Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir
Paylaş:
Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Quliyevlər ailəsidir.
Vahid Quliyev və həyat yoldaşı Şamama Rəhmanova 44 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 3 qız övladı və 4 nəvələri var. Onlar öz uğurlu ailələri ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Quliyevlər ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün örnək və ilham mənbəyidir.
Vahid Quliyev Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakültəsini bitirdikdən sonra təyinat üzrə Şirvan şəhərində zavodda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində çalışıb. Müharibə iştirakçısıdır, 4 medalla təltif olunub.
Şamama Rəhmanova 36 il Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbində kimya müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ş.Rəhmanova 04.10.2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Vahid Quliyev: “Ailədə birlik olarsa o ailə hər zaman xoşbəxt olar, hər iki tərəf bağışlamağı bacarmalıdır. Səhvsiz insan yoxdur, kin saxlamaq əvəzinə bir-birini anlamaq, bağışlamağı bacarmaq lazımdır”.
Şamama Rəhmanova: “Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün uşaqlarda elmə, biliyə maraq yaradılmalı, onların potensialı düzgün istiqamətləndirilməlidir”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi