Media
Xəbərlər

Bahar Muradova Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb
Bahar Muradova Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb. İkitərəfli görüş zamanı ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığı, xalqlarımız arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb, sosial əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib. Həmçinin qurumlarası gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.

“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və mövzunun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Orta Dəhliz məsələsi üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat və logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm vasitə kimi qəbul edilməkdədir. Komitə rəsmisi dəyərlərin, mədəniyyətlərin və insan resurslarının şərqdən qərbə və əks istiqamətə keçidinə şərait yarada biləcək Orta Dəhlizin həm də ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq hədəfinə xidmət edən innovativ modellərin və təcrübələrin əlçatanlığının əvəzsiz təminatçısı kimi çıxış etdiyini diqqətə çatdırıb. B. Muradova bildirib ki, dayanıqlı inkişaf strategiyalarının mərkəzində insan kapitalı, hədəfində isə birmənalı olaraq Ailə dayanır. Bu səbəbdən müasir cəmiyyətdə ilk növbədə ailənin dayanıqlılığı, uşaqların rifahı təkcə sosial siyasətin deyil, həm də təhlükəsizlik, iqtisadi və rəqəmsal strategiyaların əsas prioritetindən biri olmalıdır: “Türk dövlətləri olaraq bizim ortaq dəyər sistemimizdə ailə müqəddəsdir, qadın isə həm ailənin, həm də cəmiyyətin aparıcı qüvvəsi, qoruyucu dayağıdır. Qadının təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və texnologiyada, xüsusilə də rəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz də bir o qədər dayanıqlı və çevik inkişaf edə bilər” - deyə o əlavə edib. Azərbaycanda ailə mühiti ilə rəqəmsal reallıq arasında balansın qorunmasına, qadınlar və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaranmasında xüsusi önəm verildiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, bunun ən gözəl nümunələrini ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş şəhər və kəndlərimizdə infrastrukturun yenilənməsində bariz şəkildə görmək olar. “Yaşıl İnkişaf və Ekoloji Dəyərlər kimi anlayışların türk dünyasında bərqərar olmasına gedən yol ilk növbədə Ailədən başlayır” - deyən B. Muradova diqqətə çatdırıb ki, ekoloji dəyişikliklərə uyğun sosial siyasətlərin formalaşdırılması və Yaşıl İnkişafa keçid yalnız böyük texnoloji layihələr və beynəlxalq sazişləri ehtiva etmir, bu, hər bir ailədə – uşaqların dünyagörüşündə, qadınların seçimlərində, ailələrin gündəlik davranışlarında özünü göstərməli olan dəyər və məsuliyyət hissidir. O qeyd edib ki, Azərbaycan ailə yönümlü ekoloji siyasətlərə – məktəbəqədər təhsildən başlayaraq, qadın sahibkarlığında yaşıl təşəbbüslərin dəstəklənməsinə qədər – geniş bir yanaşma təqdim edir. Çıxışının yekununda Komitə sədri qeyd edib ki, bu gün aparılan müzakirələr geosiyasi əlaqələrimizi tamamlayan yeni sosial və humanitar əməkdaşlıq platformaları barədə mövqelərin uzlaşdırılmasına şərait yaradacaq, birlikdə formalaşdıracağımız strategiyalar isə Türk dövlətlərini birgə gələcəyə daha inamla aparacaq. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə tədbir davam edib. O, Orta Dəhlizin yalnız coğrafi məkan deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, onu həm də bütöv bir ekosistem kimi dəyərləndirib. V. Qasımlı 360 dərəcəlik yanaşmanın geosiyasətdən tutmuş rəqəmsal transformasiyaya, ailə və yaşlıların inkişafına qədər bir çox məsələləri əhatə etdiyini diqqətə çatdıraraq, Orta Dəhlizi həm də sosial-iqtisadi, sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkan kimi, geniş bir ekosistem kimi dərk etmənin vacibliyini vurğulayıb. Panel müzakirələrdə iştirak edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Orta Dəhlizin türk dövlətləri arasında ailə əlaqələrinin daha geniş formatda inkişafına töhfə verən bir layihə olduğunu qeyd edərək, quru ilə dənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqları yaxınlaşdıran mədəniyyət yolu olduğunu vurğulayıb. Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türkdilli dövlətlərinin öz gücünü hər zaman ailədən aldğını qeyd edərək, övladlarını şəhid verdiyi zaman “Vətən sağolsun” kəliməsini səsləndirən anaların baş tacı olduğunu deyib. O, Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü. Çıxış edən TDT baş katibinin müavini Ömər Kocaman deyib ki, Orta Dəhliz sadəcə iqtisadi, ticari inkişafa əsaslanmır, dünya ölkələrinin mədəni inkişafına da töhfə verir. Mədəni inkişaf isə birbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədə ölkələrimizin çox ciddi layihələri var: “Cəmiyyətin və xalqın inkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyik” - deyə o əlavə edib. Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir. Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib və dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir. “Tarixdən gələcəyə: İpək Yolunun Mirası və Mədəni İnteqrasiya” mövzusunda çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa İpək Yolunun tarixi əhəmiyyətindən, onun mədəni əlaqələrin inkişafındakı rolundan və bu irsin müasir dövrdə inteqrasiyaya verdiyi töhfələrdən bəhs edib. Energetika nazirinin müavini Elnur Soltanov “Orta dəhliz və enerji təhlükəsizliyi: Yaşıl Tranzit İmkanları” mövzusunda çıxış edərək, Azərbaycanın ənənəvi enerji sahəsində lokomotiv rolunu oynadığını, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzminə malik olduğunu qeyd edib. Onu da əlavə edib ki, süni intellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyası üçün unikal imkanlar açır. Natiqlər mədəni inkişafın birbaşa ailəyə təsir göstərdiyini qeyd edərək, cəmiyyətin və xalqın inkişafında ailənin önəmli rol oynadığını, TDT-nin ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyini diqqətə çatdırıblar. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir Bahar Muradovanın bağlanış nitqi ilə yekunlaşıb. O, tədbir iştirakçılarına fəal iştiraklarına və verdikləri töhfəyə görə təşəkkür edərək, tədbirin ikinci gününə uğurlar arzulayıb.

TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib
11 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasına hazırlıq məqsədilə TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib. TDT baş katibinin müavini Ömər Kocaman iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, daha sonra iclasın Birgə Kommunike sənədinin müddəalarını diqqətə çatdıraraq təkliflərini verib. İclasın moderatoru Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva qonaqları salamlayaraq, TDT-nin Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin və ekspertlərin 2-ci iclasının gündəlikləri barədə məlumat verib. C.Rəhmətullayeva daha sonra, ötən il İstanbul şəhərində keçirilən 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkəmizdə görülən işlər və həyata keçirilən dövlət ailə siyasətindən danışıb. O bu sahədə reallaşdırılan layihə və tədqiqatlar barədə məlumat verərək, onların xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. Aparat rəhbəri qeyd edib ki, hazırda Komitə tərəfindən bu sahənin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası” hazırlanır. Çıxışının sonunda C. Rəhmətullayeva Komitənin bu sahədə bütün tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb. Daha sonra ekspertlər 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkələrində görülmüş işlər barədə məlumatları diqqətə çatdıraraq, gündəlikdə duran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar. İclasın sonunda Birgə Kommunike sənədinə ekspertlər tərəfindən verilən təkliflər müzakirə edilərək, yekun sənəd razılaşdırılıb.

“Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib. Tədbir Türk dünyasında ailənin önəmindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb. Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş salamlama nitqi ilə çıxış edərək türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə daşımağın vacibliyini qeyd edib. Vurğulayıb ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə İli” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir: “Eləcə də, ötən il Türkiyədə ilk dəfə həyata keçirdiyimiz ailə və sosial siyasət sahəsindəki görüşlər, Türk dünyasında ailə siyasətinə dair əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir”. Nazir bildirib ki, Türk dövlətləri, ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu isə ailənin qorunması və gücləndirilməsi istiqamətində atılan addımlar gələcəyin formalaşmasında böyük rol oynayacaq. O, yan tədbirlərin təşkili və bu mövzuda əməkdaşlığın inkişafında Azərbaycanın xüsusi rolu vurğulayıb və görüşün Türk Dövlətləri Təşkilatı üçün faydalı olacağına inamını ifadə edib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hər kəsi salamlayıb və Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb. B.Muradova bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir: “Fəaliyyətimizin mərkəzində ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların rifahı, gender bərabərliyi və rəqəmsal mühitdə təhlükəsizlik dayanır”— deyə Komitə sədri vurğulayıb. Muradova TDT çərçivəsində ailə siyasətləri üzrə əməkdaşlığın gücləndirilməsini vacib hesab etdiklərini qeyd edib. O, ortaq layihələrin həyata keçirilməsi, daimi əlaqələndirmə imkanlarının nəzərdən keçirilməsi, gənc ailələr və valideynlər üçün ortaq təlim və maarifləndirmə platformalarının yaradılması kimi təşəbbüsləri dəstəklədiklərini bildirib. Sədr, xüsusilə ortaq elmi tədqiqatların və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu cür əməkdaşlıq ailə siyasətlərinin daha uyğun və effektiv şəkildə formalaşmasına töhfə verəcək. Gənclərin ailə dəyərləri ilə bağlı daha çox maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan B.Muradova, bu baxımdan, Gənc Ailə Forumu kimi təşəbbüslərdən yaranan müsbət sinerji, gənclərin ailəyə bağlılığını və ailə həyatına hazırlığını artırmaq üçün mühüm platformaya çevrilə biləcəyini əlavə edib. Rəqəmsal transformasiyanın yaratdığı imkanlar və risklər fonunda ailələrin, xüsusilə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayan Komitə sədri, rəqəmsal savadlılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Sədr çıxışında yaşıl inkişaf kontekstində ailə siyasətlərinə yeni yanaşmaların daxil edilməsinin də əhəmiyyətini qeyd edib. O, ailə daxilində ekoloji dəyərlərin təşviqi və qadınların yaşıl iqtisadiyyatda iştirakı sahəsində birgə layihələrin aktuallığını vurğulayıb. Muradova, həmçinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə aparılan bərpa və quruculuq işlərindən bəhs edərək, yeni sosial infrastrukturun qurulmasının ailə, qadın və uşaq rifahını prioritetə çevirdiyini bildirib. Bu prosesin TDT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Sonda Bahar Muradova, Türk Dövlətləri Təşkilatının “ailə” anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsini təqdir etdiklərini bildirib və ortaq dəyərlər, ortaq məsuliyyət, ortaq gələcək prinsipi əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan edib. Daha sonra Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov və Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nazir müavini Turdiboyeva Rano, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanın çıxışları dinlənilib. Tədbir müzakirələrlə davam edib.

Ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin nümayəndə heyətləri Fəxri Xiyabanı ziyarət ediblər
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin nümayəndə heyətləri Fəxri Xiyabanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini və Zəfər abidə kompleksini ziyarət edərək abidələrin önünə gül dəstələri düzüblər.

ürk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində saat 10:00-da “Four Seasons Baku” otelinin Segah zalında Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir. Mərasimdə türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən film nümayiş etdiriləcəkdir. Daha sonra saat 11:00-da “Gənc Ailə Forumu” (Segah zalı) və Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası öz işini davam etdirəcəkdir. (Rast zalı) Tədbirlər çərçivəsində TDT-yə üzv dövlətlərin ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlikləri tərəfindən həmin ölkələrin milli mədəniyyətini əks etdirən atributlardan, geyimlərdən milli mətbəx nümunələrindən və ailə fotoşəkillərindən ibarət sərgi təşkil ediləcəkdir. Saat 16:00-da baş tutacaq bağlanış mərasimində rəsmilərin yekun nitqləri dinləniləcək, eyni zamanda milli irsimizə xas olan geyim nümunələri nümayiş etdiriləcəkdir.Tədbirlər türkdilli dövlətlərin musiqi nömrələrinin ifası ilə yekunlaşacaqdır.

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində saat 10:00-da “Four Seasons Baku” otelinin Segah zalında Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir. Mərasimdə türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən film nümayiş etdiriləcəkdir. Daha sonra saat 11:00-da “Gənc Ailə Forumu” (Segah zalı) və Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası öz işini davam etdirəcəkdir. (Rast zalı) Tədbirlər çərçivəsində TDT-yə üzv dövlətlərin ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlikləri tərəfindən həmin ölkələrin milli mədəniyyətini əks etdirən atributlardan, geyimlərdən milli mətbəx nümunələrindən və ailə fotoşəkillərindən ibarət sərgi təşkil ediləcəkdir. Saat 16:00-da baş tutacaq bağlanış mərasimində rəsmilərin yekun nitqləri dinləniləcək, eyni zamanda milli irsimizə xas olan geyim nümunələri nümayiş etdiriləcəkdir.Tədbirlər türkdilli dövlətlərin musiqi nömrələrinin ifası ilə yekunlaşacaqdır.

Regionlarda ekoloji tərbiyənin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 2-5 iyun 2025-ci il tarixlərində təhsil müəssisələrində və istirahət parklarında “İnsan Hüquqları Aylığı” çərçivəsində və 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə mərkəzlərin əməkdaşları, ekspertlər, müəllimlər, gənc ailələr, valideynlər, şagirdlərin iştirakı ilə ekoloji tərbiyənin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilib, ağacəkmə və təmizlik aksiyaları təşkil edilib. Görüşlərdə qeyd edilib ki, dünyada bu günün qeyd edilməsində məqsəd insanlarda ətraf mühitin mühafizəsinə töhfə verməsini təşviq etmək, ekoloji problemlərin həllinə daha çox insanın diqqətini cəlb etməkdir. Ekspertlər ekoloji tərbiyənin ailədə başladığını vurğulayaraq, uşaqlarla ekoloji mövzuda söhbət aparılması, o cümlədən onlarda yaşadığı yerə, bitkilərə, güllərə, ev heyvanlarına qayğı ilə yanaşmaq vərdişlərinin aşılanması, suyun, qida məhsullarının qənaətlə istifadə edilməsi, ətraf mühitin təmizliyinin orqanizmə təsiri, məişət tullantılarının düzgün şəkildə emalı, həyətyanı sahələrin təmiz saxlanılması, yaşıllığa qulluq qaydası və s. barədə danışıblar. Yekunda iştirakçıları maraqlandıran suallar cavabılandırılıb.

Şuşa və Xankəndidə məktəblilər üçün “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda təlimlər keçirilib
4–5 iyun 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə və Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 6–9-cu sinif şagirdləri üçün “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda maarifləndirici təlimlər keçirilib. Təlimlərin əsas məqsədi internet platformalarından və sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarını məktəblilərdə formalaşdırmaq, şəxsi məlumatların qorunması, kibertəhlükələrdən müdafiə və bu sahədə hüquqi tənzimləmələrlə bağlı məlumatlandırmanı təmin etmək olub. Təlimçi qismində çıxış edən Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Sevil Rəsulzadə internetin zərərli təsirləri, kibertəhlükələrlə mübarizə üsulları, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı təqdimatla çıxış edib. O, həmçinin bu prosesdə valideyn və müəllimlərlə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Təlimlər çərçivəsində uşaqlara “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun barədə də məlumat verilib. Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağızadə tərəfindən məlumatlandırıcı çap materialları təqdim olunub və informasiya məhsullarının yaş həddinə görə təsnifatı haqqında ətraflı izahat verilib. İnteraktiv şəkildə keçən təlimlər zamanı məktəblilərin sualları cavablandırılıb, müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi