Yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud qanunvericilik təkmilləşdirilib

28 iyun 2024 17:41

Paylaş:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 28 iyun 2024-cü il tarixində keçirilən iclasında III oxunuşda qəbul edilib.

Qanunun qəbulu yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınması məqsədi daşıyır. Hər iki məsələ özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələlərdir.

Erkən evlilik hallarının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, yəni nikah yaşının hər iki cins üçün eyniləşdirilməsi və 18 yaş müəyyən edilməsi, qadını nikaha daxil olmağa məcbur etmə əməlinin kriminallaşdırılması, habelə ölkə ərazisində dövlət və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər nəticəsində erkən evlilik hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün olmamışdır.

2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olmuşdur.

Qanunvericilikdə üzürlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzürlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.

2022-ci ildə AR Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar qəbul edilmişdir. Eyni zamanda yerli icra hakimiyyəti orqanlarından əldə edilən məlumata əsasən 269 erkən evliliyin qarşısı alınmışdır. Lakin AR Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə yalnız 2023-cü ildə cəmi bir cinayət işi açılmışdır. Qeyd edilənlər erkən evliliyin baş verməsi ilə bağlı əməlin bütün əlamətlərini özündə əks etdirən cinayət hüquq normasının qanunvericiliyə daxil edilməsinə əsas verir.

Qanunda AR Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunmuşdur.

Qanunda erkən evlilk dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Belə ki, əksər hallarda iyirmi yaş həddində gənclər əsasən valideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcud olduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır.

Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Dövlət Komitəsinə barəsində mərasim keçirilən qız uşaqlarından və ya onların rəfiqələrindən və yaxud digər şəxslərdən dəfələrlə məlumatlar daxil olmuşdur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddə daxil edilmişdir. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü maddələrin məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olmuşdur.

Qanunda həmçinin AR Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) nəzərdə tutulan, aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı normalar əks olunmuşdur. Belə ki, yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcəkdir.

Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlara rast gəlmək mümkündür

Ölkədə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.