Ailəm könüllüləri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər

21 noyabr 2025 15:25

Paylaş:

21 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri”nin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə növbəti info-turu  olub.

Səfər zamanı Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova könüllüləri mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və göstərilən sosial xidmətlərlə tanış edib. O, mərkəzin uşaqların və ailələrin sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyətləri, psixososial dəstək proqramları və icma əsaslı təşəbbüsləri barədə ətraflı məlumat verib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və “Ailəm könüllüləri” proqramının koordinatoru Rafiq Mahmudov bildirib ki, bu kimi info-turların məqsədi gəncləri Komitənin regionlarda həyata keçirdiyi iş prosesi ilə yaxından tanış etməkdir. O vurğulayıb ki, belə tədbirlər gənclərin sosial sahədə baş verən proseslərə inteqrasiyasına, onların bilik və bacarıqlarının artırılmasına xidmət edir və bu fəaliyyətlər sistemli şəkildə davam etdirilir.

Səfər çərçivəsində könüllülər həmçinin mərkəzin əməkdaşları Ayşən Qafarzadə və Nasir Hüseynov tərəfindən keçirilən “Ailələrlə sosial iş” adlı təlimdə iştirak ediblər. Təlim zamanı ailələrlə işin əsas prinsipləri, sosial xidmətlərin təşkili, risk qrupları ilə işləmə metodları və praktiki sosial iş yanaşmaları barədə məlumat verilib.

Bundan əlavə, könüllülər üçün “Konstitusiya və Suverenlik” mövzusunda bilik yarışı təşkil olunub. Yarışın məqsədi gənclərin hüquqi maarifliliyini artırmaq, milli dəyərlər və dövlətçilik prinsipləri haqqında biliklərini möhkəmləndirmək olub.

Sonda Mərkəzin sosial işçi və psixoloqları tərəfindən könüllülərin sualları cavablandırılıb.