“Avaza” Milli Turizm Zonasında “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadın Dialoqu keçirilib

9 oktyabr 2026 10:08

Paylaş:

Türkmənistanın Türkmənbaşı şəhərinin “Avaza” Milli Turizm Zonasında “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadın Dialoqu keçirilib.

Qadınların sülhün və təhlükəsizliyin təmin edilməsində, dövlət və ictimai həyatda, eləcə də davamlı inkişaf məqsədlərinə nail olunmasında iştirakının genişləndirilməsinə həsr olunan tədbir parlament və hökumət nümayəndələrini, BMT qurumlarının, digər beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin təmsilçilərini bir araya gətirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, deputat Tənzilə Rüstəmxanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak ediblər.

Türkmənistan Məclisinin sədri Dünyagözəl Gulmanovanın moderatorluğu ilə keçirilən açılış və plenar iclasda qadınların hüquq və imkanlarının genişləndirilməsi, qərar qəbuletmə proseslərində təmsilçiliyi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolu diqqət mərkəzində olub.

Forum çərçivəsində “Qadınların rifahının təmin edilməsi cəmiyyətdə sülhün möhkəmləndirilməsinin və davamlı inkişafın mühüm şərti kimi”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların hüquq və qanuni maraqlarının təmin edilməsi” və “Sülhün möhkəmləndirilməsində və davamlı inkişafda beynəlxalq hüququn əhəmiyyəti və qadınların rolu” mövzularında üç tematik sessiya keçirilib.

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Sülhün möhkəmləndirilməsində və davamlı inkişafda beynəlxalq hüququn əhəmiyyəti və qadınların rolu” mövzusunda sessiyada çıxış edib. BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi Syaotszyun Qreys Vanın moderatorluğu ilə keçirilən sessiyada qadınların hüquqlarının müdafiəsində beynəlxalq hüquqi mexanizmlərin əhəmiyyəti, sülh quruculuğunda və qərarların qəbulunda iştirakının genişləndirilməsi, eləcə də bu istiqamətlərdə təcrübə mübadiləsi müzakirə olunub.

Ceyran Rəhmətullayeva çıxışında qadınların sülh quruculuğunda və qərar qəbuletmə proseslərində fəal iştirakının davamlı inkişafın, sosial sabitliyin və ailələrin rifahının mühüm şərti olduğunu vurğulayıb. Davamlı sülhün beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanmalı olduğunu qeyd edib.

Azərbaycanın təcrübəsindən danışan aparat rəhbəri “Böyük Qayıdış” çərçivəsində qadınların və ailələrin sosial uyğunlaşması, iqtisadi imkanlarının bərpası, eləcə də Dövlət Komitəsinin həyata keçirdiyi psixososial dəstək və maarifləndirmə tədbirləri barədə məlumat verib. Həmçinin 2026–2028-ci illər üçün “Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı”na toxunaraq qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, rəqəmsal və yaşıl iqtisadiyyatda iştirakının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışın yekununda qadınların sülh quruculuğunda iştirakına dair təcrübə mübadiləsinin genişləndirilməsi, münaqişədən təsirlənmiş qadınlar və ailələrə dəstək, qadın sahibkarlar üçün mentorluq və yeni bacarıqların inkişafı sahələrində birgə təşəbbüslərin təşviqi təklif olunub.

Tədbirin sonunda yekun sənəd qəbul edilib.