Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramının məzunları ilə görüşüb
Paylaş:
3 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramını uğurla başa vuran gənclərlə görüşüb.
Öncə könüllülərin çoxşaxəli fəaliyyətini əks etdirən videohesabat nümayiş olunub.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması istiqamətində dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, könüllülük hərəkatı gənclərdə sosial məsuliyyət hissinin güclənməsinə və zəruri praktiki təcrübənin qazanılmasına xidmət edir.
Çıxışı zamanı dövlət ailə siyasətinin əsas istiqamətlərinə toxunan A.Sofiyeva, əlavə edib ki, bu siyasətin əsas məqsədlərindən biri ailələrin dayanıqlılığının gücləndirilməsi, ailə dəyərlərinin qorunmasına dəstək göstərilməsidir. O, dünyada gedən proseslər və dəyişən sosial münasibətlərin ailəyə yeni baxışın formalaşdırılmasını zəruri etdiyini deyib. Bu istiqamətdə ailə siyasəti ilə məşğul olan qurum kimi Dövlət Komitəsi tərəfindən ailə konsepsiyası üzərində iş aparıldığını qeyd edib.
Sədr müavini gənclərə könüllülük fəaliyyətinin şəxsi inkişaf və sosial məsuliyyət baxımından əhəmiyyətindən danışıb, məzun olan bütün “Ailəm könüllüləri” ilə gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini söyləyib.
Qarşılıqlı fikir mübadiləsi formatında davam edən görüşdə çıxış edən gənclər Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin onların nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, real iş mühitində zəruri bacarıqlar qazandırdığını bildiriblər. Yaradılan hərtərəfli şəraitə və göstərilən diqqətə görə Dövlət Komitəsi kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda könüllülərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 2026-cı il ərzində proqrama 432 gənc müraciət edib, onlardan 89 nəfəri könüllü adını qazanıb. Proqram çərçivəsində onlar müxtəlif təlimlərə qatılıb, praktiki təcrübə toplayıb, bir sıra yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak edib, eləcə də könüllü təşkilatlarının fəaliyyətinə töhfə veriblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi