçiliyin güclənməsinin ailə institutunun qarşısında duran əsas çağırışlardan olduğunu vurğulayan A.Sofiyeva, ailə dəyərlərinin möhkəmləndirilməsi, vətəndaş məsuliyyətinə malik gənclərin yetişdirilməsinin və ailələrin birgə fəaliyyətinin təşviqinin xüsusi əhəmiyyətinə diqqət çəkib. Çıxışda həmçinin qeyd olunub ki, Azərbaycan dövləti ailələrin rifahının yaxşılaşdırılması və ailə institutunun gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bildirilib ki, ailə artıq təkcə sosial institut deyil, həm də dövlətin dayanıqlı inkişafı üçün strateji resurs hesab olunur. Bu istiqamətdə yeni konseptual sənədlərin hazırlanması üzərində iş aparıldığı və mövcud çağırışların belə bir yanaşmanı zəruri etdiyi diqqətə çatdırılıb. Aparıcı- jurnalist Ramal Hüseynovun moderatorluğu ilə baş tutan paneldə Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Rəna Axundova, Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Fatimə Həbibova və Səhiyyə Nazirliyinin 2 saylı Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov çıxış ediblər. Sessiyada ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafında ailənin rolu, ailə dostu şəhər mühiti, rəqəmsal dövrdə ailə münasibətləri, eləcə də emosional zəkanın ailədaxili ünsiyyətə təsiri kimi aktual mövzular müzakirə olunub. Çıxışlarda ailənin milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin sağlam formalaşmasında əsas rol oynadığı vurğulanıb. Qeyd edilib ki, ailə institutunun möhkəmləndirilməsi, ailə dostu şəhər mühitinin formalaşdırılması, sağlam ailə münasibətlərinin təşviqi və gənclərin uğurunda ailə dəstəyinin gücləndirilməsi cəmiyyətin davamlı inkişafının əsas amillərindəndir. Eyni zamanda, rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin edilməsi, süni intellekt və sosial şəbəkələrdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması, valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsi və sağlam psixoloji mühitin yaradılmasının müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Çıxışlar dinlənildikdən sonra ekspertlərlə interaktiv müzakirələr və sual-cavab sessiyası keçirilib. Eyni zamanda Komitənin könüllülük proqramını uğurla başa vuran “Ailəm könüllüləri” sertifikatlarla təltif olunublar. Festivalın növbəti hissəsində hazırlanan müxtəlif interaktiv guşələrdə rəsm, əl işləri və eko ailə çadırları, stolüstü oyunlar, eləcə də “Ailə mesajı”, “Nağıl dünyası”, face-art və oriqami guşələri uşaqların və valideynlərin böyük marağına səbəb olub. Sonda iştirakçılar üçün rəngarəng konsert proqramı təşkil olunub. Bədii proqram çərçivəsində tanınmış incəsənət xadimləri və musiqi kollektivlərinin çıxışları təqdim olunub, müxtəlif musiqi və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Qeyd edək ki, layihənin məqsədi ailə dəyərlərinin təbliği, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin bu istiqamətdə maarifləndirilməsinə töhfə vermək olub.

“Sosial işin idarə olunması” mövzusunda təlim keçirilib
24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının peşə bacarıqlarının artırılması məqsədilə Qəbələ UADM-də “Sosial işin idarə olunması” mövzusunda təlim keçirilib. Açılış nitqi ilə çıxış edənQəbələ UADM-in direktoru Nərmin Cabbarlı iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Daha sonra Şüvəlan UADM-in əməkdaşları – sosial iş üzrə mütəxəssisi Nasir Hüseynov “Sosial işin idarə olunmasının əsas prinsipləri”, Aytac İbrahimova “Uşaq müdafiəsi sahəsində aparılan sosial işin mərhələləri”, Goranboy UADM-in sosial iş üzrə mütəxəssisi Hacıağa Nəbiyev “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə sosial işin aparılması”, Sabirabad UADM-in sosial iş üzrə mütəxəssisi Məhəbbət Yəhyayev isə “Erkən və qohum evlilikləri zamanı aparılan sosial işin mərhələləri” mövzularında çıxış ediblər. Təlim çərçivəsində Göygöl UADM-in sosial iş üzrə mütəxəssisi Mirkazım Mirzəyev tərəfindən “Himayədar ailə” mövzusu üzrə fərdi hal (keys) təhlili həyata keçirilib. Tədbirin praktiki hissəsində Qəbələ UADM-in psixoloqu Nailə Kərimli tərəfindən “Birlikdə həll”, Aytac İbrahimova tərəfindən isə “Sürətli qərar” adlı canlandırıcı oyunlar təqdim olunub. Gələcəkdə də bu istiqamətdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi