“Ailələrimizi tanıyaq” layihəsi davam edir

2 iyun 2026 09:18

Paylaş:

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir.

Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir.

Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub.

Həyat yoldaşı Raya Məmmədova 1952-ci ildə Göygöl rayonunda anadan olub. Ali təhsillidir. Kirovabad (Gəncə) Pedaqoji Məktəbində rəsmxət və rəsm müəllimliyi ixtisası üzrə təhsil alıb. Uzun illər Pənahlılar kənd orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. Bununla yanaşı, xalçaçılıq sənəti ilə də məşğul olub.

50 ildən artıqdır birgə ömür sürən Həsənovlar ailəsinin 6 qız övladı, 16 nəvəsi və 4 nəticəsi var. Övladlarının hər biri ailə həyatı qurub və hazırda böyük, mehriban bir ailə olaraq həyatlarını davam etdirirlər. Nəvələrinin əksəriyyəti ali təhsil alıb, bir qismi isə artıq müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb.

- Xoşbəxt ailənin sirri nədədir?

Nazim Həsənov: “Xoşbəxt ailənin əsas sirri qarşılıqlı anlayış, hörmət və bir-birini dinləməkdir. Ailədə mehribanlıq və səbir olduqda bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Eləcə də ailədə anlaşılmazlıqların həlli üçün sakit şəkildə müzakirə aparmaq, düzgün ünsiyyət çox vacibdir. Hər kəs bir-birini dinləməli və ortaq qərara gəlməlidir”.

- Ailədə valideyn-övlad münasibətləri necə qurulmalıdır?

Raya Məmmədova: “Övladlarımıza düzgün tərbiyə vermək, onların təhsilinə diqqət yetirmək və daim valideyn nəzarətində saxlamaq vacibdir. Ailədə valideyn-övlad münasibətləri hərzaman qarşılıqlı hörmət və qayğı üzərində qurulmalıdır. Uşaqların fikrinə hörmət edilməli,eyni zamanda onlara məsuliyyətli olmaq aşılanmalıdır”.