“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir
Paylaş:
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.
Layihəmizin növbəti qonağı Sabirabad rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Məhərrəmovlar ailəsidir.
Sevil Məhərrəmova 25 mart 1951-ci ildə Sabirabad rayonunda doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı ixtisasını bitirib. 1974-cü ildən Sabirabad rayonu Qalağayın kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışıb. Hazırda təqaüddədir.
Həyat yoldaşı Səmid Məhərrəmov 1946-ci ildə Sabirabad rayonunda anadan olub. Bakı Neft-Energetika Texnikumunu bitirib və energetika müfəttişi olaraq çalışıb. 1991-ci ildə vəfat edib.
Məhərrəmovlar ailəsinin 4 övladı (3 qız və 1 oğlan) və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, qazandıqları bilik və təcrübələrlə cəmiyyətin inkişafına töhfə verirlər.
Həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş, nümunəvi ömür yolu olan Sevil Məhərrəmovanın dəyərli fikirlərini sizlərə təqdim edirik.
Sevil xanım xoşbəxt evliliyin sirrinin qarşılıqlı hörmət, səbir və anlayış olduğunu bildirib: “Hər iki tərəf bir-birini dinləməyi və dəstəkləməyi bacarmalıdır. Çətin anlarda birlikdə qərar vermək münasibətləri daha da möhkəmləndirir. Sevgi və səmimiyyət isə bu bağın əsasını təşkil edir. Ailə daxilində anlaşılmazlıq olduqda sakit şəkildə danışmağa üstünlük veririk. Hər kəs öz fikrini sərbəst ifadə edir və qarşı tərəfi dinləməyə çalışır. Əsas məqsəd problemi böyütmək yox, həll etməkdir”.Uşaqların tərbiyəsi ilə bağlı: “Vətənə layiqli övlad yetişdirmək üçün ilk növbədə düzgün tərbiyə və mənəvi dəyərlər vacibdir. Uşaqlara vətənpərvərlik, dürüstlük və zəhmətkeşlik aşılanmalıdır. Onların təhsilinə və inkişafına daim diqqət yetirilməlidir. Valideyn nümunəsi isə bu yolda ən güclü təsirdir. Ailəmizdə valideyn-övlad münasibətləri qarşılıqlı hörmət üzərində qurulub. Uşaqların fikirləri nəzərə alınır və onlarla açıq ünsiyyət saxlanılır. Eyni zamanda, qaydalar və məsuliyyət hissi də aşılanır. Sevgi ilə yanaşı, intizam da qorunur”.
Ailə qurmaq istəyən gənclərə tövsiyəsi: “Gənclərə bir-birini yaxşı tanımağı tövsiyə edərdim. Qərar vermədən əvvəl ortaq dəyərlərin uyğunluğunu nəzərə almaq vacibdir. Maddi deyil, mənəvi uyğunluq daha önəmlidir. Qarşılıqlı hörmət və səbir ailənin təməlidir. Birlikdə vaxt keçirmək və ortaq məqsədlər müəyyənləşdirmək ailəni möhkəmləndirir. Hər iki tərəf ailənin davamlılığı üçün məsuliyyət hiss etməlidir”.
Hörmətli Məhərrəmovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi