Media
Xəbərlər

Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Bu layihə çərçivəsində müxtəlif bölgələrdə yaşayan, uzunömürlü və möhkəm ailə münasibətləri ilə seçilən ailələrin həyat təcrübələri, ailə dəyərlərinə baxışları və gənc nəslə tövsiyələri ictimaiyyətlə bölüşülür. Növbəti qonağımız Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir. 49 ildir birgə ömür sürən Gözəlovlar ailəsinin 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsil alaraq müxtəlif sahələrdə fəaliyyət göstərir və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ailənin başçısı Əlisafa Gözəlov uzun illər Dəmiryol İdarəsində və “Azərpoçt” müəssisəsində çalışıb, hazırda təqaüddədir. Həyat yoldaşı Gülüstan Almazova isə uzun illər təhsil sahəsində müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərib. Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən G.Almazova hazırda təqaüddədir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt və uzunömürlü evliliyin sirri nədədir? G.Almazova: “Uzunömürlü və xoşbəxt ailə həyatımızın əsas sirri qarşılıqlı anlaşma, hörmət və güzəştə getməyi bacarmağımızdadır”. Ə.Gözəlov: “Biz hər zaman bir-birimizi dinləmiş, fikir və qərarlarımıza anlayışla yanaşmışıq. Yəni sözün əsl mənasında, birimizin sözü digərimiz tərəfindən qəbul olunub və dəyərləndirilib”. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əlbəttə, hər bir ailədə olduğu kimi, bizim ailədə də zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar baş verir. Lakin biz bu hallarda emosiyalara qapılmadan, sakit və qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirə etməyə üstünlük veririk. Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır ? G.Almazova: “Övladların vətənə, dövlətə layiqli insan kimi yetişməsi ilk növbədə ailədən başlayır. Mən həmişə çalışmışam ki, uşaqlarıma nəzarət edim. Onların tərbiyəsi, davranışı, kimlərlə ünsiyyətdə olmaları daim diqqətimdə olub. Eyni zamanda, uşaqlara düzgün dəyərlər aşılamaq, onlara zəhmətkeşliyi, böyüyə hörməti, kiçiyə qayğını öyrətmək çox vacibdir. Hesab edirəm ki, sevgi, nəzarət və düzgün tərbiyə birlikdə olduqda, övladlar cəmiyyət üçün faydalı və layiqli vətəndaş kimi yetişirlər”. Valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz? Ə.Gözəlov: “Övladlarımı sərtliklə yox, daha çox söhbət və nəsihətlə tərbiyə etməyə üstünlük vermişəm. Onların fikrinə də dəyər vermişik, amma düzgün yol göstərməyi də unutmamışıq. Hesab edirəm ki, valideyn-övlad arasında hörmət, etibar və səmimi münasibət olduqda ailə daha möhkəm olur”. G.Almazova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən vacib tərəfidir. Mən bu məsələyə hər zaman ciddi yanaşmışam. Həm evdə, həm də işimdə qazandığım təcrübə mənə göstərib ki, uşaqlarla münasibət təkcə nəzarət deyil, eyni zamanda düzgün istiqamət vermək və onları dinləmək deməkdir”. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Düzünü desək, bu gün geriyə baxdıqda övladlarımızın tərbiyəsi ilə bağlı xüsusi bir təəssüf hissi keçirmirik. O dövrün imkanları və şəraiti daxilində bacardığımız qədər düzgün tərbiyə verməyə, onlara yol göstərməyə çalışmışıq. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmaq istəyən gənclərə ən əsas məsləhətimız odur ki, tələsik qərar verməsinlər və bir-birini yaxşı tanımağa vaxt ayırsınlar. Ailə təkcə sevgi üzərində yox, həm də qarşılıqlı hörmət, səbir və anlayış üzərində qurulmalıdır. Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz? Gənc ailələrə ən böyük məsləhətimiz odur ki, ailəni qorumağın əsasını qarşılıqlı hörmət, səbir və anlayış təşkil edir. Ailə qurmaq təkcə birlikdə yaşamaq deyil, həm də bir-birinə dayaq olmaq, çətin gündə də, xoş gündə də bir komanda kimi hərəkət etmək deməkdir. Sevgi ilə yanaşı, hörmət və etibar da daim qorunmalıdır. Hörmətli Gözəlovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

“Ailəm könüllüləri” Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri” proqramı iştirakçılarının Qəbələ rayonuna səfəri təşkil olunub. Səfər zamanı gənclər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər. Görüşdə “Ailəm könüllüləri”nin üç aylıq fəaliyyət dövründə əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə interaktiv yarış keçirilib. Proqram çərçivəsində iştirakçıların dünyagörüşünün genişləndirilməsi məqsədilə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya da təşkil olunub. Burada gənclər arxeoloji eksponatlarla tanış olub, Azərbaycanın qədim tarixini əks etdirən maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə ediblər. “Ailəm könüllüləri” proqramı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclərin ictimai fəallığının artırılması, onların sosial təşəbbüslərə cəlb olunması, eləcə də milli-mənəvi və ailə dəyərlərinin təbliği məqsədilə uğurla həyata keçirilir.

“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqları üçün seminarlar başa çatıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəb psixoloqları üçün“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi”mövzusunda seminarlar başa çatıb. Son seminar 3 iyun 2026-cı il tarixdə Bərdə rayonunda keçirilib. Seminar məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi və psixoloji yardım göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsi məqsədi ilə təşkil edilib. Bərdə Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini diqqətə çatdırıb, mövzunun aktuallığını vurğulayıb. Daha sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Məişət zorakılığının diaqnostikası və fəsadları”, Bərdə Loqos psixoloji və nitq mərkəzinin psixoloqu Əşrəf Quliyev “Məişət zorakılığı fonunda böyüyən uşaqlara məktəbdə psixoloji dəstək” mövzusunda təqdimatla çıxış ediblər. Seminar sual-cavab sessiyası ilə davam edib. Ümumilikdə ölkə üzrə 6 rayonu əhatə edən təlim proqramı çərçivəsində seminarlar daha öncə Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron və Quba rayonlarında da keçirilib.

“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir. Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub. Həyat yoldaşı Raya Məmmədova 1952-ci ildə Göygöl rayonunda anadan olub. Ali təhsillidir. Kirovabad (Gəncə) Pedaqoji Məktəbində rəsmxət və rəsm müəllimliyi ixtisası üzrə təhsil alıb. Uzun illər Pənahlılar kənd orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. Bununla yanaşı, xalçaçılıq sənəti ilə də məşğul olub. 50 ildən artıqdır birgə ömür sürən Həsənovlar ailəsinin 6 qız övladı, 16 nəvəsi və 4 nəticəsi var. Övladlarının hər biri ailə həyatı qurub və hazırda böyük, mehriban bir ailə olaraq həyatlarını davam etdirirlər. Nəvələrinin əksəriyyəti ali təhsil alıb, bir qismi isə artıq müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb. - Xoşbəxt ailənin sirri nədədir? Nazim Həsənov: “Xoşbəxt ailənin əsas sirri qarşılıqlı anlayış, hörmət və bir-birini dinləməkdir. Ailədə mehribanlıq və səbir olduqda bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Eləcə də ailədə anlaşılmazlıqların həlli üçün sakit şəkildə müzakirə aparmaq, düzgün ünsiyyət çox vacibdir. Hər kəs bir-birini dinləməli və ortaq qərara gəlməlidir”. - Ailədə valideyn-övlad münasibətləri necə qurulmalıdır? Raya Məmmədova: “Övladlarımıza düzgün tərbiyə vermək, onların təhsilinə diqqət yetirmək və daim valideyn nəzarətində saxlamaq vacibdir. Ailədə valideyn-övlad münasibətləri hərzaman qarşılıqlı hörmət və qayğı üzərində qurulmalıdır. Uşaqların fikrinə hörmət edilməli,eyni zamanda onlara məsuliyyətli olmaq aşılanmalıdır”.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib. Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.

Komitə sədri Bahar Muradova "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim–mənim hüquqlarım” mövzusunda keçirilən konfrans çərçivəsində Komitə sədri Bahar Muradova media nümayəndələri üçün brifinq keçirib. Brifinq zamanı jurnalistlərin uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qızların təhsilinə dəstək layihələri,“Roblox” platformasının Azərbaycandakı fəaliyyəti və uşaqların zərərli informasiyadan qorunması sahəsində həyata keçirilən tədbirlər, eləcə də ölkənin demoqrafik göstəriciləri ilə bağlı sualları cavablandırılıb. Bahar Muradova bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və onların qanunvericiliklə qorunan hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. O vurğulayıb ki, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, onların hüquq və maraqlarının qorunması istiqamətində həm dövlət qurumları, həm də cəmiyyətin bütün üzvləri məsuliyyət daşıyırlar. Komitə sədri media nümayəndələrini uşaqlarla bağlı mövzuları daim diqqətdə saxlamağa, onların işıqlandırılmasında həssas və məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırıb.

“Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib. 1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib. Konfransdan öncə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Bununla yanaşı, uşaqların maraq və bacarıqlarının nümayiş etdirilməsi məqsədilə yaradıcılıq, musiqi və “Uşaq tribunası” guşələri təşkil olunub. Tədbirdən əvvəl “Uşaq tribunası” guşəsində uşaqlara öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı yaradılıb. Konfransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqların hüquq və mənafelərinin qorunmasına diqqətin artırılması, onların rifahı, sağlamlığı, təhsili və təhlükəsiz gələcəyi naminə birgə səylərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaqların rifahının, təhlükəsizliyinin, təhsil və sağlamlıq hüquqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüslərinin bu sahədə mühüm nəticələrə töhfə verdiyini qeyd edib. Bahar Muradova Dövlət Komitəsinin son bir il ərzində uşaq hüquqlarının müdafiəsi, maarifləndirmə və ictimai iştirakçılığın təşviqi istiqamətində geniş fəaliyyət həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, müxtəlif təlim, seminar, konfrans və layihələr minlərlə uşaq və ailəni əhatə edib. B. Muradova Dövlət Komitəsinin uğurlu təşəbbüslərindən birinin uşaqların qərarvermə və ictimai iştirakçılıq proseslərinə cəlb olunması olduğunu diqqətə çatdırıb. O, Uşaq Səfirlər Məclisi və Uşaqların İnkişafı Platformasının ölkədə uşaqların səsinin eşidildiyi mühüm iştirak platformalarına çevrildiyini bildirib. Qeyd edib ki, bu təşəbbüslər uşaqların fikir və təkliflərinin nəzərə alınmasına, regionlarda yaşayan uşaqların iştirak imkanlarının genişləndirilməsinə, onların vətəndaş məsuliyyətinin formalaşmasına və sosial fəallığının artırılmasına töhfə verir. Komitə sədri ötən dövr ərzində təhsil, səhiyyə, sosial müdafiə, inklüziv inkişaf, istedadlı uşaqlarla iş, idman və mədəniyyət sahələrində əldə olunan nəticələrdən bəhs edib. Uşaqların ailə mühitində böyüməsinin təmin olunması, erkən evliliklərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. Uşaq hüquqlarının qorunmasının yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu diqqətə çatdıran B. Muradova, bu sahədə fəaliyyət göstərən bütün tərəfdaş qurumların, mütəxəssislərin, media nümayəndələrinin və valideynlərin rolunu yüksək qiymətləndirib. Çıxışının sonunda Komitə sədri uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bütün tərəfdaş qurumlara, müəllimlərə, həkimlərə, sosial işçilərə, hüquq-mühafizə orqanlarına, media nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına və valideynlərə təşəkkürünü ifadə edib, bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb. Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub. Hesabatlarda ötən dövr ərzində həyata keçirilən layihələr, maarifləndirici tədbirlər, sosial təşəbbüslər və uşaqların inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ildə fəaliyyətə 15 iştirakçı ilə başlayan Məclis hazırda ölkə üzrə 6 mindən çox uşağı öz ətrafında birləşdirir. Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov platforma çərçivəsində il ərzində həyata keçirilən layihələr, uşaqların və gənclərin inkişafı, iştirakçılığının təşviqi və onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib. “Uşaq iştirakçılığı”, “Uşaqların zərərli informasiyadan qorunması”, “18 yaşadək əlilliyi olan şəxslərin inkişafı və cəmiyyətə inteqrasiyası”, “Uşaqlar arasında davranış və ünsiyyət qaydaları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında çıxış edən Məclis üzvləri öz fikir və təkliflərini iştirakçılarla bölüşüblər. Daha sonra “100 uşağın səsi” interaktiv stendində iştirakçı uşaqlar tərəfindən qeyd edilən fikir, arzu və təkliflər ümumiləşdirilərək səsləndirilib. Bildirilib ki, əsas məqsəd hər bir uşağın səsinin eşidilməsi və onların cəmiyyət həyatında fəal iştirakının təşviq edilməsidir. Bahar Muradova yekun nitqi ilə çıxış edərək, uşaqların fikir və təkliflərinə münasibət bildirib. Uşaqların inkişafında və nəsillərarası münasibətlərin güclənməsində ünsiyyətin əhəmiyyətindən danışan sədr, inklüziv, praktik və interaktiv təhsil metodlarının, eləcə də asudə vaxt imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin milli kimliyin formalaşmasındakı əvəzsiz roluna diqqət çəkərək, uşaqlara sülhün və əmin-amanlığın hökm sürdüyü bir dünyada yaşamağı arzu edib. Sonda xatirə fotosu çəkdirilib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 28 May – Müstəqillik Günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Görüşlərdə mərkəzlərin əməkdaşları, rayonların idarə və müəssisələrinin nümayəndələri, valideynlər, müəllimlər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edərək, 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin formalaşmasındakı rolu barədə məlumat veriblər. Eyni zamanda ölkədə uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar. Tədbirlərdə uşaqlar maraqlı bədii-əyləncəli və maarifləndirici proqramlarla çıxış ediblər. Onların ifasında musiqi nömrələri səsləndirilib, şeirlər söylənilib və müxtəlif səhnəciklər nümayiş olunub. Sonda tədbirlərdə fəal iştirak edən uşaqlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin may ayında kənd və qəsəbələrdə 147 nəfərin iştirakı ilə 16 icma görüşü təşkil edilib. Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi və qurbanların müdafiəsi, erkən və qohum evliliklərin qarşısının alınması və bu istiqamətdə mövcud qanunvericilik, təhsildən yayınma hallarının qarşısının alınması kimi aktual mövzuları əhatə edib. Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. Görüşlərdə icma sakinləri ilə yanaşı, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, dini icma üzvləri, tibb müəssisələrinin əməkdaşları, təhsil işçiləri, psixoloq və pedaqoqlar iştirak ediblər. Tədbirlər zamanı ailə, qadın və uşaq hüquqlarına dair qanunvericiliyin tələbləri barədə məlumat verilib, icmaların ehtiyaclarına uyğun mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, vətəndaşların müraciətləri qeydə alınaraq onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi