Rəqəmsal mühitin ailəyə təsiri müzakirə edilib

19 noyabr 2026 16:52

Paylaş:

19 noyabr 2026-cı il “Rəqəmsal həyatın ailəyə təsiri: hüquqi və sosial yanaşmalar” mövzusunda tədbir təşkil olunub. Tədbirin əsas məqsədi müasir dövrdə rəqəmsal mühitin ailədaxili münasibətlərə təsirini araşdırmaq, uşaqların onlayn təhlükəsizliyini təmin etmək və rəqəmsal məkanda baş verən hüquq pozuntularına qarşı effektiv mübarizə mexanizmlərini müzakirə etməkdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Qəmərxanım Cavadlı salamlama nitqləri ilə çıxış ediblər. Natiqlər rəqəmsallaşma dövründə ailə dəyərlərinin qorunmasının və bu sahədə dövlət-ictimaiyyət əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Tədbirin panel hissəsində mütəxəssislər aktual mövzularda məruzələrlə çıxış ediblər.

“Virtual dünya, real münasibətlər: rəqəmsal mühit ailədə nəyi dəyişir?” mövzusunda Beynəlxalq Kouçinq Federasiyasının (ICF-in) Azərbaycan bölməsinin prezidenti, PCC sertifikatlı peşəkar kouç Ebru Kaya Çaymaz rəqəmsal texnologiyaların ailədaxili ünsiyyətə psixoloji və sosial təsirlərindən bəhs edib.

“Süni intellekt, sosial media və uşaqların rəqəmsal təhlükəsizliyi” mövzusunda çıxış edən Vəkillər Kollegiyasının üzvü Şəbnəm Tağıyeva uşaqların internet mühitində qarşılaşa biləcəyi risklər və onların qorunması yolları barədə məlumat verib.

“Ailə mübahisələrinin mediasiya yolu ilə həlli” mövzusunda Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru, mediator və hüquqşünas, İctimai Şuranın sədr müavini Venera Əsgərova ailə münaqişələrinin məhkəməyəqədər sülh yolu ilə tənzimlənməsinin üstünlüklərini diqqətə çatdırıb.

“Kiberbullinq, rəqəmsal mühitdə hüquq pozuntuları və müdafiə vasitələri” mövzusunda isə hüquq üzrə fəlsəfə doktoru, vəkil və auditor Vüsalə Muradxanlı onlayn zorakılıq halları və vətəndaşların hüquqi müdafiə mexanizmləri haqqında ətraflı təqdimat edib.

Məruzələrdən sonra tədbir iştirakçıları arasında ümumi müzakirələr və sual-cavab sessiyası keçirilib. Tədbir Vüsalə Muradxanlının yekun və bağlanış nitqi ilə başa çatıb.