Bahar Muradova "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda çıxış edib

21 fevral 2025 15:00

Paylaş:

“Cəmiyyətin qarşıda duran əsas vəzifəsi insan kapitalını müxtəlif parametrlərdə istifadə edə bilməkdir. Bunun üçün başlıca mənbə isə ailədir. Ailələr prosesin nüvəsində, mərkəzində və hədəfində dayanan institutlardır. Bütün görülən işlər dövlət və ailənin möhkəmləndirilməsinə xidmət edir ".

Bu sözləri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib: “30-35 il əvvəl hüquqlarımız olsa da, onların təsbiti və təmin olunması üçün zəruri hüquqi baza mövcud deyildi. Azərbaycan xalqı, xüsusilə fəal gənclər bu prosesdə mühüm rol oynadılar. Bu gün geri baxaraq görürük ki, biz hədəflərimizə çata bilmişik, iqtisadi imkanlarımız genişlənib, hüquq sistemimiz möhkəmlənib, sosial rifah yüksəlib. Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır və bu proses davamlıdır”.

Komitə sədri, həmçinin vurğulayıb ki, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqə inkişafın əsas şərtidir: “Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin icrasında hər bir vətəndaş, hər bir ailə mühüm rol oynamalıdır. Dövlətin vətəndaş qarşısında məsuliyyəti, onun rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramlar mühüm əhəmiyyət daşıyır. Hakimiyyətin bütün qanadları, vətəndaş cəmiyyəti və media bu prosesdə fəal iştirak edir.”.

Bahar Muradova çıxışının sonunda Azərbaycanın əldə etdiyi uğurların ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirdiyini vurğulayıb: “Bu gün bizi milli kimliyimiz və ailə dəyərlərimiz birləşdirir. Hesab edirəm ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlər onun gələcəkdə daha böyük uğurlar qazanmasına imkan yaradır”.

Forumda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqədar Azərbaycan Konstitusiyasının hazırlanması və qəbulu, onun inkişaf tarixi haqqında çıxışlar edilib.