Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşüb
Paylaş:
Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 24 sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşü keçirilib.
Bahar Muradova Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dost ölkələrlə əlaqələrini möhkəmləndirdiyini və bu münasibətlərin gələcəkdə daha geniş əməkdaşlığa yol açdığını bildirib. O həmçinin qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr gələcək əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Komitə sədri çıxışı zamanı Azərbaycan-Ermənistan münaqişəsinin sülh sazişi ilə başa çatdırılmasını diqqətə çatdıraraq, bu hadisəni yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Sülhün əldə olunmasının ölkəmizin daha geniş miqyaslı hədəflərə doğru irəliləməsinə imkan yaradacağını qeyd edib.
Bahar Muradova Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də məlumat verib. O, qohum və erkən nikahlarla bağlı mənfi stereotiplərin aradan qaldırılması üçün hüquqi mexanizmlərin tətbiq edildiyini qeyd edib. Valideyn-övlad münasibətlərinin gücləndirilməsi, uşaqların təşəbbüslərinə dəstək göstərilməsi, qızların təhsili və qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə danışıb:
“Əgər biz sağlam ailə və sağlam gələcəkdən danışırıqsa, qohum nikahlarına ciddi diqqət yetirməliyik. Bu istiqamətdə qanun qəbul edilib və artıq qüvvəyə minib. Həm valideynlərin, həm nikaha girənlərin, həm də bu prosesi təşviq edən qurumların məsuliyyəti qanunla müəyyən edilib.” - deyə o əlavə edib.
Bahar Muradova, həmçinin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri haqqında məlumat verib. O bildirib ki, bu mərkəzlər icma əsaslı fəaliyyət göstərərək əhalinin bütün təbəqələrinə, xüsusilə də həssas qruplara – qadınlara və uşaqlara hüquqi maarifləndirmə xidməti göstərir, ailələrin sosial problemlərinin həllinə dəstək olur.
BƏƏ Ailə naziri Sana Suhail isə bildirib ki, hər iki dövlət ortaq dəyərlərə və mədəniyyətə malikdir. Biz Azərbaycanı təbii tərəfdaş ölkə olaraq görürük və təcrübəsini öyrənməkdə maraqlıyıq: “Prioritetlərimiz arasında qadınların parlamentdə, sahibkarlıqda və təhsil sahəsində fəallığının artırılması, həmçinin ailə institutunda mövqeyinin gücləndirilməsi yer alır. Azərbaycanda bu sahədə həyata keçirilən qanunvericilik islahatları, xüsusilə də qohum nikahlarının qadağan edilməsi istiqamətində atılan addımlar diqqətimizi cəlb edir.” - deyə nazir bildirib.
Nazir həmçinin Azərbaycanda Ailə və Uşaq Dəstək Mərkəzlərinin fəaliyyəti ilə maraqlandığını qeyd edib və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi