“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir

22 aprel 2026 16:10

Paylaş:

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. 

Layihəmizin növbəti qonağı Ağdam rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Qarayevlər ailəsidir.         

Cəlil Qarayev 1953-cü ildə Ağdam rayonunun Güllücə kəndində müəllim ailəsində anadan olub. Bakı İncəsənət İnstitutunu və Moskva Dövlət Mədəniyyət və İncəsənət  İnstitutunu  bitirib. 1994-cü ilə qədər Güllücə kənd Mədəniyyət Evində rəssam kimi fəaliyyət göstərib, kəndin mədəni həyatında fəal iştirak edib.

Həyat yoldaşı Şəfiqə Qarayeva 1960-cı ildə Ağam rayonunun Güllücə kəndində anadan olub, orta təhsillidir, 2025-ci ilədək Güllücə kənd Mədəniyyət evində texniki işçi kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir.

48 ildir evli olan Qarayevlərin bu evlilikdən 6 övladı, 12 nəvəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin  rifahına öz töhfələrini verirlər.

Qarayevlər ailəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olaraq 1994-cü ildə Bərdə rayonu ərazisində yerləşən çadır şəhərciyində məskunlaşıblar.

Bütün çətinliklərə baxmayaraq, C.Qarayev sənətindən uzaq düşməyib, rəsm əsərləri yaratmağa davam edib. Əsərləri bu gün də mütəmadi olaraq müxtəlif sərgilərdə nümayiş olunur. Rəssamlıqla məşğul olmaq, tar alətində ifa etmək onun üçün daxili dünyasını ifadə etməyin, insanların qəlbinə yol tapmağın bir yoludur.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların portretlərini kətan üzərində işləyərək təmənnasız şəkildə ailələrinə təqdim edən C.Qarayev qeyd edib ki, “Bu işi mən özüm üçün sadəcə bir sənət nümunəsi deyil, vətəndaşlıq borcu, mənəvi məsuliyyət hesab edirəm. Düşünürəm ki, bu yolla şəhidlərimizin əziz xatirəsinə kiçik də olsa töhfə verirəm və bu, mənə dərin mənəvi rahatlıq, qürur hissi bəxş edir”.

Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.

- Xoşbəxt evliliyin sirri nədədir?

- Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət, etibar və anlayışdadır. Sevgi ailənin təməlidir, amma uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Biz ailədə ‘”mən” yox, “biz” anlayışını ön planda tuturuq.Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası, münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir.

  - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

- Hər ailədə olduğu kimi bizim ailəmizdə də bəzən fikir ayrılıqları olur. Bu, həyatın təbii bir hissəsidir. Əsas məsələ bu vəziyyəti necə idarə etməkdir. Biz çalışırıq ki, əsəbi halda qərar verməyək. Sakitləşdikdən sonra məsələni müzakirə edirik. Hər kəs öz fikrini açıq şəkildə bildirir və qarşı tərəfi dinləyir. Çox vaxt ortaq bir məxrəcə gəlmək mümkün olur. Ona görə də ailədə açıq və səmimi ünsiyyət çox vacibdir.   

- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

- Biz uşaqlara yalnız sözlə deyil, öz davranışımızla da tərbiyə veririk. Onlara diqqət, qayğı və sevgi göstərərək onların özünəinamını artırmışıq. Hər uşaq fərqlidir, buna görə fərdi yanaşma da çox önəmlidir. Uşaq ilk tərbiyəni ailədə alır və valideynin davranışı onun üçün ən böyük nümunə olur. Uşaqlara kiçik yaşlarından vətən sevgisi, dövlətə bağlılıq, milli dəyərlərə hörmət aşılanmalıdır. Bunun üçün valideyn özü də bu dəyərləri yaşatmalıdır. Eyni zamanda, uşağın təhsili, dünyagörüşü və ətraf mühitlə düzgün münasibəti də çox vacibdir. Yalnız savadlı deyil, həm də vətəninə faydalı, məsuliyyətli və vicdanlı vətəndaş yetişdirmək əsas məqsəd olmalıdır.

- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

- Münasibətlər qarşılıqlı hörmət və etibar üzərində qurulub. Biz uşaqlara sərt nəzarət etmək əvəzinə, düzgün istiqamət göstəririk. Biz çalışmışıq ki, uşaqlarla münasibətlərimiz qorxu üzərində deyil, etibar üzərində qurulsun. Uşaqlar bilməlidir ki, istənilən məsələdə gəlib valideyni ilə danışa bilərlər. Onların fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda düzgün istiqamət verməyə çalışırıq. Nəzarət var, amma bu nəzarət sərt qadağalar şəklində deyil, daha çox izah və yönləndirmə formasındadır.

- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

- Gənclərə tövsiyəmiz odur ki, ailə qurmaq qərarını düşünülmüş şəkildə versinlər. Sevgi kifayət deyil, hörmət, uyğunluq və məsuliyyət hissi vacibdir. Həyat yoldaşını yaxşı tanımaq, məqsədləri və gözləntiləri bölüşmək önəmlidir. Ailə qurmaq bir ömürlük qərardır və tələskənlik olmamalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir.

Hörmətli Qarayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.