“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib

25 noyabr 2026 17:04

Paylaş:

25 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində konfrans təşkil olunub. 

Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə kampaniya şüarı olan “Qadınlara və qızlara qarşı zorakılığa son, ədalətin təmini, zərər çəkənlərin müdafiəsi, cəzasızlığa son vermək üçün birləşək” çağırışı tədbirin əsas mesajını təşkil edib.

Açılış nitqi çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gender əsaslı zorakılığa qarşı mübarizənin yalnız hüquq pozuntusu kimi deyil, insan hüquqlarına, ictimai təhlükəsizliyə, ailə institutuna və cəmiyyətin dayanıqlı inkişafına təsir edən kompleks problem kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirdiyini, son illərdə qanunvericiliyin təkmilləşdirilməsi, zərərçəkmiş şəxslərin müdafiə imkanlarının genişləndirilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi sahəsində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna edilmiş son dəyişikliklərin müdafiə sisteminin imkanlarını genişləndirdiyini bildirərək, dövlət hesabına pulsuz hüquqi yardımın təmin edilməsi, mühafizə orderlərinin müddətlərinin uzadılması, zərərçəkmiş şəxslərin barışığa sövq edilməsinin yolverilməzliyinin təsbit olunması və təkrar hüquq pozuntularına görə məsuliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O həmçinin Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planının qəbul edilməsini, erkən və məcburi evliliklərin qarşısının alınması, uşaqların müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik dəyişikliklərini dövlət siyasətinin ardıcıllığının göstəricisi kimi dəyərləndirib.

B.Muradova, hüquqi mexanizmlərin səmərəliliyinin onların praktikada tətbiqi ilə ölçüldüyünü vurğulayaraq, Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları yanında monitorinq və əlaqələndirmə qruplarının yaradılmasının mühüm institusional yenilik olduğunu bildirib. Bu mexanizmin zorakılıq hallarına əlaqələndirilmiş müdaxiləyə, müraciətlərin izlənilməsinə və zərərçəkmiş şəxslərin müdafiəsi üzrə tədbirlərin sistemli qiymətləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

B.Muradova məişət zorakılığı ilə bağlı bir sıra statistik göstəriciləri diqqətə çatdıraraq, bu göstəricilərin hər birinin arxasında insan taleyinin dayandığını, əsas vəzifənin qanunvericilikdə yaradılmış imkanları real müdafiə nəticələrinə çevirməkdən ibarət olduğunu qeyd edib. O, eyni zamanda zorakılığı törədən şəxslərlə profilaktik işin gücləndirilməsinin və təkrar zorakılığın qarşısının alınmasının müdafiə sisteminin ayrılmaz hissəsi olduğunu söyləyib.

B.Muradova gender əsaslı zorakılığa qarşı mübarizənin bütün aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, medianın və beynəlxalq tərəfdaşların birgə səylərini tələb etdiyini vurğulayaraq, qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. O, zorakılığın qarşısının alınmasında maarifləndirmənin, cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılmasının və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. 

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxışında zorakılığın, xüsusilə də qadın və qızlara qarşı zorakılığın bu gün də dünyada ciddi narahatlıq doğuran qlobal problemlərdən biri olduğunu bildirib. O, Azərbaycanda zorakılığın bütün formalarına qarşı mübarizə istiqamətində dövlət səviyyəsində ardıcıl və institusional tədbirlərin həyata keçirildiyini deyib.

Ə. Əhmədov, Azərbaycan cəmiyyətində qadına və qıza hörmətin, ailəyə və uşaqlara qayğının milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, son 20–25 ildə Azərbaycan qadınının cəmiyyətdə sosial rolunun əhəmiyyətli dərəcədə dəyişdiyini söyləyib. Əlavə edib ki, qadınlar bu gün təhsil, elm, iqtisadiyyat, sahibkarlıq, dövlət idarəçiliyi və ictimai-siyasi həyatın müxtəlif sahələrində daha fəal iştirak edirlər.

Bu prosesin cəmiyyətin insan və iqtisadi potensialının genişlənməsinə mühüm töhfə verdiyini bildirən Əli Əhmədov, qadınların fəal ictimai mövqeyinin milli dəyərlərlə ziddiyyət təşkil etmədiyini, qadınların ictimai həyatda fəal iştirakı ilə ailə dəyərlərinin qorunmasının bir-birini tamamlayan proseslər olduğunu deyib.

O, zorakılığın ailədaxili münasibətlərə və ailənin bütövlüyünə ciddi təsir göstərdiyini qeyd edərək, sağlam ailə münasibətlərinin formalaşdırılması, gənclərin ailə həyatına hazırlanması və ailə dəyərlərinin təbliği istiqamətində maarifləndirmənin gücləndirilməsinin vacibliyini söyləyib.

Əli Əhmədov gender əsaslı zorakılığın qarşısının alınmasında cəmiyyətin zorakılığa qarşı dözümsüz mövqeyinin formalaşdırılmasını mühüm amil kimi qiymətləndirib. Bildirib ki, xüsusilə qadın və qızların müdafiəsi istiqamətində daha həssas və prinsipial yanaşma nümayiş etdirilməlidir.

Azərbaycan dövlətinin zorakılığın qarşısının alınmasını hərtərəfli siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edən Əli Əhmədov belə tədbirlərin ictimai həssaslığın artırılmasına və zorakılığa qarşı mübarizənin gücləndirilməsinə töhfə verdiyini deyib.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, gender əsaslı zorakılığın insan hüquqları, ictimai təhlükəsizlik və cəmiyyətin inkişafı baxımından yaratdığı problemlərə diqqət çəkib. Bildirib ki, hər il noyabrın 25-də başlayan və dekabrın 10-dək davam edən 16 günlük fəallıq kampaniyası qadınlara qarşı zorakılıqla mübarizə və insan hüquqlarının müdafiəsi arasında birbaşa əlaqəni nümayiş etdirir.

H.Hüseynova qeyd edib ki, dünyada bu sahədə görülən işlərə baxmayaraq, zorakılıq hallarının azalması çox ləng gedir. BMT-nin məlumatlarına istinad edən deputat bildirib ki, son 20 ildə zorakılıq göstəriciləri ildə cəmi 0,2 faiz azalıb. 2025-ci ildə 83 min qadın və qız qəsdən öldürülüb, onların 60 faizi həyat yoldaşları, keçmiş həyat yoldaşları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib. Bu isə hər gün orta hesabla 137 qadın və qızın həyatını itirməsi deməkdir.

Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlərdən danışan H.Hüseynova 2010-cu il 22 iyun tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun, eləcə də Cinayət, İnzibati Xətalar və Ailə məcəllələrinin bu sahədə mühüm hüquqi baza olduğunu qeyd edib. Əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, qəbul edilən qanunların çevik və səmərəli icra mexanizmlərinin olması da vacibdir.

Qadınlara və qızlara münasibətin ailədə formalaşan tərbiyə və dəyərlərlə sıx bağlı olduğunu diqqətə çatdıran H.Hüseynova, bildirib ki, oğlan uşaqlarında anaya və qadınlara hörmət, qız uşaqlarında isə özünəinam və təhlükəsizlik hissinin formalaşdırılması gələcək nəsillərin sağlam münasibətlərinin qurulmasında mühüm rol oynayır.

Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonun video müraciəti nümayiş olunub. O, müraciətində Azərbaycanda məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə hüquqi və siyasi çərçivənin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. 

D.Şlapaçenko, 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə MFP-nin qəbulunu gender bərabərliyinin təşviqi, ayrı-seçkiliyin aradan qaldırılması və qadınlarla qızların üzləşdiyi problemlərə institusional reaksiyanın gücləndirilməsi baxımından mühüm irəliləyiş kimi qiymətləndirib. O, gender əsaslı zorakılığa qarşı mübarizənin baş vermiş hallara müdaxilə ilə yanaşı, profilaktika, erkən müdaxilə, sistemli maarifləndirmə və qadınlarla qızların uzunmüddətli səlahiyyətləndirilməsini əhatə etməli olduğunu bildirib. 

Bu prosesə kişilərin və oğlanların cəlb edilməsinin, eləcə də onlayn təqib və süni intellekt vasitəsilə yaradılan sui-istifadə hallarından irəli gələn yeni risklərin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. O, gender bərabərliyinin təşviqi və qadınlarla qızlar üçün dəstək sistemlərinin gücləndirilməsi istiqamətində Dövlət Komitəsinin hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə birgə fəaliyyətini yüksək qiymətləndirib.

Rəsmi açılışdan sonra qadınlara qarşı zorakılıqla mübarizəyə dair tanınmış ictimai şəxslərin video müraciəti təqdim edilib.

Tədbir çərçivəsində təşkil edilən panel sessiyada Baş Prokurorluğun, Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələrinin çıxışları dinləniləcək.