Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Xaçmazda vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 3 mart 2025-ci il tarixində, saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Xaçmaz və Şabran rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
Regionlarda internet təhlükəsizliyi istiqamətində maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə maarifləndirici görüşlər keçirilib. Mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələri, Gənclər evlərinin əməkdaşları, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara informasiya təhlükəsizliyi barədə məlumat verilib, ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Valideynlərə və məktəblilərə internetdən istifadə edərkən diqqət edilməli məsələlər, şəxsi məlumatların qorunması, sosial mediadan düzgün istifadə qaydaları barədə zəruri tövsiyələr verilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb. 

Ətraflı
Bahar Muradova "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda çıxış edib

“Cəmiyyətin qarşıda duran əsas vəzifəsi insan kapitalını müxtəlif parametrlərdə istifadə edə bilməkdir. Bunun üçün başlıca mənbə isə ailədir. Ailələr prosesin nüvəsində, mərkəzində və hədəfində dayanan institutlardır. Bütün görülən işlər dövlət və ailənin möhkəmləndirilməsinə xidmət edir ". Bu sözləri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib: “30-35 il əvvəl hüquqlarımız olsa da, onların təsbiti və təmin olunması üçün zəruri hüquqi baza mövcud deyildi. Azərbaycan xalqı, xüsusilə fəal gənclər bu prosesdə mühüm rol oynadılar. Bu gün geri baxaraq görürük ki, biz hədəflərimizə çata bilmişik, iqtisadi imkanlarımız genişlənib, hüquq sistemimiz möhkəmlənib, sosial rifah yüksəlib. Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır və bu proses davamlıdır”. Komitə sədri, həmçinin vurğulayıb ki, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqə inkişafın əsas şərtidir: “Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin icrasında hər bir vətəndaş, hər bir ailə mühüm rol oynamalıdır. Dövlətin vətəndaş qarşısında məsuliyyəti, onun rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramlar mühüm əhəmiyyət daşıyır. Hakimiyyətin bütün qanadları, vətəndaş cəmiyyəti və media bu prosesdə fəal iştirak edir.”. Bahar Muradova çıxışının sonunda Azərbaycanın əldə etdiyi uğurların ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirdiyini vurğulayıb: “Bu gün bizi milli kimliyimiz və ailə dəyərlərimiz birləşdirir. Hesab edirəm ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlər onun gələcəkdə daha böyük uğurlar qazanmasına imkan yaradır”. Forumda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqədar Azərbaycan Konstitusiyasının hazırlanması və qəbulu, onun inkişaf tarixi haqqında çıxışlar edilib. 

Ətraflı
“Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda maarifləndirici tədbirlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda silsilə maarifləndirici tədbirlərə başlanılıb. Bu istiqamətdə ilk tədbir 19 fevral 2025-ci il tarixində Bakı şəhəri Nizami rayonunda yerləşən 229 saylı tam orta məktəbin 9-10-cu sinif şagirdlərinin iştirakı ilə təşkil edilib. Tədbirdə Hüquqi təminat şöbəsinin əməkdaşları Tural Hüseynzadə və Xəyalə Abbaslı-Əsgərli, eləcə də Uşaq Səfirlər Məclisinin üzvləri iştirak edib.  İnteraktiv müzakirələr şəklində keçən təlim zamanı Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, mahiyyəti, müddəaları, uşaq hüquqları və digər mövzularda məktəblilərə məlumatlar verilib, təqdimatlar nümayiş etdirilib. Qeyd edək ki, təlimlər cari ilin sonunadək digər məktəblərdə də davam etdiriləcəkdir.

Ətraflı
Qızların təhsil hüququ müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib. Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycanda vətəndaşların, o cümlədən qızların və qadınların əlçatan, keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Əlavə edib ki, ölkədə qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara davamlı olaraq cavab verməkdədir. Ali təhsil ocaqlarında təhsil alan, doktoranturada elmi tədqiqat işi ilə məşğul olan qadınların sayının artmaqda olduğunu diqqətə çatdıran E. Babayev, peşə və ixtisas seçimi işinin təhsilalanların istək və maraqlarına uyğun aparılması istiqamətində ciddi işlər aparıldığını vurğulayıb. Bildirib ki, qizların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir. Çıxışının davamında rektor BDU-da təhsil alanlarla bağlı müsbət statistik göstəriciləri diqqətə çatdıraraq, hazırda təhsil alan bütün tələbələrin 67%-nin, cari təhsil ilində Universitetə qəbul olanların isə 70%-nin qızlar olduğunu deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsinə diqqət çəkib, Azərbaycan dövlətinin və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına dair gündəliklərin bir daha vurğulanmasında olduqca əlamətdar bir hadisə olduğunu qeyd edib: “Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasının 30, suverenlik və ərazi bütövlüyümüzün bərpasının 5 illiyini qeyd etməyə başladığımız bu ildə əminəm ki, müstəqil dövlət quruculuğu sahəsindəki nailiyyətlərimiz milli və beynəlxalq miqyasda daha geniş nümayiş olunacaq və onun möhkəmləndirilməsi ili kimi tarixə düşəcək”. Təhsilin hər bir insanın fundamental hüququ olduğuna diqqət çəkən Komitə sədri, qızların təhsilini yalnız fərdi inkişaf, ailə maraqları kontekstində deyil, həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil kimi gələcəyə qoyulmuş əhəmiyyətli bir sərmayə adlandırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları və məqsədyönlü islahatların, həyata keçirilən layihələrin insan kapitalının inkişafını təmin etməklə yanaşı qızların təhsil imkanlarının artmasına da geniş şərait yaratdığını vurğulayıb. Ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayan B.Muradova, gənclərin, xüsusilə də yeniyetmə qızların təhsili, onların problemlərinin həllinə yönələn çoxsaylı layihələrin icra edildiyini bildirib.  B.Muradova, Ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacibliyini nəzərə alaraq, qızların təhsilinə dəstək kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə fəaliyyəti nəticəsində “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın təsis edildiyini bildirib. Layihənin ərsəyə gəldiyi andan cəmiyyətin böyük marağına səbəb olduğunu deyən sədr, gənc qızlarla yanaşı təhsil ictimaiyyəti, xüsusilə də korporativ sosial məsuliyyət məsələsinə ciddi önəm verən iş adamlarının prosesə yaxından qoşulduqlarını qeyd edib. O, Dövlət Komitəsinin tərəfdaşları ilə birgə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində reallaşdırılan digər istiqamətləri, eləcə də “Sən Tək Deyilsən” layihəsi, “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı haqqında ətraflı məlumat verib. B.Muradova, Dövlət Komitəsi ilə BDU arasında imzalanacaq əməkdaşlıq Memorandumunun təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı səyləri birləşdirmək işinə, o cümlədən təhsilin müxtəlif sahələrində, mütəxəssis hazırlığında bərabər iştirakçılığa töhfə verəcəyini bildirib. Çıxışının sonunda öz həyatının ən vacib addımını atmış, ən mühüm uğurunu qazanmış ali təhsil alan gənc qızlarımızı təbrik edərək, onlara bu şansdan daha  yaxşı yararlanmağı, daha yaxşı vətəndaş, daha yaxşı insan, daha yaxşı azərbaycanlı olmağı arzulayıb. Elm və təhsil naziri Emin Əmrullayev, qızların təhsilinin inkişafı və təhsilə əlçatanlığının təmin edilməsinin qadınların cəmiyyətdəki rolunun artırılması baxımından olduqca vacib olduğunu deyib. Qızların müxtəlif pillələrdə təhsili ilə bağlı statistik göstəriciləri diqqətə çatdıran E. Əmrullayev, Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gəncin təhsil aldığını, onların sırasında gənc qızların sayının artdığını vurğulayıb. O, hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının məhdudlaşdırıldığını, bu təhdidlərin açıq şəkildə müzakirəsinə ehtiyac olduğunu əlavə edib. Ölkəmizdə qızların təhsilinin uzunmüddətli hədəflərdən olduğunu deyən nazir bildirib ki, təhsil sahəsində görülən işlərin nəticəsi təxminən 20 il müddətinə hiss edilir: “Tədqiqatlar onu göstərir ki, anası ali təhsilli olan şagirdlərin ortalama nəticələri təhsilli olmayan ailələrdə böyüdülən şagirdlərə nisbətən daha yaxşı olur”. Rəsmi çıxışlar dinlənildikdən sonra BDU ilə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Memorandum imzalanıb. Sənədi Dövlət Komitəsinin sədri Bahar Muradova və BDU-nun rektoru Elçin Babayev imzalayıb. Daha sonra digər çıxışlar dinlənilib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun həyata keçirdiyi dəstək layihələri haqqında məlumat verib və nəticələri səsləndirib. İcra edilən layihələrin inkişafı istiqamətində gələcək planlardan danışıb, təqaüdçülərə və təhsilalanlara uğurlar arzu edib. Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, qızların təhsilinə qoyulan sərmayənin həm də cəmiyyətimizin gələcək inkişafına qoyulduğunu bildirib. Dinamik və inklüziv cəmiyyətin formalaşdırılması baxımından qızların təhslinin vacibliyini qeyd edən deputat, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkib. M.Vəliyeva bildirib ki, dövlətimizin milli inkişaf strategiyasının prioritet istiqamətlərindən olan qadın və gənclər siyasətinin təməlində həm də qızların inkişafı, onların təhsili, karyera məsələsi dayanır. O, erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri xatırladaraq, bu dəyişiklikləri qızların inkişafına mühüm töhfə kimi qiymətləndirib. Elmi təhsilin ən yüksək səviyyəsi adlandıran Bakı Dövlət Universitetinin Fizika fakültəsi Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, hər bir qızın təhsilini davam etdirərək, elmə töhfə verməli olduğunu deyib. Elm sahəsində qadınların iştirakçılığı ilə bağlı göstəriciləri səsləndirən S. Əbdülvahabova, qadınların sayının artmasını müsbət hal kimi qiymətləndirib.                                                  Dövlət Gömrük Akademiyası, İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi, “Gənc qızların  təhsilinə dəstək” layihəsinin  iştirakçısı Fidan Mehdiyeva, təhsilin qadının inkişafında rolundan danışıb, qızlara daha böyük nailiyyətlər naminə təhsillərini inkişaf etdirmələrini tövsiyə edib. Şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, “Sən tək deyilsən” layihəsi  çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının  iştirakçısı Vüsalə Əliyeva, ailədə övladların tərbiyəsi zamanı valideynlərin, xüsusilə də şəhid xanımlarının təhsilli olmasının önəmini vurğulayıb. “Sən tək deyilsən” layihəsində iştirakından danışan V.Əliyeva, ali təhsilə başladıqdan sonra özünə daha inamlı olduğunu qeyd edib. Çıxışlar dinlənildikdən sonra konfrans bədii hissə ilə davam edib.          Qeyd edək ki, konfransın keçirilməsində məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaqdır.  

Ətraflı
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə dəyişiklik təsdiq edilib

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanunu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir.               “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqlnda Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.              Dəyişikliklərə aşağıdakı məsələlər aiddir: 1.    Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların adı dəyişdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlandırılır Bu dəyişikliyin qəbul edilməsində əsas məqsəd yetkinlik yaşına çatmayanların    yaşına münasibətdə qanunvericilikdə vahid yanaşmanın təmin edilməsidir. 2.    Uşaqlara münasibətdə qəyyumluq və himayə ilə bağlı səlahiyyətlər komissiyalara həvalə edilir Əvvəl yerli icra hakimiyyətlərində uşaq məsələlərinə iki orqan baxırdı: qəyyumluq və himayə orqanı və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya. Yerli səviyyədə uşaq məsələləri ilə məşğul olan iki ayrı-ayrı qurumun mövcudluğu ölkədə uşaq müdafiə mexanizmini mürəkkəbləşdirir və səmərəliliyini azaldır.Artıq uşaqlara münasibətdə qəyyumluq və himayə orqanlarının səlahiyyətlərini komissiyalar həyata keçirəcək.              3.  Görülən işlər barədə hesabat ildə 4 dəfə təqdim edilir                                    Dəyişikliyə əsasən yerli komissiyalar tərəfindən yuxarı komissiyalara ildə 4 dəfə (rüblük, altı aylıq, doqquz aylıq, illik) gördükləri işlər barəsində hesabat təqdim edilir ki, bu da komissiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsinə imkan verəcəkdir. Əvvəl hesabat ildə iki dəfə təqdim olunurdu.             4.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katiblik yaradılır. Dəyişikliyə əsasən Nazirlər Kabineti yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində yaradılan Katiblik tərəfindən təmin edilir.    Katiblik aşağıdakı vəzifələri həyata keçirir: - yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq  tövsiyələr hazırlayır;  - komissiyaların məsul katiblərinə metodik yardım göstərir; -uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın nəticəsi barədə Nazirlər Kabineti yanındakı komissiyaya məlumat verir; - uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir; -Nazirlər Kabineti yanındakı komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırır; - hesabatları ümumiləşdirərək, Nazirlər Kabineti yanındakı komissiyaya təqdim edir. Bu dəyişiklik yerli komissiyaların fəaliyyətinin təkmilləşdirilməsini təmin edəcək və əlaqələndirmə mexanizmi gücləndirəcək. 5. Hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən tədbirlər və fərdi profilaktik iş Dəyişikliyə əsasən hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən   intizam təsir tədbirlərinin növləri sırasından uşağın üzr istəməsi çıxarılmışdır, həmçinin uşaqlar barəsində tətbiq edilən digər intizam tədbirləri ilə yanaşı onunla “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi profilaktik işin aparılması təmin ediləcək. 6. Uşaqların işləri üzrə icraatla bağlı da dəyişiklik edilib Əvvəlki qaydaya əsasən komissiyanın işə və ya materiala dair qərarının surəti barəsində qəbul edilmiş yetkinlik yaşına çatmayana və zərərçəkmiş şəxsə göndərilirdi. Dəyişikliyə əsasən, qəbul edilmiş qərarın surəti 3 gün müddətində komissiyalar tərəfindən həmçinin Katibliyə göndərilir. Bu dəyişiklik qəbul edilən qərarların monitorinqini və təcrübədə vahid yanaşmanın formalaşdırılmasını təmin edəcək.

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 27 fevral 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir.  Ünvan və telefonlar

Ətraflı
Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib. 17 fevral 2025-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Fondun gələcək fəaliyyəti, o cümlədən iclasın gündəliyində əksini tapmış məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev təyin ediliblər.

Ətraflı
Regionlarda mətbuat nümayəndələri ilə görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14 fevral - Azərbaycan Televiziyasının yarandığı gün münasibətilə mətbuat nümayəndələri və mərkəzlərin ekspert qrupunun üzvləri ilə işgüzar görüşlər keçirilib. Görüşlərdə mərkəzlərin fəaliyyət istiqamətləri, ötən il ərzində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib, 2025-ci ilin iş planı müzakirə olunub. Görüş zamanı ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən tədbirlərdə səmərəliliyin artırılması ilə bağlı təkliflər səsləndirilib.

Ətraflı