Reklam məhsullarında gender stereotiplərinə münasibət
Paylaş:
Media və reklam məhsulları cəmiyyətin, xüsusən də uşaq və yeniyetmələrin dünyagörüşünün formalaşmasında həlledici rola malikdir. Gender stereotiplərini təşviq edən birtərəfli məzmunlar bir qayda olaraq sağlam ictimai münasibətlərin inkişafına mənfi təsir göstərməklə yanaşı, müasir cəmiyyətin mənəvi dəyərlərinə və insan ləyaqətinə hörmət prinsipinə də ziddir.
Məsələnin hüquqi müstəvisinə gəldikdə, belə təqdimatlar mövcud qanunvericiliyin fundamental tələbləri ilə qətiyyən uzlaşmır. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmçinin, “Reklam haqqında” Qanun reklam məhsullarının etik normalara tam cavab verməsini, şəxsiyyəti alçaldıcı, ayrı-seçkiliyi təbliğ edən və cəmiyyətdə mənfi davranış modelləri formalaşdıran elementlərin yolverilməzliyini mütləq şərt kimi təsbit edir.
Odur ki, hər bir reklam məhsulu kommersiya maraqları ilə yanaşı, dərin sosial məsuliyyət də daşımalıdır. Bu baxımdan,hər hansı bir məqsədə xidmət edən layihələrin reallaşdırılması zamanı istər qadınların, istərsə də kişilərin yalnız vizual obyekt kimi deyil, intellektual potensialı, peşəkarlığı və ictimai fəallığını əks etdirən sağlam obrazlarla təqdimatı daha məqsədəuyğundur.
Media və reklam sektorunda genderə həssas yanaşmanın təmin edilməsi sağlam cəmiyyətin qurulması üçün mütləqdir və bütün aidiyyəti subyektlər öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə, eləcə də ictimai məsuliyyət prinsiplərinə ciddi riayət etməlidirlər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi