Ailə, qadın və uşaq məsələləri sahəsində tematik panel müzakirəsi keçirilib

30 aprel 2026 18:11

Paylaş:

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans çərçivəsində geniş panel müzakirəsi təşkil olunub. Müzakirənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, qadınların cəmiyyətdə rolu, uşaqların rifahı və rəqəmsal dövrdə sosial dəyərlərin qorunması ilə bağlı aktual çağırışların elmi və praktiki aspektdən təhlili olub.

Sessiya Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə baş tutub. O, giriş nitqində dayanıqlı inkişafın sosial sütunlarından biri kimi ailə institutunun strateji əhəmiyyətini vurğulayıb və müzakirələrin müxtəlif sahələri əhatə edən kompleks yanaşma ilə aparılmasının vacibliyini qeyd edib, bu sahədə qlobal çağırışlara diqqət çəkib. 

Müzakirələrdə müxtəlif sahələri təmsil edən ekspertlər çıxış edərək tematik istiqamətlər üzrə fikirlərini bölüşüblər.

İlk panelçi Milli Məclisin deputatı Mübariz Qurbanlı, ailə institutuna qlobal miqyasda təsir göstərən çağırışlar və risklər barədə danışaraq, statistik göstəriciləri diqqətə çatdırıb. Ənənəvi ailə modeli ilə müasir ailə münasibətlərini müqayisəli təhlil edən deputat, dövrümüzdə ailədaxili münasibətlərdə fərdiyyətçiliyə gətirib çıxaran amilləri qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bərabərlikdən inklüzivliyə keçid mərhələsində ailə, qadın və uşaq hüquqlarının təmini sahəsində hüquqi islahatların insan yönümlü və preventiv yanaşma əsasında inkişafını tələb etdiyini qeyd edib. 

T.İbrahimova vurğulayıb ki, bu sahədə qəbul olunan qanunlar və mexanizmlər yalnız institusional tətbiq, sosial davranış dəyişikliyi və koordinasiyalı xidmətlər olduqda real nəticə verə bilər. O, inklüziv siyasətin effektivliyinin hüquqi qoruma ilə ailədaxili etibarın balanslaşdırılması və uşaqyönümlü yanaşmanın praktikada gücləndirilməsi ilə mümkün olduğunu deyib.

Növbəti panelçi ADA Universitetinin dekanı, təhsil eksperti Ülviyyə Mikayılova təhsilə bərabər çıxış imkanlarının insan kapitalının inkişafında əsas faktor olduğunu bildirib və inklüziv təhsil siyasətinin əhəmiyyətini önə çəkib. Ü.Mikayılova uşaqların təhsildə bərabər imkanlarından bəhs edərək, sosial dövlətin ən vacib aləti kimi məktəbin əhəmiyyətindən danışıb. O, xarici ölkələrin təcrübələrindən nümunələr gətirərək, həssaq uşaqların təhsildəki nəaliyyətlərinə diqqət göstərilməsinin vacibliyini vurğulayıb.

“Yaddaş Akademiyası”nın təsisçisi və rəhbəri, psixoloq Aytəkin Aslan, ailə dayanıqlığı və emosional sağlamlığın uşaqların psixoloji rifahı və şəxsiyyətinin formalaşmasında həlledici rolunu vurğulayıb. O, emosional dəstəyin, sağlam ünsiyyət və sabit ailə mühitinin uşaqlarda stress və davranış pozuntularının azalmasına birbaşa təsir göstərdiyini deyib.

Sosial tədqiqatçı Humay Axundzadə qlobal dünyada dayanıqlı cəmiyyətin formalaşmasında qadınların rolunun artan əhəmiyyətindən bəhs edib. O, qadınların ailədə və cəmiyyətdə qayğı, tərbiyə və təhsil vasitəsilə gələcəyin əsasını qoyduğunu qeyd edib. Bildirib ki, həyata keçirilən gender siyasəti nəticəsində qadınların məşğulluğu və iqtisadi fəallığı artır, stereotiplərə qarşı daha dözümsüz mühit formalaşır və zorakılıq, erkən evlilik hallarının azalması dayanıqlı cəmiyyətin qurulmasına mühüm töhfə verir.

Sonuncu panelçi AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Esmira Qasımova çıxışında rəqəmsal dövrdə ailə dəyərlərinin transformasiyası mövzusuna toxunub. O,  rəqəmsallaşmanın ailədaxili münasibətlərə təsirindən bəhs edərək, əsas yanaşmanın texnologiyanı qadağan etmək deyil, təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması olduğunu deyib.

Panel müzakirəsi interaktiv fikir mübadiləsi ilə davam edib və iştirakçılar ailə, qadın və uşaq siyasətinin gələcək inkişaf istiqamətləri ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.