“Ailə saatı”nda sağlamlıq imkanları məhdud uşaqlara internetin təhlükələrindən danışılıb

29 sentyabr 2026 12:40

Paylaş:

           Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Ailə saatı” layihəsi çərçivəsində eşitmə və nitq qabiliyyəti məhdud uşaqların iştirakı ilə növbəti görüş keçirilib.

Tədbirin məqsədi uşaqların asudə vaxtının maraqlı və faydalı təşkili, onların müxtəlif mövzularda maarifləndirilməsi ilə yanaşı, səmimi ünsiyyət və birgə fəaliyyət vasitəsilə uşaqlara xoş emosiyalar bəxş etmək, onlar üçün mehriban və dəstəkləyici mühit yaratmaq olub.

ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov uşaqlara internetdən təhlükəsiz və məsuliyyətli istifadə, şəxsi məlumatların qorunması, rəqəmsal mühitdə yarana biləcək risklərin tanınması və belə hallarda düzgün davranış qaydaları barədə məlumat verib. Mövzu surdotərcümə edilərək, uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, sadə və praktik nümunələr əsasında təqdim edilib, onların sualları cavablandırılıb.

Görüşün davamında Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyətinin təqdim etdiyi bədii proqram sayəsində qurulan canlı ünsiyyət tədbirə xüsusi rəng qatıb. Uşaqların proqramda fəal iştirakı üçün şərait yaradılıb, birlikdə əyləncəli və yaddaqalan anlar yaşanıb.