“Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir

21 may 2026 11:24

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində sağlam və möhkəm təməllər üzərində qurulan, milli-mənəvi dəyərləri yaşadan nümunəvi ailələr ictimaiyyətə təqdim olunur.

Layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və gənc nəslin bu dəyərlər ruhunda formalaşmasına töhfə vermək, nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu  istiqamətdə təşviqat işini aparmaqdır. 

Layihənin növbəti qonağı Bakı şəhərinin Xəzər rayonunda yaşayan Məmmədovlar ailəsidir.

Şamil Məmmədov 1951-ci ildə anadan olub. Aviasiya Texniki Kolleci və Azərbaycan Texniki Universitetini bitirib. 58 il “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində çalışıb, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medal ilə təltif olunub, hazırda təqaüddədir.

Həyat yoldaşı Zümrüd Hüseynova 1944-cü ildə anadan olub. Rusiya Dövlət Aqrar Universiteti - Moskva Timiryazev Kənd Təsərrüfatı Akademiyasının "Torpaqşünaslıq və aqrokimya" fakültəsində təhsil alıb, Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunda elmi işçi kimi çalışıb. Hazırda təqaüddədir.

55 ildir evli olan Məmmədovlar ailəsinin 3 övladı, 5 nəvəsi, 3 nəticəsi var. Övladları müxtəlif peşələrdə çalışaraq ölkəmizin rifahına öz töhfələrini verirlər.

Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:

- Xoşbəxt evliliyin sirri nədədir?

Ş.Məmmədov: “Məncə, xoşbəxt ailənin əsasını qarşılıqlı anlayış və güzəşt təşkil edir. Ən vacibi isə həyat yoldaşı ilə dost ola bilməkdir. Sevgi və hörmət zamanla qorunub saxlanarsa, ailə daha da möhkəmlənir. Biz də həyat boyu qarşılaşdığımız çətinlikləri səbir və anlayışla aşmağa çalışmışıq. Hər zaman övladlarımıza nümunə olmağa və sağlam ailə mühiti yaratmağa çalışırıq”.

  - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

Z.Hüseynova: “Təbii ki, hər bir ailədə müəyyən anlaşılmazlıqlar olur. Əsas məsələ bu hallarda bir-birini dinləməyi bacarmaqdır. Biz ailədə hər kəsin fikrinə hörmətlə yanaşırıq və problemləri qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışırıq. Eyni zamanda, ailə üzvləri arasında etimadın olması bütün çətinliklərin daha asan aradan qalxmasına kömək edir”.

- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

Əvvəlcə valideyn özü övladına düzgün nümunə olmalıdır. Vətən sevgisi ailədən başlayır və bu hiss uşaqlara doğru şəkildə aşılanmalıdır. İnsan üçün ən dəyərli anlayışlardan biri vətəndir. Əgər insan vətənini sevirsə, onun inkişafı üçün çalışar. Vətənsiz insan küləklə sovrulan yarpaq kimidir, hara gedəcəyini özü belə bilməz. Vətən insanın həyatında əvəzolunmaz dəyərə malikdir. İnsan harada yaşamasından asılı olmayaraq, vətəninə bağlılığı ilə güclü olur. Bizi biz edən, kimliyimizi formalaşdıran ən vacib amillərdən biri məhz vətənimizdir. Buna görə də əsas məqsədimiz bu sevgini övladlarımıza  təbliğ etmək və onların da bu dəyərlərlə böyüməsinə nail olmaqdır.

- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

Övladlarımızla münasibətimizin əsasını qarşılıqlı hörmət və səmimi ünsiyyət təşkil edir. Biz çalışırıq ki, onlara təkcə valideyn kimi deyil, həm də dost kimi yanaşaq. Hesab edirik ki, valideyn səbirli və anlayışlı olmalı, övladının fikirlərinə dəyər verməlidir, çünki onlarda öz müstəqil ailələrinin idarəçisidirlər. Məhz bu yanaşma ailə daxilində sağlam münasibətlərin formalaşmasına şərait yaradır.

- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.

Geriyə baxdıqda düşünürük ki, bəlkə də övladlarımızın duyğularını daha rahat ifadə etmələri üçün daha çox imkan yarada bilərdik. Uşaq üçün ən vacib şeylərdən biri özünü təhlükəsiz və rahat hiss etməsidir və bu hissi ilk növbədə ailəsindən almalıdır. Ev onun üçün güvən və rahatlıq məkanı olmalıdır.

Eyni zamanda, düşünürük ki, uşaqlara daha çox sərbəstlik vermək, onların öz təcrübələrini qazanmasına imkan yaratmaq vacibdir. Bəzən səhv edərək öyrənmək də inkişafın bir hissəsidir. Valideyn olaraq əsas məqsəd uşağa hörmətlə yanaşmaq, onu incitməmək, fikirlərini dinləmək və onunla keyfiyyətli vaxt keçirməkdir. Gənc valideynlərə də məhz bu məqamlara diqqət etməyi tövsiyə edərdik.

- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

Ailə qurmağa hazırlaşan gənclərə tövsiyəmiz odur ki, münasibətlərində hər zaman anlayışlı və səbirli olsunlar. Sevgi və hörmət ailənin ən möhkəm dayaqlarıdır. Sağlam ailə dərin köklərə malik bir ağac kimidir, kökləri nə qədər möhkəm olsa, o qədər uzunömürlü olar. Əgər tərəflər bir-birinə qarşı dürüst və sadiq olarsa, belə ailə uzunömürlü və möhkəm olar. Sevginin olduğu yerdə gözəllik və harmoniya da olur. Qəlbində sevgi olan ailə hər zaman işıq saçan bir nümunəyə çevrilir. 

Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Məmmədovlar ailəsinə təşəkkürümüzü  bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.