“Ailəm könüllüsü” Misir Məmmədov “ İlin Könüllüsü” seçilib
Paylaş:
4 dekabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində "Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da iştirak edib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü" mükafatı ilə təltif olunub. Onların arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailəm könüllüsü” Misir Məmmədov da yer alıb.
Forum zamanı iştirakçılar Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatların nümayiş olunduğu könüllü təşkilatlarının sərgisi ilə tanış olub, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyəti ilə bağlı hesabat videosu izləyiblər.
Qeyd edək ki, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq etmək və sosial məsuliyyətlərini artırmaq məqsədilə 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan Forum "Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi