Media
Xəbərlər

Uşaq və Ailələrə Dəstək Mərkəzləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən fəaliyyət planına uyğun olaraq cari ilin aprel-may aylarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ziyarət edilib, ailələrlə psixososial iş aparılıb. Uşaq və Ailələrə DəstəkMərkəzləri, Rayon İcra Hakimiyyətləri, Rayon Polis Şöbələri və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinin nümayəndələrinin iştirakı ilə baş tutan ziyarətlərdə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların yaşayış şəraiti, sağlamlıq və təhsil vəziyyəti ilə maraqlanılıb. Eləcə də dövlət uşaq müəssisələrində yaşayan uşaqların ailələrinə qaytarılması ilə bağlı mövcud vəziyyət araşdırılıb. Ailə səfərləri zamanı uşaqların şəxsi inkişafı və təhlükəsizliyi ilə bağlı ailələrə zəruri tövsiyələr verilib. Qeyd edək ki, ümumilikdə 50 uşaqla psixososial iş aparılıb və bu istiqamətdə ailə səfərləri davam etdirilir.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib
Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Təbriz Həsənzadə layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Jalə Muradova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. "DADDI" Sosial Sahibkarlıq Müəssisəsinin rəhbəri Məhbubə Əliyeva və peşəkar kouç Fərqanə Məmmədova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2025-ci il üzrə məlumat dinlənilib
26 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2025-ci il üzrə məlumatla çıxış edib. Məlumat “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib: 1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri; 2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı; 3. 2025-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı Təqdimat Bahar Muradovanın çıxışı

Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 22 may 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, İsmayıllı rayonunun Cülyan, Qəbələ rayonunun Uludaş, Ağdam rayonunun Birinci Quzanlı, Goranboy rayonunun Xanqərvənd, Hacıqabul rayonunun Navahı, Saatlı rayonunun Məmmədabad, Sabirabad rayonunun Quruzma, Zaqatala rayonunun Yuxarı Tala, Göygöl rayonunun Sarısu kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, boşanma, ailədaxili məsələlərin tənzimlənməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə 76 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

“Ailəm könüllüləri” proqramı çərçivəsində maarifləndirici təlimlər keçirilib
2026-cı ilin fevral–may ayları ərzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailəm könüllüləri” proqramı çərçivəsindəkönüllülər və istehsalat təcrübəsi keçən tələbələr üçün silsilə maarifləndirici görüşlər təşkil edilib. Təlimlər gənclərin peşəkar bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərin aşılanması və sosial məsuliyyət hissinin gücləndirilməsi məqsədilə aşağıdakı mövzuları əhatə edib. Təlimlər çərçivəsində Komitənin əməkdaşları Rafiq Mahmudov iş axtarışı metodları və əmək bazarının təhlili, Hüquq təminatı şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı və gender əsaslı zorakılıq”, gender məsələlərinə həsr olunan sessiyalarda isə Gendere və Qadın Məsələləri şöbsinin əməkdşı Xumar İlqar qızı erkən nikahlarla mübarizə və iş mühitində gender həssaslığı mövzularında könüllüləri məlumatlandırıblar. Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev isə “Narkomaniyanın reallığı” mövzusunda çıxış edib. Təlimlər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi ilə bağlı mövzulara da yer verilib. Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli “Ailə. Dəyərlər və ənənələr” mövzusunda ailə institutunun qorunması və sağlam ailədaxili münasibətlərin əhəmiyyətindən, Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli isə “Keys menecment – keyslərin idarə edilməsi” mövzusunda müraciətlərlə iş və məxfiliyin qorunması mexanizmlərindən bəhs edib. Bununla yanaşı, iştirakçılar dövlət qulluğu və media sahəsində maarifləndirilib. Daxili nəzarət sektorunun əməkdaşı Roza Şamıyeva dövlət qulluğuna qəbul qaydaları, müsabiqə mərhələləri və etik davranış qaydaları barədə könüllülərlə görüş keçirib. Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva isə media məkanında ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasının hüquqi və etik prinsipləri barədə məlumat verib. Qeyd olunub ki, keçirilən bu cür maarifləndirici təlim və görüşlər gənclərin bilik və bacarıqlarının artırılması, şəxsi inkişafı və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Bu məqsədlə “Ailəm könüllüləri” proqramı çərçivəsində tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib
Mayın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib. Tədbirin açılışında qonaqları salamlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov regionlarda yaşayan qadınların və gənc qızların fərdi inkişafına yönəlmiş sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qadınların cəmiyyətdə fəal iştirakını təşviq edən mühüm platforma olduğunu qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdir müavini Gülnarə Həmidova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Görüş fərqli sahələrdə uğur qazanan qadınların – “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman səfiri, Təhsil eksperti Vəfa Musayevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilir.

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-22 may 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” mövzusunda interaktiv, maarifləndirici seminar, təlimlər keçirilib. Tədbirlərdə Mərkəzlərin əməkdaşları tərəfindən uşaqlara “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”,ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları barədə ətraflı məlumat verilib. Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və hüquq” adlı maarifləndirici vəsait əsasında uşaqların iştirakı ilə qrup işi, maraqlı oyunlar və müzakirələr təşkil edilib. Qrup işi zamanı uşaqlar müxtəlif situasiyalar üzrə uşaq hüquqları haqqında öz fikirlərini ifadə edib, biliklərini bölüşüblər. Yekunda uşaqların sualları cavablandırılıb.

Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 may 2026-cı il tarixdə Göygöl rayonunda Naftalan və Gəncə Şəhər İcra Hakimiyyətləri, Daşkəsən, Goranboy, Samux və Göygöl Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib. Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi müstəvidə görülməli olan tədbirlərlə, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”na edilən düzəlişlərlə bağlı məlumatlandırmaqdır. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Kəmalə İbrahimova tədbir iştirakçılarını salamlayaraq Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman qanunvericiliyi rəhbər tutması, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə bağlı işin aparılması, həmçinin məişət zorakılığına məruz qalma ehtimalı olan və risk qrupuna aid olan ailələrin aşkar edilməsi, bu sahədə sistemli fəaliyyət, xüsusilə də bələdiyyələrin rolunun vacibliyini bildirib. Həmçinin münaqişəli ailələrdə, risk qrupuna aid olan ailələrdə zorakılıq mühitində böyüyən uşaqlarla işin aparılması, bu uşaqların aşkar olunması və reabilitasiyaya cəlb olunmasında təhsil müəssisələrinin rolunu qeyd edib. Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili təqdim edilib, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı izahat işi aparılıb. Hüquqi-təminat şöbəsinin əməkdaşıİradə Məmmədova tərəfindən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər” mövzusunda təqdimat edilib. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib. Təlimlərin davamlı olaraq Qusar, İmişli Rayon İcra Hakimiyyətlərində, Şəki Şəhər İcra Hakimiyyətində keçirilməsi nəzərdə tutulub.

"Ailə həyatına hazırlıq" mövzusunda keçirilən təlim proqramı yekunlaşıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 9-22 may 2026-cı il tarixlərində "Ailə həyatına hazırlıq" mövzusunda genişmiqyaslı təlim proqramı keçirilib. Təlimlərdə paytaxt və regionlardan olan 220 ailə iştirak edib. Təlimlərin keçirilməsində məqsəd cəmiyyətin təməli olan ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji cəhətdən hazırlanmasıdır. Təlimçi-psixoloqlar Əsli Zeynalabdinova və Aygün İsmayılova təlimlərdə cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar. İnteraktiv formatda keçirilən təlimlər ailələr tərəfindən böyük maraqla qarşılanıb. Yekunda iştirakçılara ailə daxilində emosional bağları gücləndirmək, konfliktlərin həllinə dair praktik tövsiyələri özündə əks etdirən maarifləndirici materiallar və hədiyyələr təqdim olunub. Qeyd edək ki, İsmayıllıda təşkil edilən təlimdən əvvəl İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 3 cütlüyün kollektiv nikah mərasimi təşkil olunub. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyəti, eləcə də rayonun müxtəlif qurumlarının nümayəndələri, şəhər bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Nikah mərasimində İsmayıllı rayon Qeydiyyat Şöbəsinin əməkdaşı Rəvayət Sərdərova yeni ailə quran cütlükləri təbrik edərək, onlara nikah şəhadətnamələrini təqdim edib və xoşbəxt ailə həyatı arzulayıb. Təlim proqramı Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad, Saatlı, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Ağdam, Zaqatala rayonlarında həyata keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi