“Ailəm könüllüləri” Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri” proqramı iştirakçılarının Qəbələ rayonuna səfəri təşkil olunub.
Səfər zamanı gənclər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər.
Görüşdə “Ailəm könüllüləri”nin üç aylıq fəaliyyət dövründə əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə interaktiv yarış keçirilib.
Proqram çərçivəsində iştirakçıların dünyagörüşünün genişləndirilməsi məqsədilə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya da təşkil olunub. Burada gənclər arxeoloji eksponatlarla tanış olub, Azərbaycanın qədim tarixini əks etdirən maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə ediblər.
“Ailəm könüllüləri” proqramı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclərin ictimai fəallığının artırılması, onların sosial təşəbbüslərə cəlb olunması, eləcə də milli-mənəvi və ailə dəyərlərinin təbliği məqsədilə uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi