“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Abdullayevlər ailəsidir

10 sentyabr 2026 17:35

Paylaş:

Aidə Abdullayeva 1967-ci ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olub. 1984-1987-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Saatlı şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb, 39 ildir ki, həmin məktəbdə pedaqoji fəaliyyət göstərərək gənc nəslin formalaşmasına töhfə verir.

Həyat yoldaş İlham  Abdullayev 1959-cu ildə Şuşa şəhərində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib, Aqrar Təsərrüfat və Statistika İdarəsində çalışıb. 2018-ci ildə vəfat edib.

Abdullayevlər ailəsinin 2 övladı, 5 nəvəsi var. Hər iki övladı ali təhsil alıb.

Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:

Xoşbəxt evliliyin sirri nədədir?

- Xoşbəxt evlilik yalnız birlikdə gülməkdən ibarət deyil, eyni zamanda çətin günlərində bir-birinin yanında olmaqdır. Biz yeni ailə quran zaman aramızda çox böyük sevgi olub və övladlarımızı sevgi ilə böyütmüşük. Lakin buna baxmayaraq çətinliklərimiz də olub ki, həmin çətinliklərin öhdəsindən birlikdə gəlmişik. Bir-birimizə daim hörmət etmişik.

Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə məsələni necə həll edirsiniz?

- Ailənin təməlində etibar, səbir və qarşılıqlı dəstək dayanmalıdır. Çalışmışıq ki, kənar söz-söhbətlər bizim ailəmizə mənfi təsir göstərməsin. Hər zaman bir-birimizə etibar etmişik, dəstək göstərmişik və səbirli olmuşuq.

Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

- Hər şey tərbiyədən asılıdır. Uşağa vətən sevgisini, ailə dəyərlərini körpəlikdən aşılamaq lazımdır. Övladları o ruhda tərbiyə etmək lazımdır.

Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

- Heç vaxt övladlarımıza ata-ana qorxusu ilə yaxınlaşmamışıq, onlara onu hiss etdirməmişik. Çalışmışıq övladlarımız bizimlə dost olsun, kənara yox bizə güvənsinlər. Bunlarla yanaşı tərbiyəni hər şeydən vacib bilmişik.

Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?

- Sevindirici haldır ki, geriyə dönüb baxanda təəssüf hissi keçirmirəm. Bu gün övladlarımız müsbət keyfiyyətləri ilə seçilirlər, verdiyimiz tərbiyəni öz ailələrinə də ötürürlər.

Ailə qurmaq istəyən gənclərə nə məsləhət görürsünüz?

- Gənclərimiz bir-birinin hörmətini saxlasınlar, qarşılıqlı sevsinlər, öz sevgilərini qorumağı bacarsınlar. Çətinliklərə qarşı birgə mübarizə aparsınlar, istər xoş gündə, istərsə də çətin günlərdə əl-ələ tutmağı bacarsınlar.

Hörmətli Abdullayevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.