Ailələrimizi tanıyaq” layihəsi davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Bu layihə çərçivəsində müxtəlif bölgələrdə yaşayan, uzunömürlü və möhkəm ailə münasibətləri ilə seçilən ailələrin həyat təcrübələri, ailə dəyərlərinə baxışları və gənc nəslə tövsiyələri ictimaiyyətlə bölüşülür.
Növbəti qonağımız Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir.
49 ildir birgə ömür sürən Gözəlovlar ailəsinin 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsil alaraq müxtəlif sahələrdə fəaliyyət göstərir və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ailənin başçısı Əlisafa Gözəlov uzun illər Dəmiryol İdarəsində və “Azərpoçt” müəssisəsində çalışıb, hazırda təqaüddədir. Həyat yoldaşı Gülüstan Almazova isə uzun illər təhsil sahəsində müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərib. Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən G.Almazova hazırda təqaüddədir.
Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:
- Xoşbəxt və uzunömürlü evliliyin sirri nədədir?
G.Almazova: “Uzunömürlü və xoşbəxt ailə həyatımızın əsas sirri qarşılıqlı anlaşma, hörmət və güzəştə getməyi bacarmağımızdadır”.
Ə.Gözəlov: “Biz hər zaman bir-birimizi dinləmiş, fikir və qərarlarımıza anlayışla yanaşmışıq. Yəni sözün əsl mənasında, birimizin sözü digərimiz tərəfindən qəbul olunub və dəyərləndirilib”.
Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Əlbəttə, hər bir ailədə olduğu kimi, bizim ailədə də zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar baş verir. Lakin biz bu hallarda emosiyalara qapılmadan, sakit və qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirə etməyə üstünlük veririk.
Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır ?
G.Almazova: “Övladların vətənə, dövlətə layiqli insan kimi yetişməsi ilk növbədə ailədən başlayır. Mən həmişə çalışmışam ki, uşaqlarıma nəzarət edim. Onların tərbiyəsi, davranışı, kimlərlə ünsiyyətdə olmaları daim diqqətimdə olub. Eyni zamanda, uşaqlara düzgün dəyərlər aşılamaq, onlara zəhmətkeşliyi, böyüyə hörməti, kiçiyə qayğını öyrətmək çox vacibdir. Hesab edirəm ki, sevgi, nəzarət və düzgün tərbiyə birlikdə olduqda, övladlar cəmiyyət üçün faydalı və layiqli vətəndaş kimi yetişirlər”.
Valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz?
Ə.Gözəlov: “Övladlarımı sərtliklə yox, daha çox söhbət və nəsihətlə tərbiyə etməyə üstünlük vermişəm. Onların fikrinə də dəyər vermişik, amma düzgün yol göstərməyi də unutmamışıq. Hesab edirəm ki, valideyn-övlad arasında hörmət, etibar və səmimi münasibət olduqda ailə daha möhkəm olur”.
G.Almazova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən vacib tərəfidir. Mən bu məsələyə hər zaman ciddi yanaşmışam. Həm evdə, həm də işimdə qazandığım təcrübə mənə göstərib ki, uşaqlarla münasibət təkcə nəzarət deyil, eyni zamanda düzgün istiqamət vermək və onları dinləmək deməkdir”.
Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?
Düzünü desək, bu gün geriyə baxdıqda övladlarımızın tərbiyəsi ilə bağlı xüsusi bir təəssüf hissi keçirmirik. O dövrün imkanları və şəraiti daxilində bacardığımız qədər düzgün tərbiyə verməyə, onlara yol göstərməyə çalışmışıq.
Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Ailə qurmaq istəyən gənclərə ən əsas məsləhətimız odur ki, tələsik qərar verməsinlər və bir-birini yaxşı tanımağa vaxt ayırsınlar. Ailə təkcə sevgi üzərində yox, həm də qarşılıqlı hörmət, səbir və anlayış üzərində qurulmalıdır.
Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz?
Gənc ailələrə ən böyük məsləhətimiz odur ki, ailəni qorumağın əsasını qarşılıqlı hörmət, səbir və anlayış təşkil edir. Ailə qurmaq təkcə birlikdə yaşamaq deyil, həm də bir-birinə dayaq olmaq, çətin gündə də, xoş gündə də bir komanda kimi hərəkət etmək deməkdir. Sevgi ilə yanaşı, hörmət və etibar da daim qorunmalıdır.
Hörmətli Gözəlovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi