20 Yanvar faciəsindən 36 il ötür

19 yanvar 2026 17:18

Paylaş:

Otuz altı il bundan əvvəl  Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi o dövrdə baş verən mürəkkəb siyasi proseslərin, xüsusilə Sovet imperiyasının xalqımıza qarşı hazırladığı genişmiqyaslı strategiyanın tərkib hissəsi idi.

20 Yanvar gecəsi Bakıya yeridilən sovet ordusu əslində təkcə dinc əhaliyə deyil, Azərbaycanın dövlətçilik iradəsinə və ərazi bütövlüyünə yönəlmişdi.

Faciənin baş verdiyi ilk günlərdən xalqın yanında olan Ulu öndər Heydər Əliyevin Kremlin kəskin informasiya blokadasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və bu hadisəyə açıq şəkildə etiraz etməsi, dünyada və ölkəmizdə geniş əks-səda doğurdu. 

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.

44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər və həyata keçirilən antiterror tədbirləri ilə bütün ərazilərimizdə bərpa edilən suverenliyimiz, əslində xalqımızın o qanlı gecədən başlayan mübarizəsinin məntiqi nəticəsi idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu  torpaqlarımızı erməni işğalından azad edərək artıq bölgədə yeni reallıq yaratdı.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri həyata keçirilir, dağıdılmış şəhər və kəndlər yenidən qurulur. Doğma yurdumuzda həyat yenidən canlanmağa başlayır.

Bu gün əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canını qurban verən bütün şəhidlərimizi ehtiramla yad edirik.