Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib
Paylaş:
21 oktyabr 2026-cı il tarixində keçirilən I Ailə Forumunun məqsədi gənc ailələrin müasir sosial və rəqəmsal dəyişikliklər fonunda qarşılaşdığı yeni reallıqları dövlət, ekspert icması və ailələrin iştirakı ilə müzakirə etmək, ailə siyasətində ailəni yalnız dəstək alan tərəf deyil, qərarların və həllərin formalaşmasında tərəfdaş kimi təşviq etməkdir.
Tədbirdən öncə “Gələcəyin ailəsi uşaqların gözü ilə” mövzusunda tematik rəsm sərgisi nümayiş etdirilib, həmçinin “Könüllü ailələr”in təqdimatı keçirilib.
Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları tərəfindən rəqəmsal dövrdə insan münasibətlərinin və ailə dəyərlərinin qorunmasını əks etdirən bədii kompozisiya təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərin və nəsillərarası bağlılığın qorunmasında mühüm rolunu vurğulayıb. O bildirib ki, müasir dövrdə əsas vəzifə ənənəvi ailə dəyərlərini qorumaqla yanaşı, ailələri texnoloji inkişafın yaratdığı yeni reallıqlara hazırlamaqdır.
Komitə sədri rəqəmsal texnologiyaların ailə münasibətlərinə və uşaqların inkişafına təsirindən bəhs edərək, zərərli məzmun, rəqəmsal asılılıq, kiberzorakılıq və şəxsi məlumatların qorunması kimi məsələlərin aktuallığını diqqətə çatdırıb. O, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində valideynlərin məsuliyyətini, ailədə etibarlı münasibətlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini qeyd edib.
Bahar Muradova ailə institutunun möhkəmləndirilməsi, ailələrin rifahının yüksəldilməsi, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlərə toxunub. O, hazırlanmaqda olan Azərbaycan Respublikasının Ailə Konsepsiyası layihəsinin uzunmüddətli ailə siyasətinin formalaşdırılmasında əhəmiyyətini vurğulayıb, Böyük Qayıdış çərçivəsində ailələrin doğma yurdlarına qayıdışının milli-mənəvi bağlılığın davamlılığı baxımından önəmini qeyd edib.
Forum çərçivəsində ailə münasibətləri, müasir valideynlik, rəqəmsal mühitdə sağlamlıq və təhlükəsizlik, süni intellektin təsiri və gələcəyin ailəsi mövzularında altı panel müzakirəsinin keçiriləcəyi bildirilib.
Çıxışının sonunda Komitə sədri rəqəmsal inkişafın imkanlarından səmərəli istifadə etməklə ailə dəyərlərinin qorunmasının, sağlam münasibətlərin möhkəmləndirilməsinin və gələcək nəsillər üçün təhlükəsiz sosial mühitin yaradılmasının vacibliyini vurğulayıb. O, Forumun nəticələrinin ailə siyasətinin gələcək inkişafına və Ailə Konsepsiyasının hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edərək tədbiri açıq elan edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, çıxışında rəqəmsallaşma sahəsində aparılan islahatlardan danışıb. O, cənab Prezidentin sədrliyi ilə keçirilən Müşavirədə qəbul edilmiş qərarlara uyğun olaraq, 2026–2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqləndiyini, müvafiq şuranın yaradıldığını və rəqəmsallaşma ilə yanaşı, süni intellekt sahəsində strateji islahatlara start verildiyini xatırladıb. O, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik kimi dörd ana istiqaməti əhatə edən 58 təşəbbüs çərçivəsində ölkədə rəqəmsal infrastrukturun yeniləndiyini, xidmətlərin elektronlaşdırıldığını və təhsilin müasirləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
S.Məmmədov çıxışında xüsusilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının milli təhlükəsizlik və sosial rifah baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulayıb. Bu çərçivədə milli kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi nəzərə çatdırılaraq, 16 yaşdan aşağı şəxslər üçün sosial platformalarda şəxsi hesab açılmasına məhdudiyyətin qoyulması, 16–18 yaş arası yeniyetmələr üçün isə valideyn razılığının tələb olunması kimi təkliflərin irəli sürüldüyünü bildirilib.
Nazir müavini həmçinin əsas məsuliyyətin platformaların üzərinə düşdüyünü, zərərli məzmunların 24 saat ərzində silinməsi və hədəfli reklamların məhdudlaşdırılması istiqamətində kompleks qanunvericilik mexanizmlərinin tətbiq olunacağını deyib.
Ailənin cəmiyyətin və dövlətin təməli olduğunu vurğulayan Elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətdə xoşbəxt ailələrin sayının çox olmasının dövlətin uğurlu inkişafının əsas zəmanəti olduğunu bildirib. O, ailənin demoqrafik, tərbiyəvi, iqtisadi, refleksiv və psixoloji beş ana funksiyasını diqqətə çatdıraraq, bu amillərin sağlam uşaqların və gələcək vətəndaşların formalaşmasında müstəsna rol oynadığını qeyd edib.
Ölkənin gələcək inkişafının bilavasitə gənc nəslin formalaşmasından asılı olduğunu vurğulayan nazir müavini milli-mənəvi dəyərlərin qorunmasının strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən və suverenliyimizin bərpasından söz açan F.Qurbanov müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunub saxlanılmasının bugünkü gənclərin üzərinə düşdüyünü vurğulayıb, həmçinin müasir dövrdə rəqəmsallaşma və texnologiyaların ailə institutuna təsirlərinin ciddi şəkildə nəzərə alınmasının vacibliyini ifadə edib.
Forumda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun qarşısında duran çağırışlardan, ailənin mənəvi dəyərlərinin qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, cəmiyyətin inkişafı və dəyişən dövrün tələbləri fonunda ailə institutunun transformasiyası qaçılmazdır. Əsas məqsəd bu dəyişikliklər şəraitində ailənin müqəddəsliyini və mənəvi əsaslarını qoruyub saxlamaqdır.
Sədr müavini ailə dəyərlərinin qorunmasında dini qurumların, dini icmaların, din xadimlərinin və ilahiyyatçıların üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib. Bununla yanaşı, din adı altında təqdim edilən radikal yanaşmaların və milli-mənəvi dəyərlərə zidd təsirlərin ailə institutu üçün təhdid yarada biləcəyini diqqətə çatdırıb. O, Azərbaycan ailəsinin öz milli kimliyini və mənəvi dəyərlərini qoruyaraq inkişaf etməsinin vacibliyini vurğulayıb. Gündüz İsmayılov ailə dəyərlərinin möhkəmləndirilməsi üçün İslamın mahiyyətinin və məqsədlərinin düzgün təbliğinin əhəmiyyətini qeyd edib.
Daha sonra süni intellekt texnologiyası ilə hazırlanmış ailə dəyərlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Forumun birinci hissəsində ADA Universitetinin hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərovun moderatorluğu ilə “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva, PAŞA Maliyyə Holdinqinin innovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva, səhiyyə idarəçisi və profilaktik sağlamlıq üzrə ekspert Nigar Rüstəmli, Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov iştirak ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiyanın ailə həyatına təsiri müxtəlif aspektlərdən təhlil olunub. Panel iştirakçıları texnologiyaların ailədaxili ünsiyyətə, valideyn-övlad münasibətlərinə, gündəlik davranışlara və sosial qarşılıqlı əlaqələrə təsirini nəzərdən keçirərək rəqəmsal imkanlardan balanslı və məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıblar.
Müasir media mühitində baş verən dəyişikliklərə toxunan ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva sosial medianın ailə modelinin transformasiyasındakı rolundan danışıb. O, internetin ənənəvi ailə münasibətlərinə təsirini, bu prosesin yaratdığı yeni imkanları və riskləri diqqətə çatdıraraq təsirlərinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Texnoloji yeniliklərin ailə həyatının gələcəyinə təsirindən bəhs edən PAŞA Maliyyə Holdinqinin innovasiyalar üzrə meneceri Ülviyyə Mehrəliyeva ailədaxili ünsiyyəti və birgə vaxt keçirməyi dəstəkləyən texnoloji həllərin əhəmiyyətinə diqqət çəkib, innovativ məhsulların hazırlanmasında təsisçilərin və investorların sosial məsuliyyətinin vacibliyini bildirib. Həmçinin uşaqların texnologiyadan istifadəsinə yanaşma, onlara rəqəmsal mühitdə təhlükəsiz və məsuliyyətli davranış vərdişlərinin aşılanması məsələlərinə toxunub.
Rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, mümkün sağlamlıq risklərinin də nəzərə alınmalı olduğunu bildirən səhiyyə idarəçisi, profilaktik sağlamlıq üzrə ekspert Nigar Rüstəmli texnoloji inkişaf şəraitində fərdin və ailənin fiziki və psixoloji sağlamlığının qorunmasının əhəmiyyətini vurğulayıb. O, rəqəmsal vasitələrdən istifadə zamanı sağlam həyat tərzinin qorunmasının, mümkün risklərə qarşı diqqətli olmağın və texnologiyanın gündəlik həyata təsirlərinə şüurlu yanaşmağın vacibliyini qeyd edib.
Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov müasir ailə münasibətlərinin psixoloji tərəflərinə toxunaraq, ailədaxili gərginliklərin yaranmasında sosial mühitin, dəyişən gözləntilərin və müasir həyat tərzinin roluna diqqət çəkib. O, ailədə məsuliyyətin ədalətli bölüşdürülməsinin, qarşılıqlı anlaşma və emosional dəstəyin sağlam münasibətlərin formalaşmasında mühüm yer tutduğunu bildirib. R.Nəcəfov dayanıqlı ailə münasibətlərinin qorunması üçün emosional yetkinliyin, münaqişələri idarə etmək bacarığının və ortaq məsuliyyət prinsipinin əhəmiyyətini vurğulayıb.
Panel müzakirəsindən sonra “Talent” rəqs qrupunun “İşıq dalğası” kompozisiyası təqdim edilib.
Forum altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi