“Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib

20 noyabr 2026 15:37

Paylaş:

20 noyabr 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Xumar İlqarqızı təqdimatla çıxış edib.

Təqdimat zamanı əmək qanunvericiliyində gender bərabərliyinin gücləndirilməsi istiqamətində edilmiş son dəyişikliklər, eyni və ya bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipinin təmin edilməsi, eləcə də 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının prioritetləri barədə məlumat verilib.

Bununla yanaşı, iş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında gender məsələləri üzrə məsul şəxslərin rolu, gender bərabərliyinin mövcud vəziyyətini əks etdirən statistik göstəricilər, qadınların məşğulluq və sahibkarlıq fəaliyyətində, rəhbər vəzifələrdə, həmçinin qərarqəbuletmə proseslərində təmsilçiliyi diqqətə çatdırılıb. Dövlət Komitəsinin gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumat verilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri və qeyri-dövlət sektorunu təmsil edən ümumilikdə 120-yə yaxın şəxs iştirak edib.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınlar və kişilər üçün bərabər imkanların yaradılması mövzularında fikir mübadiləsi aparılıb.

Həmçinin iştirakçılara “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hazırlanmış Dövlət Komitəsinin 2025-ci il üzrə illik Məlumatı təqdim olunub.