"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailələrimizi tanıyaq" layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir
Ailənin başçısı Cəbrayıl Hüseynov 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində sadə zəhmətkeş ailəsində anadan olub. 1965-ci ildə Yuxarı Cülyan kənd 8 illik məktəbini,1975-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib. 1976-1978-ci illərdə ordu sıralarında olub. 1978-ci ildə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 19 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində sıravi yanğınsöndürən kimi işə başlayıb. 1983-cü ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Ali Hərbi Yanğınsöndürmə Mühəndisləri İnstitutuna qəbul olunub. 1987-ci ildə daxili xidmət xüsusi rütbəsi ilə oranı bitirib Şəki şəhərinə Dövlət Yanğın Nəzarəti inspektoru vəzifəsinə təyin edilib. 1992-ci ildə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinə rəis müavini vəzifəsinə təyin edilib. Hərbi xidmət mayorudur. 2008-ci ildə 30 illik hərbi stajla təqaüdə göndərilib. 1988-ci ildən Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq vətənimizin bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır. Cəbrayıl Hüseynov gənc yaşlarından yaradıcılıqla məşğul olur. Poeziyaya 1981-cii ildə gəlib. Daima yerli və mərkəzi mətbuat orqanlarında şer və məqalələrlə çıxış edib. "Bu da dünya işığı" şeirlər kitabının müəllifidir. Bir neçə almanaxda şeirlərindən nümunələr verilib. Şeirlərindən özbək dilinə tərcümələr edilib. İkinci kitabı çapa hazırlanır. 2018-ci ildən "Qızıl qələm" media mükafatçısı, 2020-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Həyat yoldaşı Rəhilə Hüseynova 1960-cı ildə Aşağı Cülyan kəndində anadan olub, orta təhsilidir, uzun illər mağazada satıcı işləyib.
40 ildir birgə ömür sürən bu ailənin 2 övladı, 2 nəvəsi var.
Oğlu - Azər Hüseynov Gəncə Dövlət Universitetinin psixologiya fakültəsinin bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni ixtisas üzrə magistr pilləsi üzrə təhsil alıb. 2013- cü ilin fevral ayında müsabiqə yolu ilə polis sıralarına qəbul olunub və təyinatla Qəbələ Rayon Polis şöbəsində xidmətə başlayıb. 2021-ci ilin yanvar ayından Polis Akademiyasında şəxsi heyətlə iş üzrə şöbədə psixoloq vəzifəsində işləyir, polis mayorudur. Doktoranturada təhsilini davam etdirir. Ailəlidir, bir övladı var. Həyat yoldaşı Şəbnəm Hüseynova Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 230 nömrəli məktəbdə psixoloq işləyir.
Qızı - Könül Hüseynova-Əşrəfova İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin kompüter mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirib, hazırda Sumqayıt Dövlət Universitetinin kompyuter mühəndisliyi fakultəsində qiyabi təhsil alır, IV kurs tələbəsidir. İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəridir. Ailəlidir, bir övladı var.
Bu dəyərli, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik:
- Xoşbəxt evliliyin sirri nədir?
Cəbrayıl Hüseynov: “Xoşbəxt evliliyin də, möhkəm ailənin də sirri səbrdir. Dözüm demirəm, səbr deyirəm. Şair necə gözəl deyib: Səbr elə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
- Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Rəhilə Hüseynova: Səbrlə, təmkinlə, problemi öz aramızda müzakirə etməklə. 40 ildir evliyik indiyədək bir sözümüzü anama, bacıma deməmişəm, yaxşımızı da özümüz bilmişik, pisimizi də.
- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
Cəbrayıl Hüseynov: “Özümüz nümunə olmaqla. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, müharibə veteranıyam. O illərdə uşaqlar balaca idilər, hər dəfə cəbhədən gələndə hökmən uşaqlara gördüklərimdən, Vətən torpağının müqəddəsliyindən, onu canımızla qorumağa borclu olduğumuzdan danışardım. Birdə ki, Vətən sevgisi doğulduğun evdən, yaşadığın kənddən başlayır. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək”.
- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
Cəbrayıl Hüseynov və Rəhilə Hüseynova: “Uşaq valideynlərini böyük kimi görməli, bilməlidir, yeri gələndə isə valideyn uşaqla dost, yoldaş olmağı bacarmalıdır.
- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
Cəbrayıl Hüseynov: “Nə mənim, nə Rəhilə xanımın lüğətində “kaş” sözü yoxdur, Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq”.
- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Rəhilə Hüseynova: “Sevməyə tələsməsinlər, seçsinlər, bir-birlərini tanısınlar. Mahnıda deyildiyi kimi, öz yarılarını tapsınlar ki, tam, bütöv, iki canda bir ola bilsinlər, bir ömür birgə olub, yanaşı addımlaya bilsinlər.
Cəbrayıl Hüseynov: “Evlilik məsələsində valideynlər tövsiyə etsinlər, amma yaxşı olar ki, təkid etməsinlər, son söz gənclərin olsun. Allah bütün valideynlərə övlad toyu, nəvə sevinci qismət etsin. Nəvə çox şirin olur:
Keçdim baharımdan, ötdüm yazımdan,
İndi gövdəm üstə pöhrələrim var.
Biri oğlumdandır, biri qızımdan,
Çiçəyə oxşayan nəvələrim var.
Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Hüseynovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi