Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən dördgünlük təlim başa çatıb

13 oktyabr 2026 11:34

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən dördgünlük təlim başa çatıb.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər tərəfindən 6-9 oktyabr tarixlərində keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər. 

Təlimin əsas məqsədlərindən biri müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, xidmətlərin göstərilməsində fərdi yanaşmanın təşviqi və beynəlxalq təcrübənin yerli praktikada tətbiqi imkanlarının genişləndirilməsi olub.

Dördgünlük proqram çərçivəsində erkən uşaqlıq dövründə inkişafın dəstəklənməsi, erkən müdaxilə mexanizmləri, fərdi ehtiyacların qiymətləndirilməsi, fərdi dəstək planlarının hazırlanması, sosial xidmətlərin təşkili, inklüziv təhsil, müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsi və ailələrlə əməkdaşlıq kimi mühüm istiqamətlər əhatə olunub.

Təlim müddətində Türkiyənin müvafiq sahədə təcrübəsi iştirakçılarla bölüşülüb, nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər, qrup işləri və konkret hallar əsasında müzakirələr aparılıb. İştirakçılar EKO xəritənin hazırlanması, rutin əsaslı müsahibə və fərdi ehtiyacların müəyyənləşdirilməsi kimi praktik yanaşmalarla tanış olublar.

Yekunda mövzular üzrə fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib.