15 May - Beynəlxalq Ailə Günü münasibətilə paytaxtda və regionlarda psixoloji təlimlər keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim proqramı keçirilir.
Ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji hazırlanması məqsədilə təşkil edilən təlimlərdə paytaxt və regionlardan 220 ailənin iştirakı nəzərdə tutulur.
Təlimlər ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müasir dövrdə ailələrin qarşılaşdığı çətinliklərin effektiv idarə olunması mövzularını əhatə edir. Psixoloq-təlimçilər Əsli Zeynalabdinova və Aygün İsmayılova cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar. Vurğulanıb ki, ailənin davamlılığı təkcə maddi və hüquqi amillərdən deyil, hər iki tərəfin psixoloji yetkinliyindən və münasibətləri inkişaf etdirmə iradəsindən asılıdır.
İştirakçılar təlim zamanı müxtəlif psixoloji testlər, situasiya oyunları və keyslər vasitəsilə fərdi münasibət formasını təhlil etmək imkanı əldə ediblər. Sonda iştirakçılara ailə daxilində emosional bağların gücləndirilməsi və konfliktlərin həllinə dair praktik tövsiyələrdən ibarət maarifləndirici materiallar, həmçinin hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ailələrin maraqla qarşıladığı təlimlər Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad və Saatlıda keçirilib. Mayın 22-nə kimi daha 7 rayonda təşkili nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi