Böyük Britaniya səfiri Ferqus Ould ilə vida görüşü keçirilib

1 may 2026 18:16

Paylaş:

1 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.

Dövlət Komitəsinin sədri Bahar Muradova, fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə səfir F.Oulda təşəkkürünü bildirib. B.Muradova iki ölkə arasında əməkdaşlığın xüsusilə də regionlarda yaşayan qadınların gücləndirilməsi istiqamətində mühüm nəticələr verdiyini deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti icmaların daxili potensialının gücləndirilməsinə və qadınların ictimai-iqtisadi fəallığının artırılmasına yönəlib. Bu siyasət nəticəsində qadınların rəhbərlik etdiyi ailə və kəndli təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda sahibkar qadın assosiasiya və təşkilatları formalaşıb.

Azərbaycan Respublikasının İqtisadiyyat, eləcə də Kənd Təsərrüfatı Nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri icmaların inkişafına mühüm töhfə verir. Bu çərçivədə qadınların rəhbərlik etdiyi təsərrüfatlar, xüsusilə özünüməşğulluq proqramları vasitəsilə təşviq olunur və onların iqtisadi dayanıqlığı gücləndirilir.

Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan B.Muradova, BMT çərçivəsində keçirilən müzakirələrdə, o cümlədən Pekin Fəaliyyət Platformasının icrası ilə bağlı ortaya çıxan yeni çağırışların ailə institutuna, rəqəmsal mühitdə qadın və uşaqların təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. Bu çağırışlarla mübarizə məqsədilə qanunvericilik təşəbbüsləri və praktik həllərin hazırlanması istiqamətində iş aparıldığını deyən sədr, birgə səylərin vacibliyindən danışıb.

Səfir Ferqus Ould, iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərini xüsusilə sosial siyasət, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Ölkəsi üçün qadınlarla bağlı siyasətin əsas istiqamətlərdən biri olduğuna diqqət çəkən səfir, qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində əməkdaşlıqla bağlı təkliflərini səsləndirib.

Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.