Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti
Paylaş:
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bildiririk ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır.
Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.
Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır.
Qeyd etmək istərdik ki:
Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edir:
Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın;
Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin;
Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin;
Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun;
Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın.
Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.
Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi