10 bölgədə həyata keçirilən “Çempion ailələr” layihəsi uğurla başa çatıb
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti tədbir iyulun 23-də Naxçıvan Muxtar Respublikasında keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova rəhbərlik etdiyi qurum tərəfindən ailə institutunun möhkəmləndirilməsi və gənclər arasında sağlam ailə dəyərlərinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Komitə sədri qeyd edib ki, təşkil olunan intellektual yarış yalnız bilik yarışı deyil, eyni zamanda ailə üzvləri arasında qarşılıqlı etimadın, birgə qərarvermə bacarıqlarının və komanda ruhunun möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır. O, çıxışının yekununda iştirakçılara uğurlar arzulayıb, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fuad Adıgözəlov vurğulayıb ki, təşkilat ailələrin inkişafı və sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir və bu sahədə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq edir. O bildirib ki, “Çempion ailələr” layihəsi də bu əməkdaşlığın uğurlu nümunələrindən biridir.
Çıxışlardan sonra intellektual yarışa start verilib. On ailənin iştirak etdiyi yarışın yekununda bütün iştirakçılara sertifikatlar, qalib ailələrə isə diplom və hədiyyələ rtəqdim olunub.
Yarışın nəticələrinə əsasən:
- I yerə Şərurrayonundan Əlizadələr ailəsi;
- II yerə Naxçıvan şəhərindən Quliyevlər ailəsi;
- III yerə isə Babək rayonundan Rüstəmovlar ailəsi layiq görülüb.
Beləliklə, cari ilin may–iyul ayları ərzində ölkənin 10 bölgəsində həyata keçirilən “Çempion ailələr” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində ümumilikdə 100 ailə (400-ə yaxın iştirakçı) intellektual yarışlarda iştirak edib. Yarışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və layihənin əsas məqsədlərinə uyğun olaraq ailə dəyərlərinin və milli-mənəvi ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, həmçinin ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsinə töhfə verib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi