Ekspertin tribunası

Təhsildə milli kimlik və dəyərlər

Müəllif: Şəmil Sadiq, filologiya üzə fəlsəfə doktoru, dosent

4 may 2026 16:19

“Gənclərimiz milli kimliyinə sahib çıxaraq, bəşəri dəyərlərə açıq olmalı və dünya səviyyəsində rəqabət apara biləcək bacarıqlara yiyələnməlidirlər.”

(İlham Əliyev)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasəti nəticəsində infrastrukturunun yenilənməsi, müəllim peşəsinin nüfuzunun artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan  mühüm addımlar “Özünüdərk və Dəyərlər sistemi”nin də əhəmiyyətini artırmışdır    Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, təhsil cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur. Onun fikrincə, Azərbaycanın inkişafı üçün milli dəyərlərə bağlılıqla yanaşı  qlobal düşüncə tərzinə malik  nəsil yetişdirmək vacibdir. Bu yanaşma təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də insanın şəxsiyyətini və kimliyini formalaşdırma funksiyası daşıdığını göstərir.
Müasir dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaradır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elm sahələrinin inteqrasiyası fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən  təhsil modeli həmişə diqqət mərkəzində dayanıb. Dəyərlər  ölkədəki təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktor olmaqla yanaşı, təhsil sisteminin məqsədini,   ölkənin gələcəkdəki sosial-mədəni inkişafını müəyyən edir.

Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır.  Bu prinsiplər  insanın daxili dünyasını və  sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur.

Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki,  təhsil yalnız biliklərlə məhdudlaşarsa,  uşaqların psixoloji və sosial tələbatını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa plana keçir . Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik.  “Təhsildə Beşlik” konsepti adlandırdığımız  yanaşma, məhz zamanın çağırışına cavab olaraq, təhsil prosesində “Özünüdərk” anlayışını (milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında) daha geniş şəkildə təqdim edir.

Özünüdərk insanın fərdi kimliyini anlama və dərk etmə prosesidir. Bu proses tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır. Çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır.Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyətinin formalaşmasını müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişaf deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan yaranan kompleks bir prosesdir.

Milli kimlik və bəşəri dəyərlərə malik “Özünüdərk” prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və sabit şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi”ndə insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığı vurğulanır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, qlobal dəyərlərə  açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edir. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur.

Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit yaratmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bununla bağlı məqalə və kitablar yazılmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmi vurğulanmışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabında, Əhməd Cavadın “Mən kiməm?” şeirində, Cəlil Məmmdəquluzadənin “Azərbaycan” məqaləsində “Mənim anam kimdir?” sualı verilir və ürək yanğısı ilə insanın özünüdərkinin vacibliyindən danışılır.

Zamanla ayaqlaşmaq üçün təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir.   Onlarda ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissi gücləndirilmədir.

Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir.
“Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar  “Özünüdərk prosesi” üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağılları, ədəbi irsi dərindən öyrənməlidir. Tarixi araşdırmalar (“Təhlükəsizlik nəzəriyyəsi”, “Kimlik nəzəriyyəsi” və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi formalaşmasına iki şəkildə təsir edir. Birincisi; gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür.  “Millətin bir parçası olmaq” hissi  gəncin ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi;  gəncləri əzilmişlik kompleksindən xilas edir.  Öz tarixində parlaq şəxsiyyətlərin uğurlarını və nailiyyətlərini görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.

UNESCO-nun müəyyən etdiyi təhsil istiqamətləri (Learning to Know, Learning to Do, Learning to Live Together, Learning to Be) çərçivəsində mədəni kimliyin və tarixi informasiya bazasının zəngin olduğu məktəblərdə şagirdlərin özünəinam səviyyəsi daha yüksək ölçüldüyü müşahidə edilir. Bu da tarixi bilgilərin, milli qürur hissinin və özünüdərk prosesinin qarşılıqlı əlaqəsini aydın şəkildə sübut edir.

 

Özünüdərk və Psixoloji İnkişaf


Özünüdərk psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam düşüncəyə malik olur . Erik Eriksonun “Psixososial inkişaf mərhələləri”nə əsasən yeniyetməlikdə formalaşan kimlikqazanma prosesi yetkinlik dövründəki özünüdərkin səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və həyatda öz rolunu dəqiq müəyyən edə bilir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması, onun tam şəkildə inkişaf etməsi üçün vacibdir. Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlbedici görünən hər bir nüans, onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. Məktəbin dizaynından dərs prosesinin sonuna qədər sistemli yanaşma vacib şərtdir.

 Hədəf konseptində deyildiyi kimi, “özünüdərk” sadəcə ayrıca bir tədris prosesi kimi qəbul edilməməlidir.Bu konsept şaquli (vertikal) və üfüqi (horizontal) inteqrasiya yolu ilə bütövlükdə məktəb həyatına tətbiq olunmalı, məktəbin bütün strukturlarına, tədris metodikasına, məktəbin dizaynına və valideyn-müəllim münasibətlərinə inteqrasiya  edilməlidir.
Bununla bağlı məktəb divarlarında milli mədəniyyəti, tarixi, qəhrəmanları və elm adamlarını əks etdirən portretlər, onların motivasiyaedici fikirləri yerləşdirilməlidir. Məktəbin girişində “Vətən xatirəsi guşəsi”, “Tarixi nailiyyətlər stendi” kimi xüsusi məkanlar yaratmaq lazımdır ki, uşaqlar gündəlik onlara baxıb qürur hissi duysunlar. Eyni zamanda ədəbiyyat dərslərində milli qəhrəmanların həyatına psixoloji yanaşma, tarix fənnində milli dövlətçilik ənənələrinin öyrənilməsi, biologiya dərsində dövlətə məxsus fauna və floraya xüsusi önəm, riyaziyyatda tarixi türk-İslam alimlərinin kəşflərinin praktiki tətbiqi kimi inteqrasiya olunmuş “özünüdərk tapşırıqları”na geniş yer verilməlidir. Layihə əsaslı öyrənmə vasitəsi ilə  şagirdlər qrup şəklində yerli kənd təsərrüfatının inkişafı, tarixi abidələrin qorunması kimi  problemlər üzərində işləyə, həm özlərinə, həm də ətraf mühitə fayda vermənin sevincini yaşaya bilərlər.
Hər bazar ertəsi himnin, hər cümə günü “balabilgə andı”nın səslənməsi ilə birlikdə, dəyərlər mövzulu qısa çıxışlar (“Bu həftə nələr öyrəndik, milli ruhumuz nə dedi?”) şagirdlərdə özünüdərk prosesinin daim fəal qalmasına kömək edir:

 

Balabilgə andı
Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Bir balabilgə olaraq and içirəm:
Milli duyğularımı itirmədən,
Təbiəti, insanlığı sevən,
Dəyərlərə hörmət edən,
Vicdanlı, ədalətli,
Millətimə və dövlətimə sədaqətli,
Bilgə İNSAN olmaq üçün
Hədəfimdən yayınmayacaq,
Həqiqət yolundan dönməyəcəyəm!
And içirəm, and içirəm, and içirəm!

 

“Müəllim geyinsin ki, balabilgə də görsün” prinsipindən irəli gələrək, Milli Geyim Günləri və digər tədbirlər mütləq ilk olaraq müəllimlər tərəfindən ən parlaq şəkildə həyata keçirilməlidir.

Unutmaq olmaz ki, uşaq yalnız məktəbdə deyil, evdə də öz dəyərlərinə sahib çıxan bir model görməlidir. Bu səbəbdən, məktəb müntəzəm olaraq valideyn seminarları, birgə layihələr təşkil etməli, ailələrlə kommunikasiya zəncirini gücləndirməlidir. Milli bayramlarda, mədəniyyət günlərində valideynləri də prosesə cəlb edərək, övladın damarlarında axan milli köklərin real həyatla necə vəhdətdə olduğunu göstərmək mümkündür.
Özünü dərk edən insan, öncə özünə dəyər verir, sonra başqalarını dərk edir və onlara hörmət bəsləyir. Bu, hər bir millətin gəncliyinə lazım olan ən vacib amildir. Şəxsi keyfiyyətlərlə yanaşı, elmi, mədəni və tarixi biliklərə sahib olmaq, insanı passiv izləyici olmaqdan  fəal iştirakçı statusuna yüksəldir.
Təhsil, yalnız bilik verən bir vasitə olmaqla qalmır, həm də şəxsiyyətin inkişafına, milli kimliyin qorunmasına və bəşəri dəyərlərin təbliğinə xidmət edir. Ölkənin təhsil siyasətində əsas məqsəd gələcək nəsillərin yalnız akademik deyil, həm də mənəvi və sosial baxımdan güclü şəxsiyyət olaraq yetişməsidir. Bu yolda özünüdərk prosesi mühüm rol oynayır. Şagirdlərin öz daxili dünyalarını kəşf etməsi, öz kimliklərini formalaşdırması və müstəqil düşünən fərdlər kimi yetişməsi ölkənin gələcək uğurları üçün əvəzsiz əhəmiyyət kəsb edir. Özünüdərk prosesi insanın dəyərlərdən qaynaqlanan, tarixi şüur və milli kimliklə qüvvətlənən, psixoloji və bəşəri səviyyədə formalaşan mürəkkəb bir inkişaf xəttidir. Bu proses həm məktəbdə, həm ailədə, həm də ümumilikdə cəmiyyətdə  davam etməli və şəxsiyyətin hərtərəfli yetişməsinə xidmət göstərməlidir. Qeyd etdiyimiz  fikirlər, elmi əsaslar və faktlar tarixdən gələn örnəklər və müasir psixoloji yanaşmalarla birləşdikdə  ağıllı, savadlı, humanist və özünə dəyər verən gənclərin yetişməsinə zəmin yaranır.


Ədəbiyyat siyahısı


1. Toker-Gökçe, A. (2021). Küreselleşme ve eğitimde değerler: Küreselleşmenin eğitimde bireysel ve toplumsal değerlere yansıması.

2. İçinde E. Oğuz & K. Yılmaz (Edi.). Prof. Dr. İnayet Aydın’a Armağan (2. Bölüm, ss. 355-370). Pegem Akademi.

3. Öngider, N. (2013). Anne-baba ile okul öncesi çocuk arasındaki ilişki.

 Psikiyatride Güncel Yaklaşımlar, 5(4), 420-440.

4. Yüksel, A. (2009). İlköğretim 5. sınıf öğrencilerinin empatik becerileriyle aile işlevleri ve benlik kavramları arasındaki ilişkinin incelenmesi. Pamukkale Üniversitesi Eğitim Fakültesi Dergisi, 25(25), 153-165.
5. Hall, S. (1990). Cultural identity and diaspora. In J. Rutherford (Ed.), Identity: Community, culture, difference (pp. 222-237). London: Lawrence & Wishart.
6. Hofstede, G. (2009). Geert Hofstede cultural dimensions.