Media
Xəbərlər

Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib. 6-16 aprel 2026-cı il tarixlərində keçirilən tədbirlərdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər, gənclər və icma sakinləri iştirak ediblər. Ekspertlər tədbir iştirakçılarını uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə məlumatlandırıb, erkən diaqnostika və profilaktik müayinələrin uşaqların sağlam inkişafındakı rolundan bəhs ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena qaydaları və mütəmadi tibbi nəzarətlə bağlı zəruri tövsiyələr verilib.
Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib
17 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib. Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır. Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlarlar qoşulub. Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu təsdiq edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 aprel 2026-cı il tarixində “Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi. İnsan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq uşaq hüquqları sahəsində baş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizdə müvafiq sahədə mühüm hüquqi və institusional dəyişikliklərin zəruriliyini gündəmə gətirmişdir. Əlbəttə ki, əsas məqsəd qanunvericilikdə təsbit edilmiş hər bir hüququn təmini və qorunması üçün aydın və icrası səmərəli olan mexanizmlərin formalaşdırılmasıdır. Bu fəaliyyətin əsasında isə təbii ki, uşaqların mənafeyinin üstünlüyü, ayrı-seçkiliyin yolverilməzliyi, uşaq hüquq və azadlıqlarına hörmət kimi fundamental dəyərlər durur. Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırmışdır. Azərbaycanda son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması, çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən evlilik, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir etmiş, həyatlarını dəyişmişdir. İlk növbədə qeyd edilməlidir ki, son beş ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın rolu böyük olmuşdur. Strategiya uşaq siyasətinin əsas prioritetlərini müəyyən edərək yeni islahatların həyata keçirilməsinə güclü zəmin yaratmış, onun icrasını təmin etmək məqsədilə on bir qanunvericilik aktı təsdiq edilmişdir. Nəticə olaraq yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti təkmilləşdirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katibliyi yaradılmış, uşaq hüquqlarının təmini vəziyyətinin monitorinqi üzrə meyarlar, uşaqlara yardım göstərən dövlət və qeyri-dövlət sosial xidmət müəssisələrinə dair tələblər, xarici ölkədə çətin həyat şəraitində olan uşaqların repatriasiyası və sosial müdafiəsi üzrə qaydalar və digər hüquqi sənədlər qəbul edilmişdir. Artıq Strategiyanın həyata keçirilməsi üzrə beşillik birinci fəaliyyət planının icra müddəti başa çatmışdır. Hazırda Strategiyanın ikinci fəaliyyət planının layihəsi üzərində iş gedir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qanunun qəbulu ilə əlaqədar 3 məcəllə və 9 qanuna dəyişikliklər edilmişdir. Uşaq hüquqları çoxsahəli məsələləri əhatə etdiyindən təbii ki, vahid qanunda bütün məsələlərin tənzimlənməsi mümkün olmasa da, baza normalarını, eyni zamanda bu hüquqların həyata keçirilməsinə nəzarət, fəaliyyətlərin əlaqələndirilməsi, monitorinqi kimi mexanizmləri özündə əks etdirməlidir. Bu səbəbdən beynəlxalq standartlara və müasir sosial reallıqlara uyğun olan, preventiv və qoruyucu mexanizmləri güclü olan qanuna ehtiyac vardır. Təcrübə göstərir ki, uşaq hüquqlarının təmin edilməsinə dair dəqiq tənzimlənmələr nəzərdə tutan ayrı-ayrı sahəvi sənədlər bir çox hallarda uşaqlarla bağlı beynəlxalq hüquq normalarında təsbit edilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir. Ölkəmizin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə öhdəliklər daşıdığını nəzərə alaraq, ilk növbədə qanunvericilikdə uşaq hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri və vəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan və yaxud gələcəkdə qəbul edilkəcək digər sahəvi sənədlərdə həmin yanaşma öz əksini tapsın. Yuxarıda qeyd edilənlərdən irəli gələrək yeni “Uşaq hüquqları haqqında” Qanunun üstünlükləri aşağıdakılardır: 1. 63 maddədən ibarət olan Qanunda dövlət uşaq siyasətinin 6 məqsədi, uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin 9 vəzifəsi, uşaqların mənafelərinin üstünlüyünün 11 əsas təminatı müəyyən edilmiş, 33 uşaq hüquq və azadlıqların dövlət təminatları geniş formada əks olunmuşdur. 2. Qanunda 11 anlayışın tərifi verilmişdir. Yeni anlayışların, xüsusilə də “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq və onun formaları”, “cismani cəza” kimi anlayışların verilməsi uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində xüsusi önəm kəsb edir. 3. Qanunda internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən təhlükəli əməllər də uşaqlara qarşı zorakılıq kimi tanınır. Uşaq hüquqlarının qorunması zaman dəyişdikcə yeni sahələri əhatə etməkdədir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi uşaqların həyatına ciddi təsirlərini göstərməkdədir. Beynəlxalq təcrübə göstərir ki, uşaqların qorunması üçün bu sahədə daha radikal hüquqi addımlar atılmalıdır. 4. Qanun yeni məsuliyyət mexanizmlərini müəyyən edir. Artıq uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar edən və bu barədə aidiyyəti qurumlara məlumat verməyən valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan müəssisələrin işçiləri məsuliyyətə cəlb ediləcəkdir. 5. Qanunda bulinq, yəni uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı uşaqlara qarşı zorakılığın formalarından biri kimi müəyyən edilmişdir. Belə ki,təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludur. Əks halda tədbirlərin görülməməsi məsuliyyət yaradır. Qeyd edilən müəssisələrin üzərinə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlərin formalaşdırılması kimi öhdəlik qoyulmuşdur. 6. Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb olaraq müəyyən edilməsidir. Bu öhdəlik dövlət orqanları ilə yanaşı bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilmişdir.Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması səbəbindən onların aşkarlanması və sosial müdafiəsi ilə bağlı Qanunda xüsusi mexanizm nəzərdə tutulur. Bundan irəli gələrək “Sosial xidmət haqqında” AR Qanununa və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normalar daxil edilmişdir. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilmişdir. 7. Həmçinin Qanunda uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər daxil edilmişdir ki, bu da yuvenal ədliyyə sisteminin bir sıra mühüm xüsusiyyətlərini özündə əks etdirir. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır. Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərərçəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normalar müvafiq qanunvericiliyə əlavə edilmişdir. Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir. Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 8. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir. Belə ki, cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə AR Cinayət Prosessual Məcəllənin 222.7-ci maddəsinə edilən dəyişikliyə əsasən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” AR Qanununda da müəyyən edilmişdir. 9. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraatın uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan(yəni multidissiplinar) istifadə etməklə həyata keçirilməsi tələb olaraq müəyyən edilmişdir. Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər. 10. Uşaqlar barəsində və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar. 11. Uşaq hüquqları ilə bağlı hər hansı qərar qəbul edilərkən nəzərə alınmalı olan 8 tələb müəyyən edilmişdir ki, bu da müvafiq sahədə uşaqyönümlü yanaşmanı təmin edəcəkdir. 12. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Audiovizual Şurası ilə yanaşı prokuror da müəyyən edilmişdir. Mövcud qanunvericiliyə əsasən dövlət nəzarəti sahəsində qurumlararası əlaqələndirmə AR Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən həyata keçirilir. Belə ki, son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilmişdir. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası vardır. 13. Qanunun 8-ci maddəsi uşaq siyasətinin əlaqələndirilməsi, həyata keçirilməsi nəzarəti və monitorinqi ilə bağlı məsələləri tənzimləyir; Əlaqələndirmə - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən; Nəzarət – Azərbaycan Respublikasının Nazrilər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən dövlət nəzarəti mexanizmi çərçivəsində; Monitorinq - İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) tərəfindən müstəqil monitorinq mexanizmi olaraq həyata keçiriləcəkdir. Yeni Qanunda təsbit edilmiş hüquq sahələrini tənzimləyən qanunlarla yanaşı, mexanizm olaraq AR Prezidentinin və AR Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara göndəriş edilir ki, bu qaydaların əksəriyyəti məhz Uşaq Strategiyasının Fəaliyyət Planı çərçivəsində qəbul edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu

Dövlət Komitəsi Bakı şəhərinin Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 24 aprel 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq və sosial işçilərin iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin. https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

“Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlərə start verilib
15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimin ilk günündə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanunvericiliklə bağlı səlahiyyətlərini və vəzifələrin aydın şəkildə müəyyən edilməsindən ibarətdir. O, bu sahədə institusional yanaşmanın gücləndirilməsinin, gender məsul şəxslərin fəaliyyətinin daha səmərəli təşkilinin və əlaqələndirmənin artırılmasının vacibliyini diqqətə çatdırıb. Çıxış zamanı 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının icrasının əhəmiyyəti qeyd olunaraq, gender bərabərliyi sahəsində qəbul edilmiş qanunvericilik və siyasət sənədlərinin effektiv tətbiqində aidiyyəti qurumların rolunun xüsusi önəm daşıdığı bildirilib. Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiya və vəzifələri, institusional mexanizmlər, eləcə də qurumlararası koordinasiyanın gücləndirilməsi istiqamətində praktik bilik və bacarıqlar təqdim olunub. Təlim interaktiv müzakirələrlə davam edib. Qeyd edək ki, təlimlər 16 aprel tarixində bank sektorunun, 17 aprel tarixində isə özəl şirkətlərin gender məsələləri üzrə məsul şəxsləri üçün davam etdiriləcək.

“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda növbəti görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün növbəti maarifləndirici görüş keçirilib. 14 aprel 2026-cı il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda keçirilən görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edib. O, erkən və qohum evliliklərin yaratdığı mənfi nəticələr, bu halların qarşısının alınması məqsədilə qəbul edilmiş normativ-hüquqi sənədlər, eləcə də Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, yanlış stereotiplərdən qaynaqlanan erkən və qohum evliliklər ilə mübarizədə cəmiyyətin bütün üzvlərinin fəal iştirakı mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Daha sonra Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış edərək, tələbələrə ailə həyatına hazırlığa dair öz tövsiyələrini verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib.

“Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib
15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında sağlam ailə dəyərlərinin təşviqi, karyera planlaşdırılması ilə şəxsi həyat arasında balansın qorunmasının əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsi, eləcə də şəxsi inkişafın müasir çağırışlar kontekstində rolu haqqında məlumatlandırmanın təmin olunması olub. Tədbirdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova çıxış edərək ailə institutunun cəmiyyətin dayanıqlı inkişafında oynadığı mühüm roldan bəhs edib. O, müasir dövrdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, effektiv ünsiyyət və emosional bağlılığın qorunmasının vacibliyini vurğulayıb, gənclərin sağlam və dəyər yönümlü ailə modeli formalaşdırmasında maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Azərbaycan İqtisad Universitetinin Qiymətləndirmə şöbəsinin müdiri Sevinc Burzuyeva çıxış edərək karyera inkişafı prosesində düzgün planlaşdırmanın, vaxtın səmərəli idarə olunmasının və şəxsi inkişafın əhəmiyyətindən danışıb. O, gənclərin peşəkar fəaliyyətlə yanaşı şəxsi həyat balansını qorumasının uzunmüddətli uğurun əsas şərtlərindən biri olduğunu qeyd edib. Çıxışlar zamanı həmçinin şəxsi inkişafın fərdin həyat keyfiyyətinə təsiri, emosional zəkanın rolu və müasir dövrdə dəyişən sosial mühitə uyğunlaşma bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi gənclərin sağlam həyat tərzi, ailə dəyərləri və balanslı inkişaf istiqamətində məlumatlılığının artırılmasına mühüm töhfə verir. İnteraktiv müzakirələr fotmatında davam edən görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi
14 aprel 2026-cı il tarixində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüsünün əhəmiyyətini qeyd edib və əldə edilən nəaliyyətlərdən danışıb. Sədr vurğulayıb ki, AQEM və Azərbaycan höküməti arasında digər sahələrlə yanaşı qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində davamlı əməkdaşlıq aparılacaq: “Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik”. Öz növbəsində AQEM-in Baş katibi Kayrat Sarıbay Təşkilatın bu günə qədər olan fəaliyyətindən bəhs edərək, Qadınlar Şurasının yaradılmasını uğurlu təşəbbüs kimi qiymətləndirib. K.Sarıbay sülh naminə birlik olmaq üçün qadınların səsinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. Jurnalistlərə tədbir çərçivəsində əldə olunan nəticələr, qadınların rolunun gücləndirilməsi istiqamətində görülən işlər və Şuranın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib, onların sualları cavablandırılıb. Brifinq zamanı beynəlxalq konfrans çərçivəsində müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin və akademik dairələrin iştirakı ilə qadın sahibkarlığı, rəqəmsallaşma, innovativ inkişaf və iqlim dəyişikliklərinə qarşı mübarizədə qadın liderliyinin rolu kimi qlobal mövzular üzrə müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Aparılmış müzakirələrin qadınların iqtisadi və sosial proseslərdə iştirakının genişləndirilməsi, rəqəmsal imkanlardan səmərəli istifadənin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

AQEM Qadınlar Şurasının ilk iclası keçirildi
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, bugünkü görüş qadınların rolunun gücləndirilməsi, dialoqun inkişafı və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır. Komitə sədri iştirakçılara məzmunlu çıxışlarına görə təşəkkürünü bildirərək qeyd edib ki, irəli sürülən təkliflər gələcək fəaliyyət üçün etibarlı zəmin rolunu oynayacaq və konkret nəticələrin əldə olunmasına imkan verəcəkdir. Komitə sədri, Azərbaycan sədrliyinin institusional inkişaf prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün iştirakçı dövlətlər tərəfindən geniş dəstək qazandığını diqqətə çatdırıb. O əlavə edib ki, bu Şura qarşılıqlı etimadın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərin təşviqi üçün təsirli mexanizm olacaq. AQEM-in Baş katibi Kayrat Sarıbay qeyd edib ki, Qadınlar Şurasının yaradılması dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmini göstərir. O, Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdiyinə görə, Azərbaycan sədrliyinə dərin minnətdarlığını bildirib. Baş katib bildirib ki, illər keçdikcə AQEM Asiya dövlətlərini sülhün, sabitliyin və genişspektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilib. Bu gün Asiya AQEM-in missiyasını hər zamankından daha aktual edən çağırışlarla üz-üzədir. “Geosiyasi təlatümlər, iqtisadi qeyri-sabitlik və artan sosial-humanitar ehtiyaclar bizdən yalnız dialoq platforması olmağı deyil, həm də etimadı gücləndirməyə, koordinasiyanı təmin etməyə, regionda sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafı təşviq etməyə qadir olan konkret təşəbbüslərin mənbəyi olmağımızı tələb edir” - deyə o əlavə edib. İclas Dövlət Komitəsinin sədr müavini, Qadınlar Şurasının üzvü Sədaqət Qəhrəmanovanın sədrliyi təqdimatı ilə davam edib. O çıxışında vurğulayıb ki, Qadınlar Şurasının təsis edilməsi davamlı inkişafın, iqtisadi artımın və regional təhlükəsizliyin təminində qadınların fəal iştirakının artırılması baxımından vacib və vaxtında atılmış addımdır. S. Qəhrəmanova, Qadınlar Şurasının, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün məsləhətçi mexanizm kimi yaradıldığını, Şuranın fəaliyyətinin tövsiyələrin hazırlanmasına, səylərin koordinasiyasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönələcəyini bildirib. Komitə sədrinin müavini bəzi ölkələrdə qadınların iqtisadi və ictimai-siyasi proseslərdə iştirakını məhdudlaşdıran struktur maneələrin hələ də mövcud olduğunu da qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Qadınlar Şurasının yaradılması birgə həll yollarının axtarışı və effektiv dəstək mexanizmlərinin hazırlanması üçün yeni imkanlar açır. “Azərbaycanın təcrübəsi göstərir ki, qadınların təhsilə, maliyyə resurslarına və müasir texnologiyalara çıxışı təmin edildikdə mühüm sosial-iqtisadi nəticələr əldə olunur. Qadınların sahibkarlıq, rəqəmsal xidmətlər və dayanıqlı təşəbbüslərdə fəal iştirakı cəmiyyətin rifahına ciddi töhfə verir”-deyə o əlavə edib. Daha sonra AQEM-ə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri çıxış edərək, qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə ediblər. Qeyd edilib ki, regionda icma həmrəyliyinin, o cümlədən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması, ətraf mühitin qorunması, qadınların iştirakının təmin edilməsi, iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərin və qadın sahibkarlığının dəstəklənməsi, həmçinin əməkhaqqı fərqinin aradan qaldırılması dayanıqlı gələcəyin, təhlükəsiz və dinamik cəmiyyətin formalaşması üçün vacib amillərdir. Müzakirələrin yekununda AQEM Qadınlar Şurasının tövsiyə sənədi qəbul edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi