“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Paylaş:
İsmayıllı rayonunun Mican kəndində doğulmuş Şəfaqət Rəsulov və Mingəçevir şəhərində anadan olmuş Leyla Rəsulova ömürlərinin böyük hissəsini təhsil sahəsinə həsr ediblər. Hər ikisi Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirərək uzun illər İsmayıllı rayonunun müxtəlif məktəblərində müəllim kimi fəaliyyət göstəriblər.
Şəfaqət Rəsulov müəllimliklə yanaşı, rayon təhsil şöbəsində metodist, metodik kabinetin müdiri və müdir müavini, daha sonra isə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifələrində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həyat yoldaşı Leyla Rəsulova da uzun illər riyaziyyat müəllimi kimi çalışaraq rayonun təhsil həyatına öz töhfəsini verib.
Yarım əsrdən artıqdır birgə ömür sürən Rəsulovlar ailəsi bu gün həm də möhkəm ailə dəyərləri, zəhmətsevərlik və təhsilə bağlılığın nümunəsi kimi diqqət çəkir. Beş övlad, yeddi nəvə sahibi olan ailədə təhsilə verilən önəm ənənəyə çevrilib. Övladlarından ikisi ali təhsil alıb, nəvələrindən üçü isə ali məktəblərə yüksək nəticə göstərərək qəbul olunub.
Rəsulovlar ailəsinin həyat yolu uzun illər pedaqoji fəaliyyət, ailə dəyərlərinə sədaqət və gələcək nəslin təhsilinə göstərilən diqqətin vəhdəti ilə səciyyələnir. Bu baxımdan onların ailə modeli cəmiyyətdə sağlam və nümunəvi ailə dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Ailə ilə müsahibəmizi sizə təqdim edirik:
- Xoşbəxt evliliyin sirri nədədir?
Ş.Rəsulov: “Xoşbəxt ailənin təməli qarşılıqlı hörmət və sevgidən əlavə, tərəflərin bir-birinə şəxsi nümunə ola bilməsindədir. Əgər insan öz davranışları ilə ailəsinə örnək olmağı bacarırsa, həmin evdə mütləq xoşbəxtlik olar. Hər bir uğurlu kişinin arxasında güclü bir qadın dayanır. Hesab edirəm ki, bizim 50 illik evliliyimiz və birgə keçdiyimiz yol bu fikrin ən gözəl, nümunəvi təsdiqlərindən biridir”.
L.Rəsulova: “Həyatın müəyyən məqamlarında güzəştə getməyi bacarmaq və çətinliklər qarşısında dözümlülük nümayiş etdirmək ailənin uzunömürlü olması üçün ən vacib şərtdir”.
- Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Ş.Rəsulov: “Hər bir ailədə fərqli baxışların və anlaşılmazlıqların olması təbiidir. Belə məqamlarda əsas çıxış yolu tərəflərin bir-birini təmkinlə dinləməsi və güzəştə getməyi bacarmasıdır. Münasibətlərdə hər iki tərəf eyni anda emosional davranmamalı, biri gərgin olduqda digəri mütləq anlayış və sakitlik nümayiş etdirməlidir”.
- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
Ş.Rəsulov: “Övladın cəmiyyət üçün layiqli bir vətəndaş kimi formalaşmasında ən təsirli vasitə valideynin şəxsi təcrübəsi ilə ona örnək olmasıdır. Uşaqların tərbiyəsi onlara verilən tərbiyədən, böyüdükləri mühitdən və həyatdan qazandıqları təcrübələrdən asılıdır”.
- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
Ş.Rəsulov: “Ailəmdə münasibətləri təzyiqlə deyil, qarşılıqlı hörmət və anlayış üzərində qurmağa çalışıram. Övladlarımın şəxsi sərhədlərinə hörmət edir, qərarlarında onlara seçmək hüququ tanıyır və hər bir problemi ünsiyyətlə həll edirəm. Ailədə qorxu deyil, güvən mühiti hakim olmalıdır və bizim ailə olduğumuz gündən bu mühit var”.
- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
Ş.Rəsulov: “50 illik iş həyatım var. Təbii ki, bunu işə daha çox vaxt sərf etməklə nail olmuşam. Buna görə də ailəyə və övladlarıma bu bölgüdə az vaxt düşüb. İndi geri dönüb baxanda işin gərginliyindən övladlarıma çox vaxt ayıra bilmədiyimə görə az da olsa təəssüf hissi keçirirəm. İndi mən və Leyla xanım təqaüddəyik, nəvələrimizə daha çox vaxt ayırmaqla o boşluğu doldurmağa çalışırıq”.
- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Ş.Rəsulov: “Ailə qurmağa hazırlaşan gənclər ilk növbədə maddi meyarlara deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər. Onlar həyatın çətinliklərindən qorxmamalı, dözümlü və səbirli olmalı, hər bir addımı həmişə birlikdə məsləhətləşərək atmalıdırlar.”
L.Rəsulova: “Gənclərə məsləhətim odur ki, qarşılaşdıqları hər bir problemdə bir-birlərinə arxa-dayaq olmağı bacarsınlar. Həm atalar, həm də analar övladlarının qarşısında bir-birinin nüfuzunu və hörmətini daim uca tutmalıdırlar. Ən əsası isə, uşaqlarını düzgün formalaşdırmaq üçün valideynlər özləri də pedaqoji və mənəvi cəhətdən daim inkişafda olmalıdırlar”.
Hörmətli Rəsulovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi