“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfrans çərçivəsində panel sessiya keçirilib

25 noyabr 2026 18:21

Paylaş:

Panel sessiyada Azərbaycan Respublikası Baş Prokurorluğunun, Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələrinin çıxışları dinlənilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev prokurorluq orqanlarının gender əsaslı zorakılıqla mübarizə, qanunvericiliyin tələblərinin təmin edilməsi və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinə toxunub.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaqların müdafiəsi, zorakılığın qarşısının alınmasında təhsil müəssisələrinin rolu və bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyəti barədə danışıb.

Ədliyyə Nazirliyinin İcra Xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsinin rəisi Pərviz Əliyev zorakılıqla bağlı məhkəmə qərarlarının icrası, mühafizə orderlərinin tətbiqi və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsində icra mexanizmlərinin əhəmiyyətini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili Departamentinin müdiri Məftunə İsmayılova gender əsaslı zorakılığa qarşı mübarizədə sosial xidmətlərin rolundan, sosial xidmət mərkəzlərində dəstək və müdafiə tədbirlərinin təkmilləşdirilməsi imkanlarından, eləcə də aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Xəyalə Həsənova daxili işlər orqanlarının zorakılıq hallarının qarşısının alınması, zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətinə diqqət çəkib.

Daha sonra Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə mövzu ətrafında panel müzakirəsi aparılıb.

Moderator müzakirəyə başlayaraq iştirakçıları peşəkar təcrübələrini bölüşməyə, mövzu ətrafında fikir və təkliflərini səsləndirməyə dəvət edib.

Müzakirə zamanı Azərbaycanın mövcud hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, qanunvericilikdə nəzərdə tutulan müdafiə tədbirlərinin praktikada tətbiqi və zərərçəkmiş şəxslərin müdafiəsinin təmin olunması zamanı qarşılaşılan çətinliklər diqqətə çatdırılıb.

Bununla yanaşı, zorakılığa məruz qalan qadınların şikayət etməsinə mane olan sosial, iqtisadi, psixoloji və ailədaxili amillər, real təhlükə şəraitində onların müdafiəsinin təmin edilməsi, eləcə də təkrar zorakılıq hallarının qarşısının alınması üçün mövcud mexanizmlərin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda “Ailə könüllüləri”nin iştirakı ilə hazırlanmış “Birlikdə Güclüyük” fleşmobu nümayiş etdirilib. Fleşmob birlik, həmrəylik və ictimai dəstəyin gender əsaslı zorakılığa qarşı mübarizədə əhəmiyyətini ifadə edib.

Qeyd edək ki, konfransın əsas məqsədi gender əsaslı zorakılığa qarşı mübarizədə dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və ictimaiyyət arasında əməkdaşlığın və birgə məsuliyyətin gücləndirilməsi, zərər çəkmiş şəxslərin müdafiəsi, ədalətin təmin olunması və zorakılığa qarşı dözümsüzlük mühitinin formalaşdırılması istiqamətində səylərin birləşdirilməsidir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və bu istiqamətdə ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.