Ekspertin tribunası

Zərərli informasiya, süni intellekt və uşaqların kibertəhlükəsizliyi

Müəllif: Təbriz Cəfərov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti

4 may 2026 16:13

İnternetin yaranması ilə qlobal miqyasda baş verən transformasiyalar ictimai münasibətlərin mahiyyət və strukturunda köklü dəyişikliklərə səbəb olmuş, “kiber məkan” anlayışı isə müasir cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəqəmsallaşmanın sürətlənməsi nəticəsində informasiya mübadiləsi, sosial qarşılıqlı əlaqə və iqtisadi fəaliyyət formaları yeni məzmun kəsb etmiş, bu da öz növbəsində hüquqi, sosial və etik yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri etmişdir.

Tarixi inkişaf dinamikasına nəzər saldıqda, internetin ilkin mərhələdə hərbi məqsədlər üçün istifadə edildiyi, lakin sonradan sürətlə sivilləşərək cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi müşahidə olunur. Müasir dövrdə dövlət idarəçiliyi, kommersiya fəaliyyəti, maliyyə əməliyyatları və sosial münasibətlərin əhəmiyyətli hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir. Bu isə interneti yalnız texnoloji vasitə deyil, eyni zamanda sosial institut kimi xarakterizə etməyə əsas verir.

Bununla yanaşı, internetin təmin etdiyi imkanlar – informasiyaya sürətli çıxış, operativ kommunikasiya və xidmətlərin əlçatanlığı – bəşəriyyət üçün mühüm üstünlüklər yaratmışdır. Vaxtilə uzun müddət tələb edən proseslərin saniyələr ərzində icra olunması iqtisadi səmərəliliyin artmasına və sosial həyatın dinamikləşməsinə gətirib çıxarmışdır. Lakin texnoloji tərəqqinin bu müsbət nəticələri paralel olaraq yeni risk və təhdidlərin meydana çıxmasına da zəmin yaratmışdır.

Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da bu məsələyə toxunularaq qeyd edilmişdir:

 “Rəqəmsallaşmanın genişlənməsi ilə paralel olaraq qlobal miqyasda kiberhücumların sayı, miqyası və mürəkkəbliyi də artır. Sİ vasitəsilə həyata keçirilən hücumlar, təchizat zənciri riskləri və kritik informasiya infrastrukturlarına qarşı yönəlmiş təhdidlər əsas maneələrdir. Dünya İqtisadi Forumu kibertəhlükəsizlik risklərini və texnologiya vasitəsilə yayılan dezinformasiyanı əsas qlobal təhdidlər sırasında qiymətləndirir. Bu təhdidlər fonunda sadəcə kibermüdafiə deyil, həm də kiberinsidentlərdən sonra sürətli bərpanı nəzərdə tutan rəqəmsal dayanıqlılıq konsepsiyası əhəmiyyət kəsb edir. Ölkənin artan rəqəmsal asılılığı və mürəkkəb geosiyasi mövqeyi kibertəhlükəsizlik strategiyasının fundamental şəkildə gücləndirilməsini, ixtisaslı kadr hazırlığını və milli səviyyədə risk idarəetmə mexanizmlərinin tətbiqini tələb edir. Kritik informasiya infrastrukturunun mühafizəsi milli təhlükəsizlik məsələsidir.”

Xüsusilə qeyd edilməlidir ki, internet mühiti yalnız legitim fəaliyyətlərin deyil, həm də qeyri-qanuni əməliyyatların – kiber dələduzluq, onlayn qumar, məlumatların qanunsuz dövriyyəsi və digər hüquqazidd fəaliyyətlərin həyata keçirildiyi platformaya çevrilmişdir. Bu kontekstdə ən həssas sosial qruplardan biri olan uşaqların hüquqları və təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir.

Müasir informasiya cəmiyyətində kontentin həcm və müxtəlifliyinin sürətlə artması uşaqların zərərli informasiyaya məruz qalma ehtimalını əhəmiyyətli dərəcədə yüksəltmişdir. Psixoloji tədqiqatlar göstərir ki, erkən yaşlarda zorakılıq, aqressiya və ya qeyri-etik davranışları təbliğ edən məzmunla təmas uşaqların davranış modellərinə, sosial adaptasiyasına və dəyərlər sisteminə mənfi təsir göstərə bilər. Bu baxımdan, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi yalnız hüquqi deyil, həm də sosial və pedaqoji problem kimi qiymətləndirilməlidir.

Qanunvericilik müstəvisində atılan addımlar bu sahədə mühüm rol oynasa da, praktiki icra mexanizmlərinin effektivliyi hələ də müzakirə mövzusudur. Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş əsas hüquqi sənədlərdən biri kimi çıxış edir. Sözügedən qanun uşaqların üstün maraqları prinsipini əsas götürərək zorakılığı və qəddarlığı təbliğ edən, cinayət davranışlarını təşviq edən, əxlaqi dəyərlərə zidd və pornoqrafik xarakterli informasiyaların yayılmasını və əlçatanlığını məhdudlaşdırır.

Bu hüquqi çərçivə uşaqların fiziki və psixoloji inkişafının qorunmasına, onların sağlam sosial mühitdə formalaşmasına və ailə institutunun möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, müəyyən informasiya kateqoriyalarına çıxışın yaşa uyğun məhdudlaşdırılması beynəlxalq təcrübədə də geniş tətbiq olunan yanaşmalardan biridir və preventiv müdafiə mexanizmi kimi əhəmiyyət daşıyır.

Bundan əlavə, 2023–2027-ci illəri əhatə edən Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasında uşaqların zərərli informasiyadan qorunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Strategiyada institusional əməkdaşlığın gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və texnoloji həllərin tətbiqi kimi kompleks yanaşma nəzərdə tutulur. Müvafiq dövlət qurumlarının bu prosesə cəlb olunması problemin çoxşaxəli xarakterini və koordinasiyalı fəaliyyətin zəruriliyini bir daha təsdiqləyir.

Lakin son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı mövcud risklərin miqyasını və xarakterini əhəmiyyətli dərəcədə dəyişmişdir. Generativ süni intellekt alətləri vasitəsilə zərərli və manipulyativ məzmunun yaradılması daha asan və əlçatan olmuş, bu isə informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar formalaşdırmışdır. Xüsusilə “deepfake” texnologiyaları, avtomatlaşdırılmış kontent istehsalı və fərdiləşdirilmiş informasiya axınları uşaqların yanlış və zərərli təsirlərə məruz qalma riskini artırır.

Bu şəraitdə yalnız hüquqi tənzimləmə kifayət etmir, eyni zamanda texnoloji nəzarət mexanizmləri, valideyn nəzarəti alətləri, rəqəmsal savadlılıq proqramları və platforma məsuliyyətinin artırılması kimi kompleks tədbirlər həyata keçirilməlidir. Qlobal texnologiya şirkətlərinin alqoritmik şəffaflıq, kontent moderasiyası və yaşa uyğun təhlükəsizlik standartlarına riayət etməsi xüsusilə vacibdir.

Nəticə etibarilə, uşaqların kiberməkanda qorunması çoxsəviyyəli yanaşma tələb edən kompleks problemdir. Bu sahədə effektiv nəticələrin əldə olunması üçün hüquqi tənzimləmə, institusional əməkdaşlıq, texnoloji innovasiyalar və ictimai maarifləndirmə paralel şəkildə inkişaf etdirilməlidir. Yalnız bu halda rəqəmsal transformasiyanın yaratdığı imkanlardan təhlükəsiz və davamlı şəkildə faydalanmaq mümkün olacaqdır.