“Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüş keçirildi

3 fevral 2026 17:08

Paylaş:

3 fevral 2026-cı il tarixində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib. O, gənclərin dövlət siyasətinin həyata keçirilməsində və insan kapitalının formalaşmasında əsas dayaq qüvvələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli proqramlar icra olunur. Aynur Sofiyeva eyni zamanda könüllülük fəaliyyətinin gənclərdə sosial məsuliyyət hissinin artırılması, qərarvermə mədəniyyətinin formalaşması və praktik təcrübənin qazanılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Aynur Sofiyeva, könüllülərin təcrübə proqramını uğurla başa vurduğunu vurğulayaraq, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Məzun könüllülərin bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib.

Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Yekunda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.