Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

19 noyabr 2026 16:09

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində 20 oktyabr-20 noyabr 2026-cı il tarixləri ərzində uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, hüquq və maraqlarının təşviqi məqsədilə müxtəlif formatlı maarifləndirici və inkişafetdirici tədbirlər, icma görüşləri təşkil olunub. 

Tədbirlər çərçivəsində uşaqların ilkin texnoloji bacarıqlarının inkişaf etdirilməsi və rəqəmsal iştirakçılığının təşviqi, eləcə də ekoloji tərbiyənin formalaşdırılması, sağlam həyat tərzinin təbliği mövzularında təlimlər keçirilib. Bununla yanaşı, uşaqlarda mütaliə vərdişlərinin təşviqinə, paylaşma və həmrəylik dəyərlərinin aşılanmasına xidmət edən “Kitabımı paylaşıram” adlı aksiya həyata keçirilib.

 

Aylıq çərçivəsində uşaqların şəxsi inkişafı, özünüdərki və psixoloji rifahının dəstəklənməsi məqsədilə “Şəxsiyyət yüksəlişi” adlı psixoloji treninqlər, həmçinin valideynlərin övladlarının tərbiyəsi və inkişafı prosesində rolunun gücləndirilməsinə yönəlmiş “Valideynlik bacarıqları” mövzusunda tədbirlər təşkil edilib. Keçirilən tədbirlər uşaqların intellektual, sosial və emosional inkişafına dəstək göstərilməsi, ailə dəyərlərinin möhkəmləndirilməsi, məsuliyyətli valideynlik yanaşmasının təşviqi və uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılmasına xidmət edib.

 

Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə Mərkəzlərin, müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər, könüllülər, rayon ictimaiyyətinin və Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak ediblər.